“Münaqişəli tərəflər arasında delimitasiya və demarkasiya məsələlərində yekun razılığa gəlmədən, kommunikasiya xətlərinin fəaliyyətə başladılması kontekstində Ermənistanın razılığını almadan sülh müqaviləsinin imzalanması mümkün deyil. Əgər bu məsələlər həll olunmadan sülh müqaviləsi imzalansa belə, münasibətlərdəki gərginlik qalacaq”. Bunu “Səs” qəzetinə açıqlamasında politoloq Elşən Manafov deyib.
Onun sözlərinə görə, Avrasiya İqtisadi Birliyinin Moskvada keçirilən iclasında Ermənistanın baş naziri Nikol Paşinyanın üçtərəfli Moskva bəyanatına istinad edərək sülh razılaşması ilə bağlı heç bir müddəanın olmadığını bildirməsi diqqətçəkən məqamlardan biri idi: “Bu, İrəvanın məsələ ilə bağlı mövqeyinin nümayişi idi. İrəvan manipulyasiya edir, erməni və beynəlxalq ictimai rəyi azdırmaq və özünə lazım olan informasiyanı beynəlxalq şəbəkə məkanına çıxarmaq istəyir. İrəvan sülh müqaviləsinin imzalanmasına hazır deyil. Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü Qarabağ da daxil olmaqla, tanıması isə heç də sülhə razı olduğunun göstəricisi deyil. Qərbin Ermənistanla Azərbaycan arasında sülhün əldə edilməsində maraqlarının olduğu mahiyyətinə varmaq lazımdır. Kreml vasitəçiliyi ilə aparılan danışıqlarda, ilk olaraq, bölgədə kommunikasiya və delimitasiya-demarkasiya məsələlərinin gündəm mövzusu olduğu diqqətçəkən məqamdır. İlk olaraq, bu məsələlər ətrafında razılıqların əldə olunmasının vacibliyi vurğulanır. Bu mövqenin daha doğru olduğunu etiraf etmək lazımdır”.
E.Manafov onu da bildirdi ki, Azərbaycanla Ermənistan arasında delimitasiya və demarkasiya məsələlərində yekun razılığa gəlmədən, kommunikasiya xətlərinin fəaliyyətə başladılması kontekstində Ermənistanın razılığını almadan sülh müqaviləsinin imzalanması mümkün deyil: “Əgər bu məsələlər həll olunmadan sülh müqaviləsi imzalansa belə, münasibətlərdəki gərginlik qalacaq. Sülh müqaviləsinin əldə olunmasına gedən yol kommunikasiya xətlərinin açılmasından, sərhədlərin demarkasiya edilməsindən, qarşılıqlı olaraq hərbi əsirlərin dəyişdirilməsindən keçir. Bunlar olmadan məsələnin həlli istiqamətində hər hansı uğur əldə etmək mümkün deyil. ABŞ-nin Cənubi Qafqazda sülh yaratmaq siyasətini gil ayağında gedən nəhəng hesab edirəm. Qərbin əsas məqsədi Rusiyanın Cənubi Qafqaz regionuna təsir imkanlarını azaltmaq, dünya və Azərbaycan ictimaiyyətinə onun haqqında təhrif olunmuş informasiyaları verməkdən ibarətdir”.
GÜLYANƏ