Siyasət

  • 1 197

Qaz ixracımızın coğrafiyası genişlənir

image

Xəzər Neft-Qaz Sərgisi Azərbaycanın enerji siyasətinin reallaşmasında çox böyük rola malikdir. İlk sərgi 1994-cü ildə keçirilib. O vaxt gənc müstəqil dövlət olan Azərbaycan riskli dövlət kimi tanınırdı. Bu sərginin Azərbaycana investisiya qoyuluşu üçün çox önəmli rolu olmuşdur. Ötən 29 illik dövrdə bu sərgi dünya miqyasında çox mötəbər sərgi kimi tanınır və tədbirə qatılan şirkətlərin, ölkələrin sayı getdikcə artmaqdadır. Dövlət başçısı İlham Əliyev bu günlərdə Bakı Enerji Həftəsi çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin açılışında diqqəti bu kimi məqamlara yönəldərək bildirdi ki, 1994-cü ildən etibarən Xəzər neft-qaz sərgisi Azərbaycana öz potensialını beynəlxalq investorlara təqdim etməyə imkan yaradır. 1994-cü ildə Ulu Öndər Heydər Əliyevin neft strategiyasının astanasında idik. Həmin ildə ilk neft-qaz sərgisi keçirildi və “Əsrin müqaviləsi” imzalandı. Bu saziş ölkəmizdə vəziyyəti kökündən dəyişdi, sərmayələr cəlb edildi, geniş iqtisadi sabitlik təmin olundu və Azərbaycanın firavan gələcəyinin təməli qoyuldu.

Reallıq budur ki, Azərbaycan çox böyük sınaqlardan şərəflə çıxdı. İnvestisiyaların cəlb edilməsi, xarici şirkətlərlə uğurlu və qarşılıqlı maraqlar əsasında yaradılmış əlaqələr, hasilatın artırılması, Azərbaycanın iqtisadi inkişafının təmin edilməsi, neft kəmərlərinin tikintisi və təbii ehtiyatların bu kəmərlər vasitəsilə dünya və Avropa bazarlarına nəql edilməsi layihələri bugünkü Azərbaycanın reallıqlarını böyük dərəcədə əks etdirir. Dövlət başçısı İlham Əliyevin enerji sektorunda əldə olunan uğurlara söykənərək qarşıdakı dövrlə bağlı proqnozları onu deməyə əsas verir ki, hazırda Azərbaycanın neft-qaz ixracatçısına, dünyanın enerji təhlükəsizliyinin təminatçısına çevrilməsi əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan neft strategiyasının nəticəsidir. Bu gün müstəqil Azərbaycan və uğurlu neft-qaz siyasətimiz göstərir ki, ancaq müstəqillik şəraitində Azərbaycan xalqı öz təbii ehtiyatlarından istifadə edə bilər. Bu gün Azərbaycan müstəqil dövlət kimi ayaqda möhkəm dayanıb. Ölkə qarşısında duran bütün vəzifələr uğurla icra edilir. Nəhəng layihələr tərəfdaşlarımızla birlikdə icra olunur. Avropanın enerji xəritəsini yenidən tərtib edirik.
İqtisadiyyatın onurğa sütunu kimi dəyərləndirilən neft-qaz sektorunda ötən bir ildə əldə olunan uğurlar Ulu Öndər Heydər Əliyevin vaxtilə söylədiyi “Əsrin müqaviləsi” ilə qoyduğumuz təməl XXI əsrdə Azərbaycan xalqının inkişafı, firavan həyatı, müstəqil Azərbaycan dövlətinin suverenliyinin daha da möhkəmlənməsi üçün gözəl imkan yaradacaq. İnanıram ki, XXI əsr Azərbaycan dövləti üçün ən xoşbəxt dövr olacaq” fikirlərinin aydın mənzərəsidir. “Əsrin müqaviləsi” 2017-ci ildə “Yeni əsrin müqaviləsi”nin imzalanmasına yol açdısa, 2020-ci ilin sonunda Cənub Qaz Dəhlizinin tam tərkibdə istifadəyə verilməsini stimullaşdırdı. Sözügedən sərgidə cənab İlham Əliyev TAP və TANAP-ın genişləndirilməsinin vacibliyini bildirdi. Bu kimi çağırışlar Azərbaycanın əməkdaşlığın coğrafiyasının genişləndirilməsində, çoxtərəfli əməkdaşlıqda maraqlı olduğunu bir daha təsdiqləyir. Azərbaycanın təşəbbüsçüsü və iştirakçısı olduğu layihələri təhlil etdikdə bu fikri böyük inamla qeyd edirik ki, ölkəmiz enerji sektorunda liderlik keyfiyyətlərini çox açıq şəkildə ortaya qoyur. Dövlət başçısı İlham Əliyev sərgidəki çıxışında “Biz 30 il ərzində enerji sahəsində uğurlu əməkdaşlıq edirik. Bu gün isə artıq bu sahələr şaxələndirilir, ABŞ və Böyük Britaniya hökumətləri hər zaman bizim bütün təşəbbüslərimizi dəstəkləyiblər ki, Azərbaycan öz resurslarını inkişaf etdirə bilsin. Əvvəlcə bu, neftə aid idi, indi isə qaz sahəsi burada söhbət mövzusudur. Biz nəhəng enerji infrastrukturu yaratmışıq ki, bu, Avrasiyanın enerji xəritəsini dəyişdirib. Bu gün Azərbaycan istehsalçı olaraq həm tranzit ölkələr, həm də istehlakçılar üçün daha təhlükəsiz şərait yaradıb. Bu gün enerji təhlükəsizliyi, əlbəttə ki, milli təhlükəsizliyə bərabərdir və hətta milli təhlükəsizlik gündəliyində ən başlıca yeri tutur” fikirləri Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatında artan rolunun ümumiləşdirilmiş ifadəsidir.

Şəhla Abdullayeva
YAP Ucar rayon təşkilatının sədri

Digər xəbərlər