PDF Oxu

Siyasət

  • 13 525

“Sülh sazişinin imzalanmasına mane olacaq problem qalmayıb” MÜNASİBƏT

“Sülh sazişinin imzalanmasına mane olacaq problem qalmayıb” MÜNASİBƏT

“Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin qarşıdan gələn həftənin ilk günündə Vaşinqtonda keçirilməsi planlaşdırılan görüşü mühüm əhəmiyyətə malikdir və bu danışıqlarda irəliyə doğru addımların atılması ehtimalı çox güclüdür”. Bunu “Alyans” strateji araşdırmalar mərkəzinin sədri, siyasi ekspert Abutalıb Səmədov "Səs" qəzetinə açıqlamasında deyib.

Onun sözlərinə görə, Ermənistan baş nazirinin Qarabağ da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etməsindən sonra “sülh sazişi”nin imzalanmasına mane olacaq ciddi problemlər demək olar ki, qalmayıb: “Bu şəraitdə əsas problem ondan ibarətdir ki, N.Paşinyan sülhə imza atdıqdan sonra devriləcəyindən ehtiyat edir. Bir qədər əvvəl onun verdiyi-“Ukrayna müharibəsində Ermənistan Rusiyanın müttəfiqi deyil”-bəyanatdan və buna cavab olaraq Rusiya prezidentinin mətbuat katibinin-“biz bunu nəzərə alacağıq”-hədəsindən sonra erməni liderinin narahatlığı təbii ki, xeyli çoxalıb. N.Paşinyanın qərbə yönəlik reveranslarının Rusiyanı hiddətləndirməsi heç kimə sirr deyil və Kreml təmsilçiləri tez-tez bu narazılığı onun nəzərinə açıq mətnlə çatdırırlar. Qərbin vasitəçilik səylərinin son illər görünməmiş artdığı bir şəraitdə Ermənistan lideri sazişin imzalanmasını ləngitməyin mənasız olduğunu və onu qərbdəki dayaqlardan məhrum edəcəyini yaxşı başa düşür. Digər tərəfdən qərb təmsilçiləri onu da anlayırlar ki, müqavilənin imzalanmasını sürətləndirməyin yeganə yolu güclü və haqlı tərəf olan Azərbaycanı dəstəkləməkdən və Ermənistana təzyiq göstərməkdən keçir. Bu səbəbdən Vaşinqton danışıqlarında Ermənistana ciddi təzyiq göstəriləcəyi və ermənilərin bir neçə əsassız bəhanələrinin aradan qaldırılacağı ehtimalı çox güclüdür.
A.Səmədov onu da bildirdi ki, ABŞ və Avropa Birliyi Rusiyanın Ukraynada düşdüyü ağır durumdan maksimum istifadə edib, nəyin bahasına olursa-olsun bu il “sülh sazişi”nin imzalanmasını təmin etmək istəyirlər: “Əks halda Rusiyanın gələcəkdə təşəbbüsü ələ almaq ehtimalı var ki, bu da nə qərbin, nə də Azərbaycanın maraqlarına qətiyyən uyğun deyil. Hədəf bu ilin sonlarında İspaniyanın Qranada şəhərində keçiriləcək Avropa Siyasi Birliyinin 3-cü sammitində son nöqtəni qoymaq və Cənubi Qafqazda sülhün təmin olunması istiqamətində həlledici addımı atmaqdır. Bu prosesdə Vaşinqton danışıqları mühüm mərhələ kimi qiymətləndirilir və baş tutacaq görüşün ümidləri doğrultmaq ehtimalı çox yüksəkdir”.

GÜLYANƏ

Digər xəbərlər