May ayının 30-da İsrail Dövlətinin Prezidenti İsxak Hersoq Azərbaycana rəsmi səfər etmişdir. Səfər çərçivəsində Azərbaycan və İsrail prezidentlərinin təkbətək və geniş tərkiblərdə görüşləri olmuşdur.Görüş zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev İsrail Prezidenti və nümayəndə heyətinin üzvlərini salamlamış və demişdir ki, “Əminəm ki, səfər ölkələrimiz arasında dostluq münasibətlərinin inkişafına böyük təkan verəcək, bu səfərdən sonra müsbət dinamikanı görəcəyik. Çünki, mən tamamilə əminəm, böyük potensial mövcuddur, baxmayaraq ki, biz ayrı-ayrı istiqamətlər , ticarət, enerji, təhlükəsizlik, sahələri üzrə artıq çoxlu işlər görmüşük. Lakin hələ çoxlu işlər görülməlidir.” İsrail Prezidenti İsxak Hersoq cavab nitqində səmimi və qonaqpərvərliklə qarşılanmaları üçün təşəkkürünü bildirərək qeyd etmişdir ki, “İlk növbədə hesab edirəm ki, yəhudilər və müsəlmanlar birlikdə sülhə doğru addımlasalar, birgə açıq dialoq aparsalar, birlikdə dünyanın xeyrinə çalışsalar birlikdə möhtəşəm işlər görə bilərlər. İkincisi, bu, strateji münasibətdir, çünki, biz sülh, rifah və inkişaf istiqamətində bütün regiona öz təsirimizi göstəririk.”Görüşdən sonra Prezidentlər mətbuata bəyanat vermişlər. Bəyanatlarda bir daha qeyd edilmişdir ki, İsraillə Azərbaycan arasında əməkdaşlığın əsası 1991-ci ildə qoyulmuş və həmişə də müsbət dinamika ilə inkişaf edir. Azərbaycanın Dövlət müstəqilliyini Türkiyədən sonra İsrail tanımışdır. 1993-cü ildə İsrail Azərbaycana öz səfirliyini açmışdır. Bu iki ölkənin əməkdaşlığı təkcə ticarət əlaqələrində deyil, strateji məsələlərdə də özünü qabarıq şəkildə göstərir. Ermənistanla aparılan 44 günlük müharibənin gedişində və postmüharibə dövründə də İsrail həmişə xalqımızın haqq işini dəstəkləmişdir. Azərbaycanla İsrailin əməkdaşlığında neft məhsullarının ixracı, kibertəhlükəsizlik məsələləri, müdafiə sənayesi layihələri, turizm potensialının inkişafı, ticarət, səhiyyə, qabaqcıl texnologiyaların tədbiqi, irriqasiya və kənd təsərrüfatı sahəsində təcrübə mübadiləsi və digər tədbiqi məsələlər xüsusi yer tutur. Azərbaycan və İsrail Prezidentlərinin mətbuata verdiyi bəyanatda iki ölkə arasında siyasi dialoqun mövcudluğu xüsusilə vurğulanmışdır. Bəyanatlarda həmçinin, qeyd edilmişdir ki, uzun illərdir Azərbaycanda yəhudi icması azərbaycanlılarla çox mehriban şəkildə yaşayırlar. Azərbaycanda yaşayan yəhudilər ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak edib, canlarından keçib. Bütün bunlar bir daha Azərbaycanda yüksək tolerantlıq mühitinin formalaşdığını, multikultural dəyərlərə böyük önəm verildiyinin, bütün azsaylı xalqların, millət və dini konfessiyaların dostluq, qardaşlıq şəraitində yaşamasının dünyaya mesajıdır.İsrail prezidenti İsxak Hersoqun Azərbaycana səfəri Azərbaycan-İsrail əməkdaşlığının yeni inkişaf mərhələsinə qədəm qoyduğunu əyani olaraq bir daha sübut etdi.
Nazim Bünyatov,
YAP Ağcabədi rayon təşkilatının sədr müavini