PDF Oxu

Siyasət

  • 1 754

Azərbaycanın enerji siyasətinin regional müstəvidən qlobal müstəviyə keçidi ŞƏRH

Azərbaycanın enerji siyasətinin regional müstəvidən qlobal müstəviyə keçidi ŞƏRH

1991-ci ildə Azərbaycan suverenliyini əldə etdikdən sonra, bir çox çətinliklərlə üzləşdi. Çətin hərbi vəziyyət nəticəsində, bir çox ölkələrlə iqtisadi əlaqələrin aşağı səviyyədə olması, maliyyə-texniki təminatın sıfıra endirilməsi ölkəmizi istər neft-qaz sənayesində, istərsə də milli iqtisadiyyatın digər sahələrində real iflasa saldı. 1990-cı illərin əvvəllərindəki çətin, həlledici şəraitdə xalqın çağırışı ilə yenidən respublikaya rəhbərlik edən Heydər Əliyev “Siyasət və iqtisadiyyat bir-birini tamamlayır” prinsipini bəyan etdi və “Neft - Azərbaycan xalqının milli sərvətidir” devizi ilə çıxış etdi. Uzaqgörən siyasətçi və böyük strateq Heydər Əliyev, ilk dəfə olaraq Azərbaycan neftinin real dəyərini və bununla da bütün Azərbaycan xalqının taleyini, onun tarixi inkişafı və tərəqqisinin təminatlarını müəyyən etdi.

Müstəqil Azərbaycanı müasir, güclü, davamlı iqtisadi inkişafa malik dövlətə çevirmək üçün Ümummilli lider Heydər Əliyev gələcək siyasi və iqtisadi islahatların köklü transformasiyasının əsasına çevrilməli olan neft strategiyasını müəyyənləşdirdi. Bu strategiyanın hazırlanmasında əsas şərt həm indiki, həm də gələcək nəsillərin mənafeyinə riayət olunması idi. Bu strategiya Azərbaycanın neft yataqlarının işlənməsinə xarici investorların cəlb edilməsini, xam neftin nəqli marşrutlarının şaxələndirilməsini, neft gəlirlərinin səmərəli idarə olunmasını və Azərbaycanın yeni inkişaf mərhələsinə qədəm qoymasını təmin etdi. 1994-cü il sentyabrın 20-də Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə XX əsrdə Azərbaycan tarixində siyasi, iqtisadi və strateji əhəmiyyətinə görə ən mühüm müqavilələrdən biri imzalandı. Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının bir hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında müqavilə enerji sektorunda uğurlu inkişafın əsasını qoydu. “Əsrin müqaviləsi”nin imzalanması dünyada ilk dəfə olaraq Xəzər dənizinin neft və qaz ehtiyatlarının Qara və Aralıq dənizləri vasitəsilə beynəlxalq bazarlara nəqlinə başlanılmasına imkan yaratdı. Beləliklə, Azərbaycanın enerji siyasəti regional müstəvidən qlobal müstəviyə keçdi.

Ulu Öndər Heydər Əliyev “Əsrin müqaviləsi”nin imzalanmasından dərhal sonra Bakıda beynəlxalq nüfuza malik “Xəzərneftqaz” sərgi-konfransının təşkili ənənəsinin əsasını qoydu. Bu sərgi-konfransı Bakıda hər il təşkil etməkdə əsas məqsəd Xəzər regionunun neft və qaz potensialını dünyanın işgüzar dairələrinin nəzər-diqqətinə çatdırmaqdan, neft və qazın hasilatı, istehsalı, daşınması, adı çəkilən sahədə ən yeni texnologiyaların tətbiqi üzrə ixtisaslaşmış şirkətlərin bir-biri ilə yeni işgüzar əlaqələrinin yaranmasına təkan verməkdən ibarət idi. Bu illər ərzində ənənvi sərgilərdə dünyanın yüzlərlə ən qabaqcıl neft şirkəti iştirak etmişdir. Sərgi konfransı Azərbaycanın neft strategiyasının həyata keçirilməsində böyük rol oynamışdır və bu gün də bu tendensiya uğurla davam edir.

Cari ilin mayın 31-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin açılışında iştirak edib. Bu ilki Bakı Enerji Həftəsi önəmli bir hadisə ilə - Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin yubileyi ilə üst-üstə düşür və eyni zamanda, 320 fərqli şirkət 35 ölkəni təmsil edir. Toplam olaraq, bu göstərici keçən ilin sərgisi ilə müqayisədə 25-30 faiz artım deməkdir. Dövlətimizin Baçşısının qeyd etdiyi kimi, 30 ildir - 1994-cü ildən etibarən Xəzər neft-qaz sərgisi Azərbaycana öz potensialını beynəlxalq investorlara təqdim etməyə imkan yaradır. Xəzər neft-qaz sərgisi 1994-cü ildə təşkil ediləndə ilk tədbir idi ki, Azərbaycanı dünyanın beynəlxalq enerji ictimaiyyətinə təqdim etdi. Enerji təhlükəsizliyinin milli təhlükəsizliyə bərabərdir və hətta milli təhlükəsizlik gündəliyində ən başlıca yeri tutduğunu vurğulayan cənab Prezident, bu gün Azərbaycanın istehsalçı olaraq həm tranzit ölkələr, həm də istehlakçılar üçün daha təhlükəsiz şərait yaradılmasının nəticəsi olaraq, nə cür nəhəng enerji infrastrukturunun yaratmağımızı və bunun Avrasiyanın enerji xəritəsini dəyişdirilməsini qeyd etdi. Avropa İttifaqı ilə Azərbaycanın ötən ilin iyulunda enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanmasının davamı olaraq, Avropa İttifaqı ilə Azərbaycanın əməkdaşlığının müsbət məqamlarının çoxluğu və gələcək potensialın olduqca genişliyi, ölkəmizin geosiyasi müstəvidə nüfuzunu artmasına ciddi təsir göstərir. Bərpaolunan enerji haqqında danışarkən, cənab İlham Əliyev Azərbaycanın nəhəng potensialını, yəni ilkin hesablamara görə, 157 qiqavat həcmin yalnız Xəzər dənizində olduğunu, quruda da bizim potensialımızın çox böyük olduğunu xüsusi vurğulayaraq, beynəlxalq investorlarla imzalanmış iki müqavilənin növbəti bir il, ya da ilyarım ərzində 500 meqavata yaxın “yaşıl enerji” əldə etməyə imkan verəcəyini qeyd etdi. Ümumilikdə, dövlətimizin lideri geniş və əsaslı nitqində, tədbirdə əyani və qiyabi formatda iştirak edənlərə diqqətini və hörmətini bildirərək, görülən işlərin miqyasını və mövcud potensiyalını dünya ictimayətinə çatdırdı, Azərbaycanın dünyada möcud varlığından, əhəmiyyətindən xəbər verdi. Bu işlərin reallaşması dərin təfəkkürə, yüksək iradəyə söykənir. Həqiqətən də, Azərbaycan xalqının milli maraqlarına əsaslanan, dost ölkələrimizlə tərəfdaşlıq ruhunda özünün enerji siyasətini həyata keçirən Ulu Öndər Heydər Əliyev ölkəni ən dərin tarixi böhrandan çıxarmış, iqtisadiyyatı ən qısa zamanda dirçəltmiş, respublikanın çiçəklənməsi üçün qüvvəli təməl qoymuşdur. Azərbaycanın iqtisadi inkişaf dinamikası düzgün seçilmiş siyasi kursla şərtlənirdi. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə başlanmış və hazırda onun layiqli davamçısı cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən müstəqil Azərbaycanın bazar islahatları yolu ilə hərəkatı, Azərbaycan Respublikasının inkişaf strategiyasını, onun tempini və əhatə dairəsini müəyyən etmişdir. Azərbaycanın hərtərəfli neft-qaz strategiyası səmərəli şəkildə həyata keçirilir, Azərbaycan Respublikasının hər bir vətəndaşını layiqli həyat səviyyəsi ilə təmin etməyə qadir, qüdrətli dövlətə çevirmək kimi strateji məqsədə nail olmaq üçün möhkəm zəmin yaradılır, Respublikanın həm regionda, həm də bütün dünyada bir çox sahələrdə lider rolunu oynaya biləcək qüdrətli dövlət kimi formalaşması istiqamətində tarixi addımlar atılır.

Masil Dəmirov

YAP Yasamal rayon təşkilatının fəal üzvü

Digər xəbərlər