PDF Oxu

Siyasət

  • 4 641

Qarabağ dünyanın sənaye mərkəzinə çevrilir TƏHLİL

Qarabağ dünyanın sənaye mərkəzinə çevrilir TƏHLİL

Son 20 ildə Azərbaycan inkişafına görə, dünyanı heyrətləndirən uğurlara imza atıb. Elə bir sahə, elə bir şəhər və qəsəbə, rayon yoxdur ki, orada müasir dövrün tələblərinə, texnoloji yeniliklərə cavab verən nailiyyətlər olmasın. Müsbət nəticələr Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu, ölkə Prezidenti İlham Əliyevin çox böyük qətiyyətlə və əzmlə həyata keçirdiyi siyasətin bəhrəsidir. Qətiyyətli siyasətin ana xəttini isə söz yox ki, 44 günlük Vətən müharibəsi ilə torpaqlarımızın düşməndən azad edilməsini təşkil edir. Müzəffər Ordumuz Yenilməz Sərkərdə, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi Azərbaycan xalqının tarixinə ən şanlı, şərəfli və qürurverici səhifəsini yazdı. Bu gün Qarabağımız rahat nəfəs alır. Hər yerdə geniş quruculuq abadlıq işləri həyata keçirilir. Bunun fonunda keçmiş qaçqın və məcburi köçkünlər öz doğma yurd-yuvalarına qayıdırlar. Quruculuq, abadlıq, bərpa işləri ən müasir texnologiyaların tətbiqi əsasında yenidən qurulur. Zəngilan rayonunun Ağalı kəndi də belə yaşayış məntəqələrimizdən biridir. Layihənin təməli 2021-ci ilin aprelində dövlətimizin başçısı tərəfindən qoyulub. “Ağıllı kənd” layihəsinin icrası ilə bağlı 110 hektardan çox ərazidə tikinti işləri aparılıb. İnnovativ tikinti materiallarından istifadə olunmaqla tam izolyasiya olunmuş 200 fərdi ekoloji evin, ikimərtəbəli 4 qeyri-yaşayış binasının, 360 şagird yerlik məktəbin və 60 yerlik uşaq bağçasının tikintisi sürətlə davam etdirilir. Kənddə yaradılacaq “Ağıllı məktəb”də distant təhsilin aparılması üçün bütün imkanlar olacaq. Burada müasir şəhərsalma standartları tətbiq olunacaq. Piyada və velosiped yolları çəkiləcək. Ağalıda kənd təsərrüfatının təşkili və inkişafı ilə bağlı bir sıra işlər görüləcək. “Ağıllı kənd təsərrüfatı”nda müasir suvarma sistemlərindən istifadə olunacaq. Bundan əlavə, “Ağıllı kənd” layihəsi üçün əkin planı hazırlanıb. Planda nəzərdə tutulmuş torpaq sahələrinin əkinə yararlılığı qiymətləndirilib və əkin üçün hazırlığa başlanılıb. Əkin planına əsasən, müəyyənləşdirilən 600 hektar ərazidən 412 hektarının minalardan təmizlənməsi üçün müvafiq işlər aparılıb.

“Ağıllı idarəetmə sistemi” data və təhlil mərkəzindən həyata keçiriləcək

“Ağıllı kənd”də kənd təsərrüfatı fəaliyyətinin bərpası və inkişafı üçün müvafiq şəraitin yaradılması məqsədilə layihə çərçivəsində ictimai fermanın qurulması nəzərdə tutulur. Fermada 250 baş iribuynuzlu və 600 baş xırdabuynuzlu mal-qaranın saxlanması mümkün olacaq. Burada “Ağıllı idarəetmə sistemi” data və təhlil mərkəzindən həyata keçiriləcək. Erməni terror qüvvələri tərəfindən işğal edilərkən dağıdılan Ağdam şəhəri yenidən qurulur. Hazırda Ağdamda 120-125 minlik əhali tutumu olan müasir ağıllı şəhərin salınması sürətlə davam etdirilir. Ağdamda Qarabağ xanlığının banisi Pənahəli xanın sarayının yerləşdiyi İmarət kompleksi, Xurşudbanu Natəvanın qəbirüstü abidəsi, Ağdam Cümə Məscidi yenidən bərpa olunur.2021-ci il oktyabrın 26-da Qarabağın hava qapısı adlandırılan Füzuli Beynəlxalq Hava Limanının açılışı olub. Hava limanı ən müasir səviyyədə inşa edilib. Açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak ediblər. Prezidentlərə məlumat verilib ki, hava limanının istənilən tip hava gəmisini qəbul etmək imkanları var. Uçuş-enmə zolağının uzunluğu 3000, eni isə 60 metrdir. Hava limanının müasir infrastrukturla təchiz olunan terminalı saatda ən azı 200 sərnişinin buraxılışına imkan verir. Burada görülən bütün işlər beynəlxalq norma və standartlara uyğun şəkildə həyata keçirilib. Hava limanının ətrafında geniş abadlıq-quruculuq işləri aparılıb. Burada avtomatlaşdırılmış sistemlərlə təchiz olunan Hava Hərəkətini İdarəetmə qülləsi tikilib. Bu isə Füzuli Beynəlxalq Hava Limanında ICAO və IATA standartlarına müvafiq qaydada uçuşların başlanmasını mümkün edir. Hava limanında baqaj konveyerləri, qeydiyyat sistemi, VIP zallar, mağazalar, restoranlar və digər zəruri məntəqələr yaradılıb. Burada sərnişinlərin rahatlığı üçün bütün meyarlar diqqət mərkəzində saxlanılıb.

Qarabağda yenidənqurma prosesini daha da sürətləndirəcək

Təməli ötən ilin oktyabrında Prezident İlham Əliyev və Birinci xanım Mehriban xanım Əliyeva tərəfindən qoyulan Füzuli, Hadrut Rəqəmsal Yarımstansiya və İdarəetmə Mərkəzləri, eləcə də 2022-ci ilin mayın 10-da istismara verilən Şuşa Rəqəmsal İdarəetmə Mərkəzi işğaldan azad edilmiş Qarabağda yenidənqurma prosesini daha da sürətləndirəcək. Azad torpaqlarda inşası davam edən və yekunlaşan yeni nəsil yarımstansiyalar elektrik şəbəkəsinin vəziyyəti haqqında bütün məlumatları toplayan və emal edən, eləcə də avadanlığın rəqəmsal formatda idarə olunmasını təşkil edən nəzarət, mühafizə və idarəetmə sistemlərinin innovativ həll layihəsidir. İcrası başa çatan Güləbird Su-Elektrik Stansiyası, 7 yarımtsansiya, Suqovuşan və Talışa gedən yollar istifadəyə verilib, Zəfər yolu, Şuşanın su və elektrik təchizatı təmin edilib, Bülbülün ev-muzeyi, Molla Pənah Vaqifin məqbərəsi, o cümlədən büstü, Üzeyir bəy Hacıbəylinin heykəli, Xarıbülbül və Qarabağ hotellərinin açılışı əlamətdar gün kimi zəfər tariximizin səhifələrinə yazıldı. Hadrutda inşası davam edən qovşaq yarımstansiyası və Rəqəmsal İdarəetmə Mərkəzi isə xüsusilə əhəmiyyətli yarımstansiyadır. Şükürbəyli, Hadrut və Şuşa yarımstansiyaları arasında yaradılan qovşaq yarımstansiyası Hadrut qəsəbəsində, eləcə də Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarında qurulacaq infrastrukturun elektrik enerjisinə olan təlabatını qarşılayacaq. Dövlətimizin başçısının mayın 4-də açılışını etdiyi, Azərbaycanın ümumi enerji sisteminə yeni töhfə olan “Cəbrayıl” qovşaq yarımstansiyası Cəbrayıl-Naxçıvan-Türkiyə, oradan isə qardaş ölkənin enerji sistemi vasitəsilə Avropa enerji bazarlarına əlavə və daha əlverişli çıxış əldə edib ixrac imkanlarını artırmaq baxımından xüsusi önəm daşıyır.

“Araz Vadisi İqtisadi Zonası” işğaldan azad olunmuş ərazilərin Azərbaycan iqtisadiyyatına qovuşdurulması baxımından mühüm əhəmiyyət kəsb edir

Azərbaycan Prezidenti İlham Əliyevin mayın 4-də Cəbrayıl rayonunda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında “Avto Lizinq Azərbaycan” MMC-nin tikintisi ilə tanış olması, “Holcim Azərbaycan” ASC-nin, “Az-Tex-Import” MMC-nin, “Improtex Qarabağ Sənaye Kompleksi” MMC-nin müəssisələrinin təməllərini qoyması işğaldan azad olunmuş ərazilərin Azərbaycan iqtisadiyyatına qovuşdurulması görülən işlərə böyük önəm verildiyini göstərir. Bu Sənaye Parkında da sahibkarlar üçün əlverişli investisiya mühiti formalaşdırılır. Belə ki, rezidentlər dövlət vəsaiti hesabına hazır infrastrukturla təmin edilir, qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə əmlak vergisindən, torpaq vergisindən, gəlir və ya mənfəət vergisindən, istehsal məqsədilə idxal etdikləri texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı əlavə dəyər vergisindən və gömrük rüsumlarından azad olunurlar. Bunlarla yanaşı, İqtisadi Zonaların İnkişafı Agentliyi tərəfindən rezidentlərə hər cür təşkilati dəstək tədbirləri göstərilir. Həmçinin bu il yanvarın 1-dən etibarən Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən, işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərəcək sahibkarlar üçün əlavə güzəştlər tətbiq edilir. Buraya sosial sığorta haqlarının subsidiyalaşdırılması, işğaldan azad edilmiş ərazilərdə məskunlaşaraq işləyən mütəxəssislərə güzəştlər də daxildir.

Şərqi Zəngəzurda yeni həyat qurulur

İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədr müavini Elkiyar Ziyadov mətbuata açıqlamasında bildirib ki, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı işğaldan azad olunmuş ərazilərin qısa zamanda Azərbaycan iqtisadiyyatına qovuşdurulması baxımından mühüm əhəmiyyət kəsb edir: “Rezidentlərin bu sənaye parkına marağı böyükdür. Logistik əhəmiyyətinə görə sənaye parkı Zəngəzur dəhlizinin yanına yaxınlaşdırılması, məhz dəmir yolu və avtomagistral yolun ortasında yerləşməsi də çox vacib əhəmiyyət kəsb edir”.Azərbaycan Prezidenti İlham Əliyev mayın 4-də Zəngilan və Qubadlı rayonlarında 15-dək sosial-infrastruktur obyektinin təməllərini qoydu. Ən qısa zamanda və yüksək səviyyədə inşa olunacaq bu layihələr Zəngilan və Qubadlı rayonlarının Şərqi Zəngəzurun dilbər guşəsinə çevrilməsinə töhfə verəcək.Zəngilan şəhərində inşası davam etdirilən Konqres Mərkəzinin layihələndirilən ərazisi 2,2 hektardır. Burada Mərkəzin binası ilə yanaşı, restoran, pavilyon da inşa olunur. Konqres Mərkəzi 605 yerlikdir. Buradakı restoranın isə 240 yerlik olması nəzərdə tutulub. Bu ərazidə müvafiq yaşıllıq zonaları salınacaq, avtomobillər üçün yerüstü parklanma sahəsi yaradılacaq.

Bir sözlə, sürətlə davam etdirilən təmir, tikinti, quraşdırma işləri onu deməyə əsas verir ki, əhalinin böyük hissəi 2024-cü ili və Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü öz isti, müasir evlərində qarşılayacaqlar.

İ.ƏLİYEV

Digər xəbərlər