Siyasət

  • 1 774

Azərbaycanın qlobal enerji bazarında yüksəlməsinin əhəmiyyəti ŞƏRH

image

Azərbaycan hazırda dünya səviyyəli forumların və tədbirlərin keçirildiyi əsas ölkələrdən birinə çevrilib. Hər il ölkəmizdə bütün dünyanın maraqla gözlədiyi forumlar, iclaslar, sərgilər keçirilir. Bakı Enerji Həftəsi çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgiləri indi xüsusi əhəmiyyətə malikdir. Pandemiyanın iqtisadi təsirlərinin tam olaraq aradan qalxmamağı, müharibələrin dünya iqtisadiyyatına yaratdığı psixoloji təzyiqlər fonunda belə tədbirlərin xüsusi önəmi var.Prezident İlham Əliyev sərgidə çıxışında Azərbaycanın neft-qaz sektorunun mövcud durumu və gələcək planlar barədə iştirakçılara ətraflı məlumat verdi. Qeyd olundu ki, Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru ilə Azərbaycan Bolqarıstana da qaz nəql edəcək, Rumıniya ilə də bu istiqamətdə əməkdaşlıq olunacaq. Əsas məqsədlərdən biri təchizatın coğrafiyasını genişləndirmək, çoxşaxəli biznes əməkdaşlığına nail olmaqdır. Təsadüfi deyil ki, son illər 10-dan artıq ölkə enerji təchizatının həcminin artırılması üçün Azərbaycana müraciət edib. Doğrudur, hazırda beynəlxalq maliyyə qurumları neft-qaz sahəsi üzrə layihələri maliyyələşdirmir. Onlar əsas üstünlükləri “yaşıl enerji”yə verirlər. Reallıq bundan ibarətdir ki, hələ uzun müddət neft və qaz enerji təhlükəsizliyinin əsas komponentləri olacaq.Bakıda keçirilən beynəlxalq sərgidə əsas diqqətçəkən məqamlardan biri də ABŞ Prezidenti Co Bayden və Böyük Britaniyanın Baş naziri Rişi Sunakın Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktub və bu məktubda ölkəmizin artan nüfuzundan irəli gələn əməkdaşlıq istəkləridir. Hər iki məktubda ölkəmizin dünyəvi ekoloji məsuliyyət şüurundakı rolu ayrıca qeyd olundu. Azərbaycan bu gün təkcə ənənəvi enerji məhsulları ilə deyil, alternativ enerji imkanları ilə də ciddi rəğbət qazanır. Ölkəmiz dünyada təhlükəsiz enerji təchizatına olan tələbatın ödənilməsinə yardım göstərir. Cənub Qaz Dəhlizi, Orta Dəhlizin inkişafı enerjinin şaxələndirilməsi baxımından əhəmiyyətli marşrutlardır. Azərbaycanın qlobal enerji bazarında əhəmiyyəti günü-gündən artır.Bu o deməkdir ki, yaxın dövrdə Avropanın iqtisadi layihələri Azərbaycansız mümkün olmayacaq. Azərbaycanın nəhəng bərpaolunan enerji potensialının inkişaf etdirilməsi və yaşıl enerjinin ixracatçısına çevrilməsi istiqamətində göstərdiyi səylər göz önündədir və yüksək qiymətləndirilir. Etiraf olunur ki, ölkəmizin təşkilatçılığı ilə reallaşdırılan layihələr sayəsində Avropanın enerji xəritəsi əhəmiyyətli dərəcədə yenilənib. Azərbaycan özünün zəngin neft və qaz resurslarının istehlakçılara şaxələndirilmiş marşrutlarla çatdırılması istiqamətində güclü siyasi iradə ortaya qoyur. Azərbaycan özünün böyük qaz həcmlərini ixrac etmək və Avropanın enerji təhlükəsizliyinə yeni töhfələr vermək üçün Cənub Qaz Dəhlizinin yaradılması təşəbbüsünü irəli sürüb. Bu məqsədlə 2011-ci ildə Azərbaycan və Avropa Komissiyası arasında Cənub Qaz Dəhlizi layihəsi üzrə Birgə Bəyannamə imzalanıb. Avropa Komissiyası ilə fəal şəkildə əməkdaşlıq edən Azərbaycan bu gün də etibarlı tərəfdaş kimi Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır.Bakı Enerji Həftəsi çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji sərgiləri Azərbaycanın dünyada artan nüfuzunu nümayiş etdirir. Tədbirdə iştirakçılığın miqyası, ABŞ və Böyük Britaniya kimi dövlətlərin siyasi liderləri tərəfindən ünvanlanan məktublar, çıxışlarda səsləndirilən müsbət fikirlər Azərbaycanın artan nüfuzundan xəbər verir. Bu sərgi bir daha təsdiq edir ki, Azərbaycan ciddi enerji böhranı ilə üzləşmiş Avropa üçün olduqca vacib tərəfdaşdır.

Könül İbrahimova

YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Fiziologiya İnstitutu üzrə Ərazi partiya təşkilatının sədri

Digər xəbərlər