PDF Oxu

Siyasət

  • 3 413

Azərbaycan İsrail üçün əsas regional oyunçu, dünya səviyyəli Gücdür ŞƏRH

Azərbaycan İsrail üçün əsas regional oyunçu, dünya səviyyəli Gücdür ŞƏRH

Azərbaycan, xüsusən də hər iki dövlətin ən çox ehtiyac duyduğu sektorlarda əməkdaşlığa görə, İsrail üçün əsas regional oyunçudur. Real vəziyyətdə ikitərəfli münasibətlərin dinamik səviyyəsinin yaxşılaşdırılması üçün ciddi potensial var. Bu potensialı reallaşdırmaq üçün hər iki tərəfdən sağlam və sülhyönümlü addımlar atılır. Bu addımlardan biri də bu il mayın 30-da İsrail Prezidenti cənab İsxak Hersoqun Azərbaycan Respublikasına rəsmi səfəridir. Bu hadisəni böyük ümidlə iki region - Yaxın Şərq və Cənubi Qafqaz üçün strateji əhəmiyyətli və vacib adlandırmaq olar. Bu, ilk növbədə onsuzda pozitiv qurulmuş diplomatik münasibətlərin daha gücləndirəcəyindən xəbər verir. Bu gün ölkələrimiz arasında əməkdaşlığın inkişafı və aktual istiqamətlər üzrə əhatə dairələrinin genişləndirilməsi üçün yaxşı imkanlar mövcuddur.

Azərbaycan Respublikasına rəsmi səfərə gələn İsrail Dövlətinin Prezidenti cənab İsxak Hersoqun mayın 30-da rəsmi qarşılanma mərasimindən sonra, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə təkbətək və geniş tərkibdə görüşü olub. Görüşdə Azərbaycanla İsrail arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olundu, cənab İsxak Hersoqun ölkəmizə səfərinin əlaqələrimizin genişlənməsi işinə töhfə verəcəyi vurğulandı. Səfər çərçivəsində dövlət Başçılarının iştirakı ilə “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə İsrail Dövlətinin Səhiyyə Nazirliyi arasında səhiyyə və tibb elmi sahələrində 2023-2028-ci illər üçün Əməkdaşlıq Planı” imzalanıb. Azərbaycan və İsrail Prezidentlərinin mətbuata bəyanatlarla çıxışlarında, hörmətli Qonağın səfərinin ölkələrimiz arasında sıx tərəfdaşlıq əlaqələrini nümayiş etdirilməsi və bu səfərin ikitərəfli əlaqələrimizin gücləndirəcəyinin əminliyi dövlətimizin başçısı tərəfindən vurğulandı. O cümlədən ölkələrimiz arasında mövcud, cox şahəli münasibətlərin səviyyəsi və gələcəkdə arzuolunan nəticələrdən söz açıldı. Cənab Prezident İsxak Hersoqun bəyanatında mühüm fikirlər səslənildi, o cümlədən Azərbaycana səfər etmək onun üçün və milləti üçün həyata keçən arzu olması, bu səfərin İsrail xalqı üçün və Azərbaycan xalqı ilə İsrail xalqı arasında birgə əlaqələr baxımından böyük əhəmiyyət kəsb etdiyini, əlaqələrimizin dərin köklərin olmasını və.s. Xüsusi məqam isə, İsrail Prezidentinin bu fikri oldu: Bizim ortaq baxışımız var, mən Azərbaycanın dünyada və regionda böyük təsirə malik olduğunu görürəm". Bu sözlər başda cənab Prezident İlham Əliyev olmaqla, bütün Azərbaycan xalqına göstərilən hörmətdən, dünyada Azərbaycanın nüfuzundan, ölkəmizin İsrail Dövlətinin gözündə dünyamiqyaslı oyunçu olmağındən xəbər verir.

Ümumiyyətlə, Azərbaycan – İsrail əlaqələri unikal tarixə malikdir və əlaqələrin inkişafında hər iki xalqın qarşılıqlı müsbət aurası fundamental rol oynayır. 1991-ci il dekabrın 25-də İsrail Azərbaycanın müstəqilliyini tanıdı və iki ölkə arasında diplomatik əlaqələr 1992-ci il aprelin 6-da quruldu. 1993-cü ilin avqustundan Azərbaycanda İsrail səfirliyi fəaliyyət göstərir. 29 mart 2023-cü il tarixində Təl-Əvivdə ölkəmizin İsraildəki səfirliyinin rəsmi açılışı olmuşdur. Azərbaycan-İsrail əlaqələri xalqlarımız arasında tarixən mövcud olan sıx dostluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanır. İstər Azərbaycanda, istərsə də İsraildə dini tolerantlıq münasibətlərin inkişafına əlavə təkan verən mühüm keyfiyyətlərdən biridir. İki ölkəni birləşdirən digər amil Azərbaycanda yəhudi diasporunun olması və Azərbaycanı tərk etmiş 80 mindən çox yəhudinin İsraildə məskunlaşmasıdır. Hazırda, Bakı şəhərində üç yəhudi sinaqoqu var. Bir sinaqoq isə, Azərbaycanın Quba rayonunda, dağ yəhudilərinin böyük icmasının yaşadığı Krasnaya Slobodada yerləşir. Bu, keçmiş Sovet İttifaqı ərazisində yəhudilərin kompakt yaşadığı yeganə yerdir. Azərbaycanda yəhudilərə həmişə yaxşı münasibət olub və burada heç vaxt antisemitizm faktları olmayıb, əksinə, ölkədə yəhudi irsinin qorunması üçün müxtəlif tədbirlər keçirilir. Sinaqoqlar vaxtında bərpa olunur və yaxşı vəziyyətdə saxlanılır. Azərbaycandakı unikal multikulturalizm modeli İsraildə yüksək qiymətləndirilir.

Azərbaycan-İsrail münasibətlərinin inkişafı müxtəlif mərhələlərdən keçərək bu gün tərifə layiq səviyyədədir. Əlbəttə, bu səviyyəyə çatmaqda şəxsiyyətlərin rolunu xüsusi qeyd etmək mütləqdir. Azərbaycanın sülhsevər və çoxmillətli ölkə olduğunu qeyd edən Ulu Öndər Heydər Əliyev bildirmişdir: “Azərbaycandakı yəhudilər əsrlər boyu azərbaycanlılarla dostluq və hörmət şəraitində yaşayıblar. Yəhudilər bu gün Azərbaycanın tamhüquqlu vətəndaşlarıdır, Azərbaycan isə onların Vətənidir. Bütün bunlar əməkdaşlığımız üçün yaxşı imkanlar yaradır”. Vaxtilə İsrailin keçmiş maliyyə və müdafiə naziri, ikitərəfli münasibətlərin inkişafının önündə gedən Aviqdor Liberman demişdi: "İsraillə Azərbaycan arasında münasibətlər qədim tarixə malikdir və hələ diplomatik münasibətlərin qurulmasında daha əvvəl başlamışdır. Demək olar ki, azərbaycanlılarla yəhudilər arasında münasibətlər uzun əsrlərdir davam edir. Yəhudilərin Azərbaycan torpağındakı kimi özlərinin rahat hiss etdiklərini, keçmiş SSRİ-nin başqa bir respublikasında çətin təsəvvür etmək olar. Yəhudilərə tolerantlıq və hörmət azərbaycanlıların qanındadır”.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də iki ölkə arasında əlaqələrin inkişafına böyük diqqət yetirir. O, İsrail liderləri ilə bir sıra görüşlər keçirib. 2006-cı ilin iyununda Astanada, 2008-ci il avqustun 10-da Pekində Olimpiya Oyunlarının açılış mərasimində və 2009-cu il yanvarın 30-da Davos İqtisadi Forumunda görüşmüşlər. 2009-cu il iyunun 28-29-da Azərbaycan-İsrail münasibətləri tarixində ilk dəfə olaraq İsrail Prezidenti, üç nazir və 50 iş adamından ibarət nümayəndə heyəti Azərbaycanda rəsmi səfərdə olub. İsrail Prezidentinin səfəri zamanı Azərbaycan və İsrail Prezidentlərinin iştirakı ilə iki saziş imzalanıb. Onlardan biri rabitə sahəsində, digəri isə təhsil, elm və texnologiya sahəsində əməkdaşlığı nəzərdə tuturdu.

Ölkəmizin İsraildə səfirliyinin açılması ikitərəfli münasibətlərin yeni səviyyəyə qalxmasının göstəricisidir. Digər tərəfdən, tərəfdaşlığın inkişafı üçün mühüm platformalar - Azərbaycan və İsrail arasında Birgə Komissiya, Azərbaycanın İsraildəki Ticarət Nümayəndəliyidir. Ölkələr ticarət-iqtisadi əməkdaşlığın gücləndirilməsi üzərində işləməkdə davam edirlər. İsrail Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. Ticarət dövriyyəmiz 1,7 milyard ABŞ dollarından çoxdur. Ölkələr investisiya, o cümlədən enerji, kənd təsərrüfatı, İKT, innovasiya, əczaçılıq, turizm və digər sahələrdə səmərəli əməkdaşlıq əlaqələri qurub. Son illər işgüzar dairələr arasında əlaqələrin genişləndirilməsi istiqamətində fəal iş aparılıb. İsrail şirkətləri ilə birgə investisiya layihələrinin həyata keçirilməsi istiqamətində işlər davam etdirilir. Sənaye zonaları, aqroparklar, su təsərrüfatı və digər sahələr çərçivəsində də İsrail şirkətləri ilə tərəfdaşlıq qurulub. Azərbaycan İsraillə innovativ inkişaf və rəqəmsal iqtisadiyyat sahələrində əməkdaşlığa xüsusi önəm verir. İsrail də öz növbəsində Azərbaycanla əlaqələrin genişləndirilməsinə önəm verir, İsrail şirkətləri müxtəlif sahələrdə tərəfdaşlıqda maraqlıdır. İqtisadiyyat, enerji, kənd təsərrüfatı, bərpa olunan enerji, investisiya, elm, təhsil, mədəniyyət, turizm, təhlükəsizlik və digər sahələrdə əməkdaşlığın inkişafı üçün geniş imkanlar var. Bundan əlavə, İsrailin su ehtiyatlarının idarə edilməsi və dəniz suyunun duzsuzlaşdırılması, səhralaşmanın qarşısının alınması, səhra və yarımsəhra şəraitində kənd təsərrüfatının inkişafı sahəsində təcrübəsi Azərbaycanda maraq doğurur.

Xalqımız üçün digər əlamətdar faktor - İsrail hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və uzun illər erməni işğalına qarşı çıxıb. 44 günlük Vətən Müharibəsi zamanı, 2020-ci ilin payızında İsrail Azərbaycanın mövqeyini açıq şəkildə dəstəklədi və Qarabağ münaqişəsi həll edildikdən dərhal sonra işğaldan azad edilmiş ərazilərin bərpası prosesində iştirak etməkdə maraqlı olduğunu bildirdi. Qarabağ və Şərqi Zəngəzuru minalardan təmizləmək üçün Azərbaycana ən mütərəqqi texnologiyalar verməyə hazır olduğunu bildirilib. İsrail şirkətləri bərpa və yenidənqurma işlərində, kənd təsərrüfatı, ağıllı şəhər layihəsi, enerji və biznes layihələrində fəal iştirak etməkdə maraqlıdırlar. Bakı İsrail tərəfinin mövqeyini və hərəkətlərini yüksək qiymətləndirir. Bütün dünyada olduğu kimi, Yaxın Şərqdə vəziyyət sürətlə dəyişir. Bu günə qədər əksər ərəb ölkələri İsraillə sülh müqavilələri imzalayıb və fəal iqtisadi əməkdaşlığı inkişaf etdirirlər. Azərbaycan Türkiyə ilə İsrail arasında siyasi əlaqələrin bərpasında mühüm vasitəçilik rolunu oynayır. Hər iki ölkədə Bakının mühüm rolu qeyd olunur. İsrail prezidenti İsxak Hersoqun Türkiyəyə son səfəri iki tərəfin Türkiyə - İsrail əlaqələrinin qurulması istiqamətində işləmək marağına işarə edib. Bu hadisə onu deməyə əsas verir ki, biz Azərbaycan, İsrail və Türkiyə arasında üçtərəfli səviyyədə sıx təmasların daha da inkişafı gözləniləndir və ciddi potensiala malikdir.

Masil Dəmirov

YAP Yasamal rayon təşkilatının fəal üzvü

Digər xəbərlər