PDF Oxu

Siyasət

  • 1 937

Laçının bu günü dövlət-xalq birliyinin təzahürüdür TƏHLİL

Laçının bu günü dövlət-xalq birliyinin təzahürüdür TƏHLİL

1992-ci ildə Laçın Ermənistan ordusu tərəfindən işğal olunanda da dövlət də var idi, xalq da. Xalq elə bugünkü xalq idi: qəhrəman, cəsarətli, qorxmaz, igid, vətənpərvər oğullar yetişdirən xalq. Lakin Azərbaycan dövlətinin ozamankı rəhbərliyi tam fərqli idi. Hakimiyyət uğrunda mübarizədən başqa heç nəyi ilə yadda qalmayan AXC-Müsavat cütlüyü bu xalqı şəxsi mənafelərinin qurbanına çevirmişdi. Onlara əbədi masa təklif edən böyük qardaşlarına elə canı-dildən inanmışdılar ki, bunun üçün bütün ölkəni, xalqı qurban verməyə hazır idilər. Elə qurban da verdilər.

Azərbaycanın baş tacı olan Qarabağ onların vəzifə hərisliyinin qurbanı oldu. Xalq öz ata-baba yurdunu, əbədi torpaqlarını müdafiəyə qalxdı. Minlərlə oğul və qızımızı şəhid verdik. Minlərlə övladımız cəbhədən sağlamlığını itirərək qayıtdı. Lakin nəticə etibarilə ərazi bütövlüyümüz pozuldu, torpaqlarımızın 20 faizdən çoxu planlı şəkildə ermənilərə verildi.

Heç bir texnikası, silah-sursatı olmayan əliyalın xalq son anadək erməninin qarşısına çıxdı. Canından keçəcəyini, lakin torpağından keçməyəcəyini bildirdi. Lakin torpaqlar satılmışdı. Ermənilərə ərazilərimizə girmək üçün ən optimal yollar göstərilmişdi. Bu səbəbdən də minlərlə şəhid versək də, torpaqlarımızı qurtara bilmədik.

1992-ci ildə edilən böyük səhvin əzablarını düz 30 ilə yaxın bir dövrdə yaşadıq. Biz məcburi qaçqın, köçkünlərimizlə acınacaqlı bir tale yaşamalı olduq. Ölkə iqtisadiyyatını çökdürən ozamankı hakimiyyət onun arxasınca Qarabağın işğalı ilə dövlətə dəyəri milyonlarla ölçülən ziyan vurdu. Azərbaycan uzun illər bu zərərlərin aradan qaldırılmasına çalışdı. AXC-Müsavat cütlüyünün səhvinin aradan qaldırılması, torpaqlarımızın düşməndən geri alınması, ərazi bütövlüyümüzün təmin edilməsi məqsədilə illərlə mübarizə aparıldı. Bu, elə də asan məsələ deyildi...

Öncə iqtisadiyyat, sonra ordu, daha sonra torpaqlar...

Azərbaycan çökmüş iqtisadiyyatı fonunda nə milli ordunun yaradılmasına, nə də torpaqların geri alınmasına nail ola bilərdi. Ölkə rifah halı aşağı səviyyədə olan xalqın, üstəlik, doğma ev-eşiyindən didərgin salınmış minlərlə məcburi köçkünün problemləri ilə üz-üzə qalmışdı.

Belə bir dövrdə Ümummilli Liderimiz Heydər Əliyev 20 yanvar 1990-cı ildə sovet imperiyasının Azərbaycanda törətdiyi qanlı faciədən sonra Moskvadan ölkəmizə qayıtdı. Ozamankı hakimiyyət vurğunları pis xisləti ilə onun Bakıda yaşamasına qarşı çıxdı. Belə olanda isə Ulu Öndər doğulduğu Naxçıvana qayıtmalı oldu. Və qayıtmasaydı, Naxçıvan da 90-cı illərin işğal planının qurbanı olacaqdı. Çünki 20 Yanvar hadisəsi fikirləri özünə yönəltməklə məhz Naxçıvanın işğalı üçün həyata keçirilmişdi.

Lakin Ulu Öndər naxçıvanlılarla birlikdə Naxçıvanı qorudu. Hələ üstəlik, Azərbaycanın müstəqilliyi üçün addımlar da məhz Naxçıvandan başlandı. Xalqın təkidi ilə hakimiyyətə dəvət olunan böyük şəxsiyyət Azərbaycanın çox ağır günlərində bu vəzifəni öhdəsinə götürdü. Tarix də, zaman da sübut etdi ki, Azərbaycanı o ağır vəziyyətdən yalnız Ulu Öndər xilas edə bilərdi.

Heydər Əliyev dövründə bütün mürtəce qüvvələr hakimiyyətdən uzaqlaşdırıldı. Onların ölkənin müxtəlif ərazilərində həyata keçirmək istədikləri qarşıdurmaların qarşısı alındı. Ölkə iqtisadiyyatı dirçəlməyə başladı. Bu zaman milli ordunun da yaradılması reallaşdı.

Ulu Öndər Azərbaycanda elə bir idarəetmə sistemi tətbiq etdi ki, bununla ölkəmiz qısa zaman ərzində hərtərəfli inkişafa qədəm qoydu. Bütün dünya Azərbaycanı tanıdı. İqtisadi müqavilələr ölkənin gələcək inkişafı xəttini müəyyənləşdirdi.1993-2003-cü illərin hər anında Ulu Öndərimiz bütün çıxışlarında, səfərləri zamanı Qarabağın Azərbaycanın əzəli torpaqları olduğundan bəhs edir və bu torpaqların bir gün azad ediləcəyini bildirirdi. Ermənistanı dəfələrlə sülhə dəvət edir, dünyanı bu problemin həllinə çağırırdı. Lakin Ermənistan danışıqlara gəlmir, dünya isə susmaq mövqeyində dayanırdı.

Ulu Öndərin arzusunda olduğu, lakin ömrün vəfasızlığından reallaşdıra bilmədiyi məsələlərin hər birini dövlətimizin başçısı cənab İlham Əliyev böyük uzaqgörənliklə həyata keçirdi. 2020-ci ilə qədər ötən 17 illik fəaliyyəti dövründə ölkənin hərtərəfli inkişafı ilə Qarabağın azad olunması məsələsi paralel şəkildə aparıldı. Qısa zamanda ölkə iqtisadiyyatı gücləndi, milli ordu quruculuğu sürətlə həyata keçirildi. Ordu quruculuğuna ayrılan vəsait Ermənistanın ümumi büdcəsindən artıq oldu.

Dövlətimizin başçısı bütün dünyanı Ermənistan-Azərbaycan probleminin sülh yolu ilə həllinə çağırdı. Dünyanın ən mötəbər kürsülərindən Qarabağın Azərbaycanın əzəli torpağı olduğunu tarixi reallıqlarla sübut edərək erməniləri susdurdu. Bütün dünyaya haqlı olduğumuzu sübut etdi.

2020-ci ilədək xalqa yeni il və digər bayramlarla bağlı müraciətlərində, səfərləri zamanı çıxışlarında Qarabağın ya danışıqlar yolu, ya da hərb yolu ilə bir gün alınacağını qətiyyətlə söylədi. Bütün bunlar isə xalqda inam yaratdı. Dövlət-xalq birliyi də məhz bu kimi proseslərdən sonra formalaşır. Xalq heç vaxt inanmadığı dövlət rəhbəri ilə həmrəy ola bilmir. Bunu AXC-Müsavat cütlüyünün Azərbaycana rəhbərliyi illərində gördük.

Lakin xalq cənab İlham Əliyevin ətrafında birləşdi. Çünki açıqca gördü ki, Azərbaycanı yox olmaq təhlükəsindən Ümummilli Lider Heydər Əliyev və onun siyasi varisi cənab İlham Əliyev qurtardı.

2020-ci il 27 sentyabr

Dövlətimizin başçısının vəd verdiyi o gün gəlib çatmışdı. 27 sentyabr 2020-ci il. Bu zaman Azərbaycan artıq 30 il əvvəlki Azərbaycan deyildi. Azərbaycan böyük iqtisadi gücə malik, dünyanın tanıdığı, hesablaşdığı, güclü milli ordusu olan, vətənpərvər gənclərə, xüsusilə də dövlət-xalq birliyi əsasında formalaşan həmrəyliyə malik bir ölkə idi.

Ermənistan isə 30 il əvvəlki təfəkkürdə qalmış bir ölkə idi. O, hələ də “böyük Ermənistan” xülyası ilə yaşayır, qeyri-sağlam təfəkkürü ilə Azərbaycanın gücünü görə bilmirdi. Bu səbəbdən də yeni torpaqlar işğal etmək arzusu ilə meydana atılmışdı. Elə İkinci Vətən müharibəsinin başlanma səbəbi də bu oldu. Yadımdadır, dövlətimizin başçısı 27 sentyabrda səhər saatlarında xalqa müraciət edəndə də bunu vurğulamışdı. Ermənilərin yeni torpaqlara iştahlandığını, lakin bunun son olduğunu bildirmişdi.

Beləliklə, 27 sentyabr 2020-ci ildə Ermənistanın 30 illik əməllərinə son qoymaq üçün müharibəyə başladıq. Elə mürharibənin ilk günləri Prezident İlham Əliyev bir neçə yüksəklik və kəndlərin geri alındığı müjdəsini verdi. Bu gündən həmin 44 günü nəzər salanda adamın ürəyi qürurla dolur. Hər kəs təsdiq edər ki, Azərbaycanda dövlət-xalq birliyi həmin günlərdəki qədər möhkəm, eyni zamanda xoş duyğularla dolu olmamışdı. Çünki müharibə idi. Hər an hadisələr bizim istədiyimiz kimi olmurdu. Hər an xoş xəbər eşitmirdik.

Dövlətimizin başçısının çağırışı ilə bütün xalq ayağa qalxmışdı. Hamı könüllü şəkildə cəbhəyə yollanmaq istəyirdi. Səfərbərlik idarələrinin qarşısı insanla dolu idi. Hər gün televiziya vasitəsilə hadisələri izləyir, “dövlət başçısının müraciəti olacaq” xəbərini alan kimi yenə müjdəli xəbər eşidəcəyimizə əmin olurduq. Beləliklə, 44 gün ərzində Prezidentimiz dəfələrlə xalqa müraciət etdi və ərazilərimizin işğaldan azad olunduğu xəbərlərini xalqına verdi.

Erməni ordusunun məhvi, 30 ildə yaratdıqları keçilməz müdafiə istehkamlarının yerlə yeksan edilməsi, onların Azərbaycan haqqında köhnə fikirlərinin alt-üst olması, hər gün bir qədər geri çəkilmələri, Azərbaycan ordusu qarşısında tab gətirə bilməmələri və müharibənin 44-cü günü Şuşanın azad olunmasından sonra məğlubiyyətlərini dərk edib kapitulyasiyaya gəlmələri bütün dünyaya xalqımızın gücünü, həmrəyliyini, dövlət başçısı, dəmir yumruq ətrafında sıx birləşməyimizi göstərdi. Dünya da bunu heyranlıqla qarşıladı. Dünənədək susanlar bu dəfə münasibətlərini bildirməyə başladı...

44 gün sonra müharibə bitdi. Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış birgə Bəyanatla Laçın, Kəlbəcər və Ağdam boşaldılmalı və Azərbaycana təhvil verilməli idi. Artıq dekabr ayının 1-də Laçın 30 ildən sonra anası Azərbaycana qovuşdu. Bu müjdəli xəbəri də ölkəmizin başçısı, Ali Baş Komandan cənab İlham Əliyevdən aldıq: “Böyük sevinc hissi ilə bildirirəm ki, Laçın rayonu işğaldan azad olundu. Bütün Azərbaycan xalqını bu münasibətlə ürəkdən təbrik edirəm. Laçın rayonunun işğaldan azad olunması tarixi hadisədir. Özü də bir güllə atmadan biz Laçın rayonunu qaytardıq. Düşməni buna məcbur etdik. Döyüş meydanında əldə edilmiş parlaq qələbə bu gözəl nəticəyə gətirib çıxardı ki, üç rayonumuz – Ağdam, Kəlbəcər və Laçın bizə qaytarıldı. Biz bu rayonları bir güllə atmadan, bir şəhid vermədən qaytarmışıq”.

Laçına bərabər Laçın dəhlizi

Laçın dəhlizi ermənilər üçün olduqca böyük əhəmiyyətə malik idi. Bu, 1992-ci ilin mayında Azərbaycan Respublikasının ərazisində erməni qüvvələri tərəfindən Qarabağın qondarma “Dağlıq Qarabağ Respublikası” ilə Ermənistan Respublikası arasında açılan dəhlizdir. Uzun illər boyu fəaliyyət göstərən bu dəhliz Ermənistanı Qarabağın dağlıq hissəsinə birləşdirən yeganə təchizat və təminat yolu olaraq Qarabağ müharibəsinin ilk mərhələsində Ermənistanla separatçılar arasında “nəfəs borusu” rolunu oynayıb. Həm müharibə dövrü, həm də ikinci yol çəkilənə qədər Ermənistan Qarabağın bütün hərbi, texniki və mülki təchizatını bu yol vasitəsilə həyata keçirib. Məhz buna görə də Laçın ərazisinin Azərbaycana qaytarılması və ya heç olmasa bu dəhlizin erməni tərəfinin hərəkəti üçün bağlanılması, Ermənistanı Qarabağ ərazilərinə nəzarətdən məhrum edirdi. Bu dəhlizdən qondarma Dağlıq Qarabağ Respublikası Ermənistana böyük miqdarda ərzaq və digər materiallar keçirir, əvəzində isə Ermənistan Respublikası Dağlıq Qarabağ Respublikasından elektrik alırdı. Bir sözlə, Laçın dəhlizi olmadan Qarabağ, Şuşa ola bilməzdi onlar üçün. Ona görə də burada mövqelərini gücləndirmişdilər. Lakin bir zamanlar öz əlləri ilə başqasının torpağında, Laçın şəhərinin tən ortasından açdıqları dəhliz, sən demə, qarşıdakı illərdə ölkəmizin rəhbəri tərəfindən onların ölüm tunelinə çevriləcəkdi. Çevrildi də. Ermənilərin Laçından çıxması görüntülərini televiziya vasitəsilə izləyənlər bunun bir daha şahidi oldular ki, onların nəfəs boruları tıxanmışdı. Çünki Laçın dəhlizi əllərindən çıxırdı, deməli, həyat onları tərk edirdi.

Azərbaycan Respublikası Prezidentinin xalqa müraciətindən: “Laçın rayonunun strateji əhəmiyyəti, eyni zamanda ondan ibarətdir ki, rayon ərazisindən və Laçın şəhərinin içi ilə Laçın dəhlizi keçir. Bildiyiniz kimi, bu dəhliz Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə verilibdir. Dəhliz uzun illər erməni silahlı qüvvələrinin, işğalçıların nəzarətində idi. Deyə bilərəm ki, noyabrın 10-da imzalanmış birgə Bəyanatın ilkin versiyasında bu dəhlizin erməni silahlı qüvvələrinin nəzarətində qalması ilə əlaqədar müddəa var idi. Mən buna etiraz etdim və nəticədə, bu dəhliz Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə verilmişdir. Hesab edirəm ki, bu, çox böyük nailiyyətdir. Laçın dəhlizi erməni işğalçı qüvvələrindən təmizlənib. Onu da bildirməliyəm ki, Bəyanatın ilkin versiyasının üzərində fəal işlər gedirdi, xüsusilə Şuşa şəhəri işğaldan azad olunandan sonra qısa müddət ərzində. Bəyanatın ilkin versiyasında bizə təklif edilirdi ki, Laçın dəhlizinin eni 30 kilometr olsun. Mən buna qəti etiraz etdim və dedim ki, Ermənistan tərəfinin bu iddiası tamamilə əsassızdır. Dəhliz çərçivəsində təhlükəsizlik tədbirlərini təmin etmək üçün bu qədər geniş dəhlizə ehtiyac yoxdur. Ona görə mən bunu tamamilə qəbuledilməz təklif kimi hesab etdim və öz fikrimi bildirdim. Ondan sonra ikinci variantda Laçın dəhlizinin eni 10 kilometr nəzərdə tutulurdu. Buna da mən razılıq vermədim və nəticədə, 5 kilometr eni olan dəhliz haqqında razılıq əldə edildi. Beş kilometr həm bizim üçün, həm Dağlıq Qarabağda yaşayan ermənilər üçün və təhlükəsizliyi təmin etmək üçün kifayət qədər məsafəni əhatə edir”.

Dövlətimizin başçısı onu da vurğulayırdı ki, uzun illər ərzində - 30 ilə yaxın aparılan danışıqlarda Laçın rayonunun Azərbaycana qaytarılması, xüsusilə Laçın dəhlizi ilə bağlı olan məsələ həmişə çox önəmli və ayrı bir mövzu kimi müzakirə olunurdu. Ermənistan tərəfi, ümumiyyətlə, hesab edirdi ki, bütün Laçın rayonu onlara dəhliz kimi verilməlidir. Əfsuslar olsun ki, bəzi Qərb dairələri bu mövqeyi dəstəkləyirdi. Bu da Ermənistanın mövqeyini daha barışmaz edirdi və demək olar ki, düşmən tamamilə azğınlaşmışdı. Bunun nəticəsində, məhz Laçın rayonunda çox ciddi məskunlaşma siyasəti aparılırdı. İşğaldan azad edilmiş digər yerlərdə qanunsuz məskunlaşma baş verirdi, amma bu dərəcədə yox, bu həcmdə yox.

Beləliklə Laçının işğaldan azad olunması ikiqat qələbə sevincini bizə bəxş etdi. Ölkəmizin başçısının uzun illər apardığı danışıqların, həyata keçirdiyi tədbirlərin nəticəsi olaraq bu qədər böyük əhəmiyyətə malik olan yurd yerimiz ermənilərin və onların havadarlarının istəklərinin əksi olaraq geri qaytarıldı. Laçın ermənilərə göz dağı oldu.

Laçına Qayıdış-qürur üzərinə qürur

Müharibənin Zəfərlə bitməsi xalqımıza böyük qürur hissi yaşatdı. O gündən bu günə kimi isə onlarla belə qürurlu anlar yaşamışıq. Qürurlu anlardan birini də may ayının 28-də Laçın 31 il sonra doğma sakinlərini qoynuna alanda yaşadıq.

Prezident İlham Əliyevin Laçın şəhərinə qayıdan əhali ilə görüşündəki çıxışı böyük tarixi faktlar toplusudur. Kəlmə-kəlmə dinlədiyimiz dəyərli fikirlər bizi yenidən 44 günə apardı. Lakin burada bir fərq vardı. Biz artıq bu fikirləri Ermənistan üzərində tam qələbəni qazanmış müzəffər Ali Baş Komandandan dinləyirdik.

Prezident evlərin açarlarını Laçın sakinlərinə təqdim etdi və dedi: Əziz laçınlılar, siz uzun illər əzab içində yaşamısınız, həm fiziki, həm mənəvi, ağır şəraitdə, yataqxanalarda, vaqonlarda, çadır şəhərciklərində. Ondan daha ağırı mənəvi əzab idi. Yəni, öz doğma torpağına qayıda bilməmək əzabı dəhşətlidir. Bunu hər kəs başa düşməlidir və başa düşür. Mən dəfələrlə həm Laçından, həm də o vaxt işğal edilmiş digər rayonlardan köçkünlərlə görüşəndə onlara ürək-dirək verirdim, deyirdim ki, qayıdacağıq, qayıdacağıq! Görürdüm ki, son vaxtlar ümidlər bir az səngiyir, bu da təbiidir. Yəni, 30 ilə yaxın. Bunu anlamaq olar. Amma deyə bilmirdim ki, nə vaxt qayıdacağıq. Necə deyə bilərdim? Amma bilirdim ki, qayıdacağıq və əgər indi 11 il bundan əvvəlki görüşün videoyazısına baxsanız, görərsiniz demişdim ki, qayıdacağıq və Laçında daha gözəl evlər tikiləcək. Bax, belə də oldu. Ona görə sizin üçün və sizin kimi keçmiş köçkünlər üçün şərait ən yaxşı olmalıdır, ən gözəl olmalıdır ki, siz uzun əzablı illərdən sonra burada rahat yaşayasınız. Biz çalışacağıq ki, bunu bundan sonra da təmin edək.

Mən sizi həm qayıtmağınız, həm də bayram münasibətilə təbrik edirəm, sizə cansağlığı, uğurlar arzulayıram.

Dövlətimizin başçısı daha sonra vurğuladı: Bu gün yeni Laçın şəhərinin yeni siması müstəqilliyimizin nə qədər güclü olmasını bir daha göstərir. Çünki cəmi 7-8 ay ərzində şəhərin böyük hissəsi tamamilə yenidən qurulub və sizin sərəncamınıza verilir. İlk 20 ailə artıq dünəndən Laçında yerləşibdir və iyun ayının sonuna qədər əlavə bir çox ailələr gələcək. Beləliklə, birinci mərhələdə Laçında 4 minə yaxın, bəlkə də çox insan yaşayacaqdır.

Bütövlükdə 7-8 ay ərzində 700 bina inşa edilib, onlardan 620-si fərdi yaşayış binası, 9 çoxmənzilli bina və orada 144 mənzil hazırlanıbdır. Beləliklə, artıq 764 ailə Laçın şəhərində yaşaya bilər. Amma bu, hələ tam proqramımız deyil. Laçın şəhərinin Baş planı hazırlanıb və bu gün təqdim ediləcək. Laçın şəhərində ikinci mərhələdə görüləcək işlərlə bağlı bizim çox dəqiq təsəvvürümüz var və beləliklə, hesab edirəm ki, ilin sonuna qədər daha çox insan Laçında yaşaya biləcək.

Bununla paralel olaraq indi tibb məntəqəsi hazırlanır. Məktəb yeni dərs ili üçün hazır olacaq, bütün digər lazımi şərait yaradılır. Dünən mənə göstərilən təqdimatda gördüm ki, onlarla müəssisənin yaradılması nəzərdə tutulur. Artıq Aqro və Sənaye Parkı yaradılmaqdadır, 1100-dən çox iş yeri yaradılacaq. Yəni, burada həm yaşamaq, həm işləmək üçün bütün şərait yaradılır və gördüyünüz kimi, bu gün Laçın şəhəri dünyanın ən gözəl şəhərlərindən birinə çevrilibdir.

Laçın-cənnətin təsviri...

Torpaq şərəf, namusdur. Azərbaycan xalqı müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə milli ordumuzun sayəsində tarixi torpaqlarına qovuşdu və illərlə üzünə vurulan “sizin də torpaqlarınız erməni işğalı altındadır” töhmətindən azad oldu. Eyni zamanda namus və şərəf məsələsini həll etdi.

Həqiqətən bir sərkərdə üçün xalqına itirdiyi torpağı azad edib qaytarmaqdan böyük xoşbəxtlik ola bilməz. Bu xoşbəxtlik Heydər Əliyev siyasətinin davamçısı, Ulu Öndərin siyasi və mənəvi varisi, ata vəsiyyətini böyük qətiyyətlə yerinə yetirən cənab İlham Əliyevə nəsib oldu. Tarix 1990-cı illərdə torpaqlarımızı satanları öz qara səhifələrinə yazdı. 2020-ci ildə həmin torpaqları böyük əzmlə geri alanları isə ən parlaq səhifələrinə əks etdirdi. Bundan böyük səadət ola bilməz ki, bir xalqın tarixində əbədiyyən yaşayasan.

Qədim Laçın və yurdun əzəli sakinləri bu gün yurdlarının azadlığı, bərpası və artıq Böyük Qayıdışa başladıqları üçün müzəffər Ali Baş Komandana minnətdardırlar. Onlar cənnət ata-baba torpaqlarının, doğma ev-eşiklərinin artıq əbədi sakinləridir.

Sakinlərlə görüşündə dövlətimizin başçısının daha bir dəyərli fikri isə Laçının gözəlliyini xarakterizə etdi: Biz öz doğma torpaqlarımızı işğalçılardan azad edəndən sonra mən demişdim ki, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Cənnətin əgər təsviri varsa, bu gün bax, budur. Gözəl təbiət, əzəmətli dağlar, gözəl binalar, evlər – hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun.

Cənnətin təsviri Laçın hələ qarşıda bütün sakinlərini qarşıladıqca daha gözəl görünəcək. Çünki yurd yurddaşı ilə həqiqətən bir cənnətdir...

Mətanət Məmmədova

Digər xəbərlər