Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev may ayının 31-də 28-ci Beynəlxalq Xəzər Neft Qaz- “Caspian OİL & GAŞ” və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji- “Caspian POWER” sərgilərinin açılışında iştirak və çıxış etmişdir. Cənab Prezident qonaqları salamlamış və qeyd etmişdir ki, “ 1994-cü ildən başlayaraq neft strategiyamızın- Ulu Öndər Heydər Əliyevin neft strategiyasının astanasındayıq. Bu il biz müasir Azərbaycanın yaradıcısı, Ulu Öndərin 100 yaşını qeyd edirik. 1994-cü ildə ilk neft-qaz sərgisi keçirildi və həmin il məhz “Əsrin müqaviləsi” imzalandı ki, bu da ölkəmizdə vəziyyəti kökündən dəyişdi, sərmayələr cəlb edildi,geniş iqtisadi sabitlik təmin olundu və əlbəttə ki, Azərbaycanın firəvan gələcəyinin təməli qoyuldu”Daha sonra cənab Prezident Azərbaycanın müstəqilliyinin ilk illərində üzləşdiyi çətinliklərə də toxundu. “Həmin vaxtlarda ölkəmiz keçid dövründə idi, sovet sistemindən bazar iqtisadiyyatına keçid dövrünü yaşayırdı. Ermənistan tərəfindən ərazilərimizin işğalı, 1 milyondan artıq qaçqın-köçkün, vətəndaş qarşıdurması- bütün bunlar əlbəttə ki, sərmayəçiləri qorxudurdu. Ona görə də bir çox səylər tələb edildi ki, biz tərəfdaşlarımızı buraya dəvət edə bilək. Məsələn, bizim BP kimi 30 illik tərəfdaşımızı və ilk konsorsiumun ovaxtkı üzvlərini də buraya dəvət etmək üçün olduqca böyük səylər lazım oldu. Bizim neft kəmərlərimiz və infrastrukturumuz yox idi. Ona görə də, “Əsrin müqaviləsi”nin imzalanması yeganə addım idi ki, Azərbaycana dayanıqlı inkişaf , iqtisadi müstəqillik və bunun nəticəsində də siyasi müstəqillik gətirdi.” Çıxışında Azərbaycan Prezidenti vurğuladı ki, Amerika Birləşmiş Ştatları və Böyük Britaniya həmişə Azərbaycanın bütün təşəbbüslərini dəstəkləmişlər. Təsadüfi deyil ki, bu tədbirə böyük qlobal əhəmiyyət verərək ABŞ Prezidenti Co Bayden və Böyük Britaniyanın Baş Naziri Sunak tədbirə məktub göndəriblər. Cənab Prezident daha sonra, Avropa İttifaqının da nümayəndələrinin tədbirə qatılmağından məmnunluğunu ifadə edərək qeyd etdi ki, Azərbaycan ötən il AS ilə enerji sahəsində strateji tərəfdaşlığa dair anlaşma memorondumu imzalamışdır. Bununla da Azərbaycan nəhəng enerji xəritəsində mühüm dəyişiklərin edilməsini reallaşdırıb. Bakı Enerji Həftəsini enerji sahəsində böyük beynəlxalq tədbir adlandıran Azərbaycan Prezidenti Avropa İttifaqı ilə Azərbaycanın enerji daşıyıcıları sahəsində əməkdaşlığının gələcəkdə böyük perspektivinin və potensial imkanları olacağına əminliyini ifadə etmişdir. Yunanıstan-Bolqarıstan interkonnektorunun açılışı, Ruminiyanın əməkdaşlıq formatına cəlb edilməsi, Gürcüstan və Macarıstanın iştirakı ilə “ yaşıl enerjiyə və transmissiyaya” dair müvafiq sənədlərin imzalanması, Bolqarıstan, Macarıstan, Ruminiya və Slovakiyanın daxil olduğu “Həmrəylik Halqası” adlandırılan layihənin qəbul edilməsi Azərbaycanın Avropa İttifaqı ilə necə ciddi bir iş birliyi qurduğunun əyani təsdiqidir. Ölkə Prezidenti çıxışı zamanı bu gün dünyada iqlim dəyişməsində, qlobal istiləşmədə, ekoloji problemlərin qarşısının alınmasında böyük əhəmiyyəti olan bərpa olunan və alternativ enerji resurslarının da Azərbaycanda böyük potensialı olduğunu qeyd etmiş, xarici investorları daha sıx əməkdaşlığa dəvət etmişdir. Cənab Prezident enerji istehsalının genişləndirilməsi sahəsində qarşıda böyük işlər olduğunu qeyd etmiş, TANAP və TAP layihələrinin genişləndirilməsini, Avropa boru kəmərlərinə və Balkanlara Azərbaycanın çıxışının olmasını, Avropada interkonnektorların artırılmasının vacib olduğunu, Cənub qaz dəhlizi layihəsinin reallaşması istiqamətində məqsədyönlü işlər görüldüyünü də vurğulamışdır. Prezident çıxışının sonunda bir daha qeyd etmişdir ki, real alıcılarımız, yeni iştirakçılarımız, yeni ideyalarımız, yeni planlarımız var. Komanda olaraq başladığımız işləri uğurla reallaşdıracağına əminliyini ifadə edərək, yekunda cənab Prezident tədbir iştirakçılarına təşəkkürlərini çatdırmışdır. Beləliklə, Bakı daha bir mötəbər beynəlxalq səviyyəli tədbirə ev sahibliyi etdi. Özü də çox böyük iqtisadi, həm də siyasi sambalı olan bir tədbirə.
Nazim Bünyatov,
YAP Ağcabədi rayon təşkilatının sədr müavini