Azərbaycanın qədim tarixə, zəngin mədəniyyətə və çoxəsrlik dövlətçilik ənənələrinə malik Naxçıvan diyarı çətin, mürəkkəb və eyni zamanda, parlaq inkişaf yolu keçmişdir. Əsrlərdən bəri Şərq aləminin elmi-mədəni mərkəzlərindən biri kimi şöhrət tapan bu diyar tarixən çətin sınaqlarla dolu, mürəkkəb və eyni zamanda, şərəfli bir yol qət etmişdir. Naxçıvanın inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə sıx bağlıdır. Ulu Öndər bütün dövrlərdə Naxçıvana böyük diqqət göstərmişdir. Böyük Dövlət Xadimi Heydər Əliyev hələ sovet dövründə siyasi hakimiyyətə gəlişi ilə doğma Azərbaycanımız, onun hər bir guşəsi, eləcə də Naxçıvan Muxtar Respublikası özünün əsl inkişafına qovuşmuşdur. Naxçıvan Muxtar Respublikası qabaqcıl sənaye, kənd təsərrüfatı, elm və mədəniyyət mərkəzinə çevrildi. Naxçıvanın sənayeləşdirilməsinin əsası qoyuldu, 21 iri sənaye müəssisəsi tikilib istifadəyə verildi. Naxçıvan böyük tikinti meydançasına çevrildi, 45 min nəfər əhalinin yaşadığı yeni massivlər salındı, şəhər və rayonların, ucqar dağ kəndlərinin infrastruktur sahələri yeniləndi, təhsil, səhiyyə və mədəniyyət müəssisələri tikildi, köhnə kəndli komalarının yerində müasir üslubda abad evlər ucaldıldı. Naxçıvanın inkişaf yoluna çıxmasında Ulu Öndərin birbaşa göstərişi və rəhbərliyi ilə hazırlanmış Azərbaycan KP MK və Azərbaycan SSR Nazirlər Sovetinin "Naxçıvan MSSR-in xalq təsərrüfatının daha da inkişaf etdirilməsi tədbirləri haqqında" 1974-cü il tarixli birgə Qərarın mühüm əhəmiyyəti var. Sənəddə Naxçıvanın sosial-iqtisadi, mədəni inkişafının təmin edilməsi üçün müvafiq orqanlar qarşısında konkret vəzifələr qoyuldu və onların icra müddəti müəyyənləşdirildi. Dahi Şəxsiyyət muxtar respublikada aparılan quruculuq-abadlıq işlərinin vəziyyəti ilə tanış olmaq üçün 1970-1982-ci illərdə 4 dəfə qədim diyarda səfərdə olması buranın daha da abadlaşmasına və inkişafına öz töhfəsini vermişdir.
MİLLİ-DEMOKRATİK HƏRƏKATIN MƏRKƏZİNƏ ÇEVRİLƏN NAXÇIVAN
Ulu Öndərimiz hər zaman olduğu kimi, öz gəlişi ilə Naxçıvana yeni nəfəs gətirdi, ağır blokada şəraitində olmasına baxmayaraq, bu qədim diyarı dirçəltməyə başladı. Burada muxtar respublika üçün deyil, bütün Azərbaycan üçün həyati əhəmiyyət kəsb edən, dövlət quruculuğu prosesində mayak rolunu oynayan qərarların qəbul edilməsinə nail oldu. Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Ali Sovetinin 1990-cı il noyabrın 17-də keçirilən 12-ci çağırış birinci sessiyasında "Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adının dəyişdirilməsi haqqında", "Naxçıvan Muxtar Respublikasının Dövlət rəmzləri haqqında" tarixi qərarlar qəbul edildi. Ulu Öndərimizin sədrliyi ilə keçirilən həmin tarixi sessiyada Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul olundu. Həmçinin Naxçıvan Muxtar Respublikasının ali qanunvericilik orqanı olan Ali Sovetin adının dəyişdirilərək Ali Məclis adlandırılması muxtar respublikanın ictimai-siyasi həyatına yeni ab-hava gətirdi. Ümummilli Lider Heydər Əliyevin Naxçıvanda fəaliyyəti dövründə Ermənistan tərəfindən blokada şəraitində olan regionun sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması və tərəqqisi üçün əhəmiyyətli tədbirlər görülüb, aqrar islahatlar reallaşdırılıb. Məhz Ulu Öndərin siyasəti sayəsində bölgənin inkişafının və sabitliyinin davamlılığını təmin etmək üçün regional və beynəlxalq əlaqələr qurulub, sonrakı dövr üçün ölkəmizin bütün regionları kimi, Naxçıvanın da sosialiqtisadi inkişafında möhkəm bünövrə formalaşdırılıb. 1992-ci ilin noyabrında Naxçıvan şəhərində Ulu Öndər Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyasının əsası qoyuldu. Həmin dövrdə Naxçıvan bütün ölkədə milli-demokratik hərəkatın mərkəzi, möhkəm dövlətçiliyin, siyasi sabitliyin mövcud olduğu bir bölgə idi. XX əsrin 90-cı illərinin əvvəlində, SSRİ-nin süqutu ərəfəsində yaranmış şəraitdən istifadə edən Ermənistan Azərbaycana qarşı açıq silahlı təcavüzə başlayanda, Naxçıvan Muxtar Respublikası da çətin sınaq qarşısında qaldı. Bu diyarı Azərbaycanın əsas ərazisi ilə birləşdirən yollar bağlandı, Naxçıvan blokada şəraitində yaşamağa başladı. Belə ağır şəraitdə Naxçıvan əhalisi böyük mərdlik və yenilməzlik nümayiş etdirərək, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanın bu qədim torpağını erməni işğalı təhlükəsindən xilas etdi.
NAXÇIVAN YENİ İNKİŞAF DÖVRÜNDƏ
1993-2003-cü illərdə də Ulu Öndər Heydər Əliyev bu diyardan qayğısını əsirgəmədi. Onun Azərbaycana ikinci dəfə rəhbərliyi dövründə muxtar respublikanın sosial-iqtisadi inkişafı ilə bağlı dövlət səviyyəsində qərarlar qəbul olundu. Ümummilli Lider tərəfindən əsası qoyulan bu işlərin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Naxçıvan diyarını yeni inkişaf mərhələsinə çıxarıb. İndi Naxçıvan Muxtar Respublikası milli dövlət quruculuğu prosesinin fəal iştirakçısıdır, ölkəmizin iqtisadi qüdrətinin artırılmasına və intellektual potensialının gücləndirilməsinə dəyərli töhfələr verir. Bir sıra göstəricilərə görə, muxtar respublika ölkənin başqa regionlarından öndə gedir. Prezident İlham Əliyev qədim diyara səfərlərinin birində vurğulamışdır ki, mən hər dəfə Naxçıvana gələndə, yeni obyektlərin açılışında iştirak edəndə, çox sevinir və qürur hissi keçirirəm ki, Azərbaycanın qədim torpağı olan Naxçıvanda belə gözəl işlər görülür.
"NAXÇIVAN MUXTAR RESPUBLİKASI BÜTÜN İQTİSADİ GÖSTƏRİCİLƏRİNƏ GÖRƏ ÇOX SÜRƏTLƏ İNKİŞAF EDƏN RESPUBLİKADIR"
Azərbaycanın, hər yerində olduğu kimi, bu gün Naxçıvan Muxtar Respublikası da yeni inkişaf dövrünü yaşayır. Bu günlərdə Azərbaycan Prezident İlham Əliyevin "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında Sərəncamı bu diyarın sosial-iqtisadi inkişafına daha da təkan olacaqdır. Dövlət Proqramı Naxçıvan iqtisadi rayonuna daxil olan Naxçıvan şəhəri, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarını əhatə edir. Qeyd olunan Sənəddə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsinə nail olunması üçün məqsədlər və prioritet istiqamətlər müəyyən edilib. Son illərdə Naxçıvan Muxtar Respublikasında görülmüş işlər infrastruktur layihələrinin həyata keçirilməsinə, Naxçıvan Muxtar Respublikasında qazlaşdırmanın tam təmin edilməsinə, enerji təchizatının yaxşılaşdırılmasına, müasir yolların inşasına, sosial infrastruktur obyektlərinin tikintisinə və s. səbəb olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışlarının birində qeyd etdiyi kimi, "Son illər ərzində muxtar respublikada böyük abadlıq-quruculuq işləri görülmüşdür. Naxçıvan Muxtar Respublikası bütün iqtisadi göstəricilərinə görə çox sürətlə inkişaf edən respublikadır". Son illərdə Naxçıvanda sənayedə, tikintidə, iqtisadiyyatda və sosial həyatın bütün sahələrində böyük uğurlar qazanılıb. Nəzərdə tutulmuş tədbirlərin, infrastruktur layihələrinin reallaşdırılması təmin edilib və sosial-iqtisadi həyatın bütün istiqamətləri üzrə müsbət dinamika əldə olunub. Belə ki, Naxçıvanda bütün qəsəbə və kəndlər müasirləşib, yenidən qurulub və asfalt yollar salınıb. Son illər muxtar respublikanın kəndlərində dövlət dəstəyi və güzəştli şərtlərlə verilən kreditlər hesabına yüzlərlə kiçik istehsal və emal müəssisəsi yaradılıb.
ƏLVERİŞLİ BİZNES MÜHİTİ
Bu gün Naxçıvanda sənayenin və aqrar sahənin inkişafı yeni sahibkarlar təbəqəsi yaradıb. Dövlət Proqramında qeyd olunan prioritet istiqamətləri sırasında əlverişli biznes mühitinin yaradılması da diqqəti cəlb edir. Naxçıvan Muxtar Respublikasında iqtisadi inkişafın sürətləndirilməsi və iqtisadi canlanmanın təşviqi üçün əlverişli biznes mühitinin formalaşdırılması bu sahədə prosedurların sadələşdirilməsi və asanlaşdırılması məqsədilə tədbirlərin icrası vasitəsilə həyata keçiriləcəkdir. Qeyd olunduğu kimi, burada azad iqtisadi zonanın yaradılması ticarət və logistika imkanlarını genişləndirməklə Naxçıvan Muxtar Respublikasının investisiya cəlbediciliyini artıracaq və iqtisadiyyatın inkişafına əhəmiyyətli töhfə verəcək. Həmçinin hüquqi və fiziki şəxslərə vergi və digər güzəştlərin tətbiq edilməsi ilə özəl sektorun inkişafına nail olunacaq. Bundan başqa, sosial sığorta ödənişlərinin tam və ya qismən dövlət tərəfindən subsidiyalaşdırılması nəzərdən keçiriləcək. Naxçıvanda əhalinin məşğulluğunun artırılması məqsədilə yerli və xarici investisiyaların cəlb edilməsi ilə bağlı tədbirlər həyata keçiriləcək. Ölkədə fəaliyyət göstərən bankların və bank olmayan kredit təşkilatlarının Naxçıvan Muxtar Respublikasında da filiallarının açılması ilə əhalinin, o cümlədən sahibkarların bank xidmətlərinə çıxışı asanlaşacaq, əhalinin və sahibkarların sığorta savadlılığının artırılması və sığorta xidmətlərinə əlçatanlığının inkişafı məqsədilə müvafiq tədbirlər görüləcək. Sahibkarlığın inkişafı, innovativ texnologiyaların tətbiqinin stimullaşdırılması üçün güzəştli kreditlərin verilməsi, təşviqat işlərinin aparılması və digər maliyyə dəstəyi tədbirləri həyata keçiriləcək. Sahibkarlıq subyektlərinə göstərilən xidmətlər vahid yanaşmada və mərkəzləşdirilmiş qaydada təşkil ediləcək. Bütün bu və ya digər tədbirlərin reallaşması əlverişli biznes mühitinin yaradılmasına öz töhfəsini verəcəkdir.
ƏHALİNİN TƏHLÜKƏSİZ VƏ RAHAT YAŞAYIŞININ TƏMİNİ
Dövlət Proqramında sosial sektorun inkişafı, mənzil fondunun inkişaf etdirilməsi və əhalinin yaşayış sahələrinə tələbatının ödənilməsi məqsədilə, əhalinin güzəştli şərtlərlə mənzilə əlçatanlığı təmin edilməsi və s. öz əksini tapıb ki, bu da əhalinin təhlükəsiz və rahat yaşayışının təmin olunmasında mühüm addımlardır. Bununla yanaşı, ümumi təyinatlı internat tipli ümumtəhsil məktəblərinin əhatə dairəsi genişlənəcək, aztəminatlı ailələrin, cəzaçəkmə müəssisələrindən azad edilmiş, habelə əlilliyi müəyyən edilmiş şəxslərin özünüməşğulluğunun təmin edilməsi istiqamətində sosial layihələr həyata keçiriləcək. Kütləvi bədən tərbiyəsi və idmanın həyat tərzinə çevrilməsi, böyüməkdə olan gənc nəsil üçün idman alətlərinin əlçatanlığının təmin edilməsi, əhalinin asudə vaxtlarının səmərəli təşkili üçün idman komplekslərinin yaradılması, əhalinin sıx yaşadığı şəhər və rayon məhəllələrində, parklarda və kəndlərdə açıq hava idman qurğularının qurulması layihələri icra olunacaq.
Dövlət Proqramının icrası məqsədilə müvafiq prioritet istiqamətlərə uyğun tədbirləri əhatə edən Tədbirlər Planının hazırlanması Naxçıvanın sosial-iqtisadi inkişafına müsbət təsirini göstərəcəkdir.
Nəzakət ƏLƏDDİNQIZI