PDF Oxu

Siyasət

  • 2 192

Dövlətin və xalqın xilaskarı TƏHLİL

Dövlətin və xalqın xilaskarı TƏHLİL

Azərbaycan dövlətini dünya dövlətləri arasında irəli çıxaran, ölkəmizi parçalanmaq təhlükəsindən xilas edən, respublikamızın inkişafına möhkəm zəmin yaradan Ulu Öndər Heydər Əliyevin siyasi kursu nəticəsində, Azərbaycan özünün müstəqilliyinin sütunlarını möhkəmlətdi, onun dünyaya inteqrasiya olunmasına töhfələrini verdi. Ümummilli Liderin siyasi zəkasının məhsulu olan qüdrətli Azərbaycan bu gün öz inkişaf tempinə görə, dünyanın lider dövlətləri sırasındadır. Ulu Öndərin fəaliyyəti nəticəsində Azərbaycanda müasir, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu sisteminin formalaşmasına nail olunub. Müasir Azərbaycanda vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə qayıdış, elm, təhsil və mədəniyyətin inkişafı, məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan ictimai-siyasi sabitliyə nail olub, dövlətçiliyimiz məhv olmaq təhlükəsindən xilas edilib. Düşünülmüş və məqsədyönlü siyasəti ilə Azərbaycanı dünya birliyinin fəal üzvünə çevirən, bugünki uğurlarımız üçün möhkəm baza yaradan Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının tarxində böyük rolu vardır. Onun hər addımı ölkəmizin inkişaf tarixinə biri-birindən əhəmiyyətli uğur səhifələrini yazıb. 1969-cu ildə Azərbaycana rəhbərlik etdiyi dövrdən etibarən, Azərbaycanın iqtisadi inkişafının əsaslarının yaradılması, zəngin iqtisadi potensialının ölkənin gələcək inkişafına və xalqın rifahının yüksəlməsinə yönəldilməsi prosesinə başlanılıb. Ulu Öndər Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinə rəhbərlik etdiyi dövr ərzində respublikanı geridə qalmış və yalnız xammal mənbəyi sayılan aqrar respublikadan inkişaf etmiş sənaye respublikasına çevirməyə müvəffəq olub. Kənd təsərrüfatının və sənayenin, iqtisadiyyatın digər sahələrinin inkişafında, sosial məsələlərin həllində və əhalinin rifah halının yaxşılaşdırılmasında böyük irəliləyiş əldə edilib. Böyük Siyasətçi iqtisadiyyat, o cümlədən, kənd təsərrüfatı və mədəniyyətin müxtəlif sahələrində vətəninin, xalqının inkişafı üçün zəruri olan ən vacib məsələlər barədə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosu, Mərkəzi Komitənin plenumları, Kommunist Partiyasının qurultayları səviyyəsində əlverişli qərarlar qəbul edilməsinə nail olur. Azərbaycanı özü-özünü təmin edə bilən, müstəqil yaşamağa qadir olan və elmi-texniki cəhətdən yüksək tərəqqi etmiş bir ölkəyə çevirmək yolunda qətiyyətli yorulmadan çalışırdı. Qısa bir zaman məsafəsində bütövlükdə, respublika ərazisində yüzlərlə zavod, fabrik və istehsalat sahələri yaradıldı. 213 iri sənaye müəssisəsi işə salındı. Bir çox mühüm istehsal sahələrinə görə Azərbaycan Sovet İttifaqında aparıcı yerlərdən birini tuturdu. Azərbaycanda istehsal olunan 350 adda məhsul dünyanın 65 ölkəsinə ixrac olunurdu. Bu illərdə istehsal olunan sənaye məhsulları öz həcminə görə əvvəlki 50 ildəkinə bərabər idi.

AZƏRBAYCAN CƏMİYYƏTİNDƏ DÖVLƏTÇİLİK İDEYALARININ BƏRQƏRAR OLMASI

1990-cı illərin əvvəlləri Azərbaycan dövrünün ağır günlərini yaşayırdı. Bir tərəfdən, separatçı qüvvələr və onların himayədarları ölkəmizi parçalayır, digər tərəfdən, iqtisadiyyatımız tamamilə dağılmışdır. Şəhər və kəndlərimiz bir-birinin ardınca işğal edilirdi. Müstəqilliyimizin ilk illərində hakimiyyətdə olan və bir-birini əvəz edən səriştəsiz siyasi qüvvələr respublikadakı vəziyyəti daha da ağırlaşdıraraq təhlükəli böhran vəziyyətinə çatdırmışdılar. Ölkəni bürümüş dərin siyasi, iqtisadi, sosial böhran xalqın qabaqcıl hissəsi olan ziyalıları, tanınmış insanları son dərəcə narahat edirdi. Xalqı bütövlükdə, uçuruma sürükləyən məqamlar istər ölkə daxilində, istərsə də xaricində onun sütunlarını zəiflətməyə başlamışdı. İqtisadiyyatımız böhranlı vəziyyətə gəlib çatmış, işsizlik, demək olar ki, kütləvi hal almışdı. Bunun nəticəsi olaraq əhalinin yaşayış səviyyəsi minimum səviyyəyə çatmışdı. Ölkənin ictimai-siyasi həyatında anarxiya, xaos hökm sürürdü. 15 İyun 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkəni düçar olduğu vəziyyətdən çıxardı. Ölkəmiz demokratiya, hüquqi dövlət quruculuğu yolu ilə irəlilədi, xalq birliyi yarandı. Azərbaycan cəmiyyətində dövlətçilik ideyalarının bərqərar olması fundamental mahiyyət kəsb etməyə başladı.
Dahi Öndər Heydər Əliyev Ona etimad göstərənlərin ümidini tez bir zamanda doğrultdu. 15 iyun 1993-cü il tarixində baş verən hadisə - Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın müstəqil həyatının yeni səhifələrini yazdı. Tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu və dövlətçiliyimizi yox olmaq təhlükəsindən qurtardı. Ulu Öndər Heydər Əliyev respublikanın müstəqilliyini qorudu, ölkədə tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. Müstəqil Azərbaycanın Qurucusu Heydər Əliyev ən yeni tariximizin çətin anlarından şərəflə çıxaraq, müstəqilliyimizin gerçəkləşməsində və ictimai-siyasi həyatımızın bütün istiqamətləri üzrə inkişafın təmin edilməsində qarant rolunu oynadı. Ölkəmizdə iqtisadi sabitliyin təmin edilməsi və tənəzzülə uğramasının qarşısının alınması, yeni dövrün tələblərinə uyğun tərzdə islahatların həyata keçirilməsi önəmli idi ki, Heydər Əliyev də müdrikcəsinə dövrün irəli sürdüyü bu tələbləri müstəqil Azərbaycan dövlətində ardıcıl şəkildə həyata keçirdi və ölkəmizdə yeni iqtisadi mühit, azad bazar iqtisadiyyatı formalaşdı. Sonrakı dövrlərdə Azərbaycan vətəndaşlarının sosial durumunun yaxşılaşdırılması ilə bərabər, dövlət quruculuğu siyasətinin ardıcıl surətdə həyata keçirilməsi, Azərbaycan dövlətinin beynəlxalq nüfuzunun artırılması istiqamətində addımlar atıldı.
1994-cü ildə "Əsrin Müqaviləsi"nin imzalanması milli iqtisadi inkişafın təməlini qoydu. Əlbəttə, "Əsrin Müqaviləsi"nin imzalanması tarixi hadisə və dönüş nöqtəsi idi. Azərbaycanın "Əsrin Müqaviləsi"ndən başlanan yolu haqqında Ümummilli Lider Heydər Əliyev belə deyib: "1994-cü ildən Azərbaycan dövləti özünün yeni neft strategiyasını həyata keçirir və bu strategiyasının da əsas mənası, əsas prinsipləri Azərbaycanın zəngin təbii sərvətlərindən, o cümlədən, neft və qaz sərvətlərindən Azərbaycan xalqının rifahı naminə daha səmərəli istifadə etməkdən ibarətdir".
"Əsrin Müqaviləsi"nin tərəfdaşı olan ölkələrin, demək olar ki, hər biri dünyada böyük nüfuza və gücə malik ölkə idi. Həmin dövr üçün bu ölkələrin Azərbaycanın tərəfdaşına çevrilmələri təhlükəsizliyimizin təminatına səbəb olan amillərdəndir. Bu müqavilə Azərbaycanın dövlət təhlükəsizliyinin təminatçısına çevrildi. Nəinki regionda, qlobal miqyasda nəhəng neft kəməri olan Bakı-Tbilisi-Ceyhanın əsası qoyuldu. "Əsrin Müqaviləsi" sayəsində Azərbaycana birbaşa investisiyalar qoyuldu və ölkəmiz dünya bazarında iqtisadi müttəfiq kimi tanındı. Bununla yanaşı, Azərbaycan beynəlxalq hüquq müstəvisində iqtisadi maraqlarını və iqtisadi hüquqlarını qorumağa başladı. Ulu Öndərin Azərbaycan dövlətçiliyi qarşısında tarixi xidmətlərindən biri də dövlət quruculuğunun hüquqi bazasının yaradılması oldu. Belə ki, 1995-ci ildə qəbul olunmuş Konstitusiya Azərbaycan Respublikasının dövlət quruculuğunun əsaslarını formalaşdırdı. Azərbaycan demokratik-hüquqi və dünyəvi dövlət kimi, ilk dəfə olaraq, insan hüquqlarının prioritetliyini və hakimiyyət bölgüsünü özünün gələcək inkişaf yolu kimi seçdi. Dahi Öndər Heydər Əliyevin müəllifliyi ilə hazırlanmış və ümumxalq səsverməsi nəticəsində qəbul olunmuş bu ali Sənəd müstəqil Azərbaycan Konstitusiyası kimi tarixə yazıldı. 1995-ci ildə müstəqil Azərbaycanın ilk parlamentinə keçirilən seçkilər isə dövlət müstəqilliyinin möhkəmləndirilməsi prosesinin hüquqi bazasının yaradılmasına daha geniş imkanlar açdı.

YENİ NAİLİYYƏTLƏRLƏ MÜŞAHİDƏ OLUNAN SÜRƏTLİ İNKİŞAF MƏRHƏLƏSİ

Bu gün Azərbaycan sürətlə inkişaf edən ölkəyə çevrilib. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan siyasi və iqtisadi müstəqilliyini möhkəmləndirib, dövlətçiliyini inkişaf etdirib, demokratik dəyərlərə yiyələnib və özünün liberal prinsiplərə əsaslanan iqtisadi modelini yaradıb. Respublikamız, eyni zamanda, bütün dünyaya nümunə ola biləcək yeni geoiqtisadi güc mərkəzi modelini yaradıb. Azərbaycan qarşıdakı onilliyin inkişaf istiqamətlərini müəyyənləşdirib. Qarşıdakı dövrün layihələri ümidverici və irəliyə baxmaq üçün stimulvericidir.
Azərbaycanda bu gün müstəqil dövlətçilik ənənələri formalaşdırılmışdır və şübhəsiz ki, bu mühüm nailiyyətin əldə edilməsində Ümummilli Lider Heydər Əliyevin fədakar xidmətlərinin müstəsna əhəmiyyəti vardır. Onun siyasi xadim olaraq yürütdüyü siyasətin başlıca qayəsi Azərbaycanı hər bir vətəndaşının təhlükəsizliyini qoruya biləcək qədər qüdrətli dövlətə çevirmək olmuşdur. Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin siyasi xəttinə sadiqdir. Azərbaycan durmadan yüksəlir, inkişaf edir və uğurlar qazanır. 2003-cü ildən etibarən Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasəti, məqsədyönlü islahatlar proqramı ölkəmizin bütün sahələrdə yeni nailiyyətlərlə müşahidə olunan sürətli inkişaf mərhələsinə qədəm qoymasına səbəb olub. Müasir yanaşmalar və milli iqtisadi prioritetlər əsasında mükəmməl islahatlar konsepsiyasının reallaşdırılması nəticəsində Azərbaycan son illərdə yüksək inkişaf templərinə görə dünyanın lider dövlətləri sırasındadır. Bu gün Azərbaycanı 1990-cı illərin əvvəli ilə müqayisə etmək mümkün deyil. Əgər Azərbaycanın müstəqilliyinin ilk illərində baş verən hadisələrin qarşısı alınmasaydı və Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı olmasa idi, əlbəttə ki, bu günün Azərbaycan reallıqlarından belə söhbət açıla bilməzdi. Bu gün müasir Azərbaycanda nəhəng enerji layihələri, ölkənin hər yerində abadlaşma, müasirləşmə, ölkənin dünyada tanınması və milli maraqlara xidmət edən çoxsaylı tədbirlər keçirilir. Həyata keçirilən çoxtərəfli və balanslaşdırılmış xarici siyasət nəticəsində, Azərbaycan regionun ən güclü və nüfuzlu dövlətinə çevrilib.
Prezident İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası nəticəsində torpaqlarımız işğaldan azad olundu. Azərbaycan Ordusunun döyüş taktikası dünya ölkələrində öyrənilir. Bir mərkəzdən idarə edilən, vahid komandanlığa tabe olan, müasir hərb elminin tələblərinə cavab verən Azərbaycan Ordusu döyüş meydanında erməniyə öz gücünü göstərdi. Dünyanı təəccübləndirən, hərb tarixində yeni səhifə olan müharibədə qalib dövlət oldu. Azərbaycan xalqının həmrəyliyi, xalq-iqtidar birliyi uğurları şərtləndirən amil olduğundan ölkəmizi daha da böyük nailiyyətlər gözləyir. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərimizdə sürətli yenidənqurma və bərpa işləri həyata keçirilir. 30 ilə yaxın bir zamanda xarabazara çevrilmiş torpaqlarımızda canlanma müşahidə olunmaqdadır. Bu gün Qarabağın işğaldan azad olunmuş hər yerində, hər bir kəndində, böyük quruculuq işləri gedir. Möhtəşəm inşaat layihələri reallaşır, “Ağıllı kənd”lər yaradılır. Bütün bu uğurların təmlində Ulu Öndər Heydər Əliyev siyasəti dayanır.


Zümrüd BAYRAMOVA

Digər xəbərlər