PDF Oxu

Siyasət

  • 4 008

Azərbaycan Avropa üçün etibarlı tərəfdaş və ümumavropa qaz təchizatçısıdır ŞƏRH

Azərbaycan Avropa üçün etibarlı tərəfdaş və ümumavropa qaz təchizatçısıdır ŞƏRH

31 may-3 iyun tarixlərində Bakı şəhəri üç mötəbər tədbiri bir ad altında birləşdirən Bakı Enerji Həftəsinə ev sahibliyi edib. Tədbir çərçivəsində 28-ci Beynəlxalq Xəzər neft və qaz sərgisi "Caspian Oil&Gas", 11-сi Xəzər Beynəlxalq Energetika və Yaşıl enerji sərgisi – “Caspian Power” və 28-ci Bakı Enerji Forumu keçirilib. Tədbirin dünyanın 38 ölkəsindən olan 331 fərqli şirkəti, yüksək səviyyəli qonaqları, dövlət xadimlərini və beynəlxalq enerji ekspertlərini Bakıya toplaması təsadüfi deyil. Azərbaycanın paytaxtı artıq bir müddətdir ki, nüfuzlu beynəlxalq tədbirlərin təşkil edildiyi, mühüm əməkdaşlıqların və qərarların müzakirə edildiyi məkana çevrilib. Bundan əlavə Azərbaycanın enerji sahəsində həyata keçirdiyi uğurlu siyasət nəticəsində ölkəmiz artıq enerji sektorunda öz sözünü demişdir. Bu gün Azərbaycan yalnız özünün deyil, digər ölkələrin də enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Beynəlxalq Xəzər neft və qaz sərgisi artıq 28 ildir ki, neft, qaz və enerji sektorunda əhəmiyyətli əməkdaşlıqlar üçün geniş platformaya çevrilib. Hər il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin açılış mərasimində iştirakı isə sərginin yüksək statusunu bir daha təsdiqləyir. Uzun illər uğurla təşkil olunan sərgiyə ABŞ, Böyük Britniya, Türkiyə və digər ölkələrin birinci şəxsləri öz təbrik məktublarını göndərirlər. Ənənəvi olaraq Bakı Enerji Həftəsində yüksək rütbəli qonaqlar iştirak ediblər.

Bir faktı vurğulamaq yerinə düşər ki, Azərbaycanda beynəlxalq sərgilərin keçirilməsi təşəbbüsü ümummilli lider, müasir və müstəqil Azərbaycan dövlətinin qurucusu görkəmli siyasi və dövlət xadimi Heydər Əliyev tərəfindən irəli sürülüb. Bakı Enerji Həftəsinin təşkilatçıları və iştirakçıları Azərbaycanın sərgi sənayesinin formalaşmasında böyük rolu olan ümummilli lider Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla yad ediblər. Bu məqsədlə Bakı enerji həftəsində ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş poçt markası buraxılıb və stend təqdim olunub. Tədbir çərçivəsində ənənəvi olaraq ikitərəfli işgüzar görüşlər keçirilib. Bakı Enerji Həftəsinin açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bildirib ki, 1994-cü ildən etibarən hər il təşkil olunan Xəzər neft-qaz sərgisi Azərbaycana öz potensialını beynəlxalq investorlara təqdim etməyə imkan yaradır. 1994-cü ildə ilk neft-qaz sərgisi keçirildi və məhz həmin ildə “Əsrin müqaviləsi” imzalandı ki, o, ölkəmizdə vəziyyəti kökündən dəyişdi, sərmayələr cəlb edildi, geniş iqtisadi sabitlik təmin olundu və Azərbaycanın firavan gələcəyinin təməli qoyuldu.

Cənab Prezident Bakı Enerji Həftəsinin enerji sahəsində aparıcı beynəlxalq tədbir olması ilə yanaşı qlobal əhəmiyyətə malik olduğunu diqqətə çatdıraraq demişdir: “Biz 30 il ərzində enerji sahəsində uğurlu əməkdaşlıq edirik, ABŞ və Böyük Britaniya hökumətləri hər zaman bizim bütün təşəbbüslərimizi dəstəkləyiblər ki, Azərbaycan öz resurslarını inkişaf etdirə bilsin. Bu gün Azərbaycan nəhəng enerji infrastrukturu yaradıb, Avrasiyanın enerji xəritəsini dəyişdirib. Bu gün Azərbaycan istehsalçı olaraq həm tranzit ölkələr, həm də istehlakçılar üçün daha təhlükəsiz şərait yaradıb. Bu gün enerji təhlükəsizliyi milli təhlükəsizliyə bərabərdir və hətta milli təhlükəsizlik gündəliyində ən başlıca yeri tutur”.Avropa İttifaqı ilə Azərbaycan arasındakı enerji sahəsində strateji tərəfdaşlıq və onun müsbət məqamları və gələcək potensialı barədə danışan dövlət başçısı qeyd edib ki, Azərbaycan özünü enerji sahəsində nəhəng transformasiya prosesinin tərkib hissəsi hesab edir. Burada söhbət yenilənən, bərpaolunan enerjidən gedir. Bərpaolunan enerji ilə bağlı şirkətlər bu gün Azərbaycana böyük maraq göstərir. Azərbaycanın mühüm tarixi nailiyyəti olan Cənub Qaz Dəhlizi 3500 kilometrdən artıq neft kəmərlərindən ibarət bir sistemdir və o, enerji təhlükəsizliyi və enerji şaxələndirilməsində müstəsna rol oynayır. “Enerji təhlükəsizliyi təkcə marşrutların şaxələndirilməsi deyil, bu, həm də mənbələrin şaxələndirilməsidir” deyə vurğulayan ölkə Prezidenti bildirib ki, bu gün Avropa İttifaqının liderləri Azərbaycanı etibarlı tərəfdaş və ümumavropa qaz təchizatçısı adlandırırlar. Azərbaycanın gələcək perspektivinə 2027-ci ilə qədər Avropa bazarına qaz təchizatını iki dəfə artırmaq daxildir. Ötən il Azərbaycanın qaz təchizatının dinamikası 8 milyard kubmetr idisə, bu il 12 milyard kubmetr nəql ediləcək və 2027-ci il üçün nəhəng “Şahdəniz” və “Abşeron” yataqlarının hesabına Azərbaycan bu rəqəmi 20 milyarda çatdıracaq. Azərbaycan strateji tərəfdaşı olan BP şirkəti ilə dərin qatlardan qaz hasilatı üzrə layihələr həyata keçirir. Bütün işlər plana uyğun getsə, gələn ilin sonuna qədər böyük dərinlikdən ilk qaz alınaq.

Mühüm əhəmiyyətə malik olan tədbirlərdən biri Yunanıstan-Bolqarıstan interkonnektorunun açılışından danışan Prezident İlham Əliyev bildirib ki, artıq Azərbaycan Bolqarıstana da qaz nəql edəcək və Bolqarıstan vasitəsilə digər ölkələrə də qazın nəqli imkanları nəzərdən keçirilir və bütün interkonnektorlar vaxtında inşa edilərsə tezliklə Azərbaycan qazı Bolqarıstana qonşu olan ölkələrə, Rumıniyaya, Macarıstana və Serbiyaya nəql ediləcək. Beləliklə Azərbaycanın qaz ixracı coğrafiyası genişlənəcəkdir.Ötən ilin dekabr ayında Buxarest şəhərində keçirilən Avropa Komissiyasının Prezidentinin də iştirak etdiyi, yaşıl enerjiyə dair tədbirdə Azərbaycan, Gürcüstan Macarıstan, Rumıniya bir araya gələrək yaşıl enerjiyə və transmissiyaya dair müvafiq sənəd imzaladılar. Bu layihənin qlobal əhəmiyyətə malik bir layihə olacağından əminliyini bildirən Prezident İlham Əliyev əlavə etdi ki, layihə çərçivəsində Xəzər dənizinin Azərbaycan sektorundan əldə olunacaq külək enerjisinin ötürücü xətlər və Qara dənizin dibi ilə çəkiləcək sualtı kabel vasitəsilə Avropa bazarlarına nəqli nəzərdə tutulur. Bu layihə çərçivəsində ən azı 4 qiqavat “yaşıl enerji” Avropaya nəql oluna biləcək.

Azərbaycan qazına artan ehtiyacla əlaqədar qaz təchizatı coğrafiyasının ildən-ilə genişləndiyini söyləyən dövlət başçısı diqqətə çatdırıb ki, son il yarım ərzində Azərbaycana 10-dan artıq ölkə təchizatın həcminin artırılması və ya həmin ölkələrə təchizatın başlanması barədə müraciət edib.Bərpaolunan enerji haqqında danışarkən Azərbaycanın nəhəng potensialı olduğunu bəyan edən cənab Prezident bildirib ki, 157 qiqavat həcm yalnız Xəzər dənizindədir, quruda isə potensialımız çox böyükdür. Beynəlxalq investorlarla imzalanmış iki müqavilə növbəti bir il, ya da il yarım ərzində 500 meqavata yaxın “yaşıl enerji” əldə etməyə imkan verəcək.Qarşıda görüləcək işlər barədə məlumat verən Prezident bildirib ki, TANAP və TAP genişlənməlidir, digər Avropa boru kəmərlərinə və Balkanlara çıxışımız olmalıdır, Avropada interkonnektorların sayı mütləq artırılmalıdır. Bütün bu məsələlər əlaqələndirilmiş şəkildə həyata keçirilməlidir.

Günay Məmmədli

YAP Yasamal rayon “Azərsu” ASC üzrə ərazi partiya təşkilatının sədri

Digər xəbərlər