PDF Oxu

Siyasət

  • 12 319

“İran Ermənistana kömək edib və kömək etməkdə davam edir” - MÜNASİBƏT

“İran Ermənistana kömək edib və kömək etməkdə davam edir” - MÜNASİBƏT

“İranın bizə göstərdiyi qərəzli münasibət onun Azərbaycanın müstəqilliyinə qarşı olmasından irəli gəlib. İranın Azərbaycana münasibətdə yeritdiyi qeyri-dost siyasət keçən əsrin 90-cı illərinin əvvəllərindən, Azərbaycanın müstəqilliyini elan etməsindən sonra aydın şəkildə görünməyə başladı. Bunun da birinci səbəbi o idi ki, İran Azərbaycanın müstəqilliyini istəmirdi. Çünki o, İranda yaşayan milyonlarla azərbaycanlının şimaldakı qardaşlarının nümunəsindən ruhlanaraq müstəqillik uğrunda hərəkata başlamasından çəkinirdi”. Bunu “Alyans” strateji araşdırmalar mərkəzinin sədri, siyasi ekspert Abutalıb Səmədov "Səs" qəzetinə açıqlamasında deyib.

Onun sözlərinə görə, belə hallar İranın tarixində bu bir neçə dəfə olub: “Bu səbəbdən keçən əsrin 90-cı illərindən başlayaraq İran Ermənistana daim kömək edib və kömək etməkdə davam edir. Ermənilər də açıq şəkildə deyirlər ki, Ermənistanın ən çətin dövründə İran bizə dayaq oldu, İranın yardımı bizim üçün nəfəslik oldu. Din qardaşlarımız ikinci Qarabağ müharibəsindən sonrakı fəallıqlarını nədənsə ərazilərimizin 20 faizi işğal olunanda, ermənilər məscidləri darmadağın edəndə, dinimizi təhqir edəndə nümayiş etdirmək ehtiyacı hiss etmədilər”.

A.Səmədov onu da bildirdi ki, Ermənistanda ABŞ-ın nəhəng, dünyada ikinci böyük səfirliyi açılanda və orada eyni zamanda yüzlərlə dəniz piyadası yerləşdiriləndə də İranın etirazını eşidən olmadı: “Elə son vaxtlar Avropa İttifaqının müşahidə missiyası Ermənistana gələndə də, fransız jandarmı, alman polisi həmin missiyada iştirak edəndə də İran elə bir etiraz səsini qaldırmadı. Ancaq nədənsə Zəngəzur dəhlizinə fasiləsiz olaraq etiraz edir və tez-tez bəyan edir ki, İran Ermənistanın təhlükəsizliyinin qarantıdır. Çox təəssüf ki, İranın dövlət maraqları Azərbaycan dövlətinin maraqları ilə üst-üstə düşmür. Burada da təqsir Azərbaycan tərəfdə deyil. 30 il ərazilərimiz işğal altında oldu və biz özünə “böyük dövlət” deyən İrandan heç bir ciddi addım görmədik. İndi İran bizə kiminlə əməkdaşlıq edib, kiminlə etməmək barədə məsləhətlər vermək istəyir. Təbiidir, İran çox istərdi ki, Ermənistanla sərhədi 46 km yox, 300-400 kilometr olsun. Necə ki, 30 il Azərbaycan əraziləri işğalda olduğu zaman İranın Ermənistanla sərhədi də yüz kilometrlərlə ölçülürdü. Bu sərhədlərdən narkotik, silah ticarəti və digər məqsədlər üçün İran gen-bol istifadə edirdi. İndi istifadə imkanları azalıb. O kanallar bağlanıb və təbiidir ki, bu da İranın xoşuna gəlmir. Ona görə biz nə onun Zəngəzur dəhlizinə qarşı kəsin çıxışlarına təəccüblə yanaşmalıyıq, nə İranın Qafanda konsulluq açması bizə qəribə görünməlidir, nə də bu müsəlman dövlətinin islam dininə düşmən olan Ermənistanın təhlükəsiziliyinin qarantı olduğunu bəyan etməsi bizi təəccübləndirməlidir. Günümüzün reallığı budur və bu reallığı dəyişdirmək üçün Azərbaycan bundan sonra da öz müttəfiqləri və yaxın dostları ilə ən düzgün addımları atmaqda davam edəcək”.

GÜLYANƏ

Digər xəbərlər