Qarşılıqlı etimad, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələrinin hərtərəfli inkişafı baxımından, həyata keçirilən tədbirlər, ən əsası da dövlətlər arasındakı dostluq-qardaşlıq münasibətləri artıq dünya üçün nümunəyə çevrilib. "Bir millət, iki dövlət", - deyən Ulu Öndər Heydər Əliyevin dövlətlərarası yaratdığı qardaşlıq münasibətləri bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən çox yüksək səviyyədə, uğurla davam etdirilir və müttəfiqlik səviyyəsinə yüksəldilib.
Hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən düzgün, məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq mövcud münasibətlər keyfiyyətcə yeni müstəviyə keçib. Azərbaycan və Türkiyənin təşəbbüsü ilə ölkələrimiz və bütövlükdə bölgə üçün önəmli bir sıra layihələr həyata keçirilir. Azərbaycan və Türkiyə arasında əlaqələrin belə səviyyədə inkişafı həm də regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına təsirini göstərir. Ölkəmizin regional iqtisadi əməkdaşlığa verdiyi böyük əhəmiyyət və trans-regional infrastruktur layihələrində fəal iştirakının nəticəsi olaraq, iki ölkə arasında beynəlxalq əhəmiyyətli bir sıra regional layihələr reallaşıb. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri və s. layihələr bu baxımdan təqdirəlayiqdir. İki ölkənin təşəbbüsü ilə həyata keçirilən digər beynəlxalq əhəmiyyətli layihə TANAP Türkiyə və Avropa Birliyi ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətlidir.
2021-ci il iyunun 15-də "Azərbaycan Respublikası ilə Türkiyə Cumhuriyyəti arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi"nin imzalanması Azərbaycan-Türkiyə münasibətlərində yeni bir dövrün başlanğıcını qoymuş oldu. Qardaş dövlətlərin Şuşa Bəyannaməsini imzalamaları müttəfiqlik münasibətlərinin təzahürüdür. Şuşa Bəyannaməsi Qars müqaviləsinə, Dostluq və Əməkdaşlıq haqqında Müqaviləyə, Strateji Tərəfdaşlıq və Qarşılıqlı Yardım haqqında müqaviləyə əsaslanaraq, Azərbaycan-Türkiyə münasibətlərinə yeni mənəvi-siyasi və hərbi-strateji məzmun verib. Bəyannamədə beynəlxalq müstəvidə birgə əməkdaşlıq, siyasi münasibətlər, iqtisadi-ticari əlaqələr, mədəniyyət, təhsil, idman, gənclər siyasəti, enerji təhlükəsizliyi kimi məsələlər öz əksini tapıb. Tarixi, strateji önəmi, hüquqi, hərbi və siyasi baxımdan xüsusilə böyük əhəmiyyətə malik olan Şuşa Bəyannaməsi dünyaya Azərbaycan-Türkiyə qardaşlığının sarsılmazlığını bir daha nümayiş etdirdi. Azərbaycanla Türkiyənin dostluq, qardaşlıq, qonşuluq münasibətlərini daha yüksək zirvəyə qaldıraraq gələcək əməkdaşlığın hüquqi təminatçısına çevrildi.
44 günlük Vətən müharibəsində Türkiyənin qardaş, dost ölkə olaraq Azərbaycanın yanında olması dövlətlərarası münasibətlərin həqiqətən də dostluğa, qardaşlığa söykəndiyini bir daha sərgiləmiş oldu. Məlumdur ki, Azərbaycan və Türkiyə regionda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, eləcə də region dövlətləri arasında münasibətlərin normallaşdırılması istiqamətində səylərini davam etdirilməsi baxımından yeni imkanlar açır. Şuşa Bəyannaməsi iki ölkə arasında imzalanmış olsa da, bölgə üçün də böyük əhəmiyyət daşıyır.
Müqavilədə qeyd olunuan vacib məqamlardan biri də iqtisadi-nəqliyyat məsələləri ilə bağlıdır. Bəyannamədə Zəngəzur dəhlizinin açılmasına xüsusi önəm yetirilir. Sənəddə qeyd olunduğu kimi, tərəflər Azərbaycan və Türkiyəni birləşdirən ölkəmizin qərb rayonları ilə Azərbaycanın Naxçıvan Muxtar Respublikası arasında Zəngəzur dəhlizinini açılması və həmin dəhlizin davamı kimi Naxçıvan-Qars dəmir yolunun tikintisi iki ölkə arasında nəqliyyat-kommunikasiya əlaqələrinin intensivləşməsinə mühüm töhfə verəcəkdir. Türkiyə ilə Azərbaycan arasında əlaqələrin regional və beynəlxalq sülh və rifaha töhfə verməsi danılmazdır. "Bu gün biz Türkiyəni və Azərbaycanı dəmir yolu ilə, avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi haqqında nəinki danışırıq, bu dəhlizi əməli işlərlə yaradırıq. Müttəfiqlik haqqında imzalanmış Birgə Bəyannamədə bu məsələnin əks olunması böyük məna daşıyır", - deyə Azərbaycan Prezidenti bildirmişdir.
Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə dövlətləri arasında bütün sahələrdə inteqrasiyanın təzahürüdür.
Azər SÜLEYMANOV,
Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri