Təbii-coğrafi baxımdan əlverişli mövqedə yerləşən Azərbaycanın geniş turizm potensialı var. Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası da rəngarəng landşaftı, fauna və florası, mineral bulaqları, müalicə mərkəzləri, qədim tarixi, mədəniyyət abidələri ilə zəngindir. Burada qədim dövrlərin yadigarı olan təbiət və tarixi abidələr - Möminə xatun, Qarabağlar, Yusif Küseyir oğlu, Gülüstan türbələri, əsrlərdən bəri qorunub-saxlanılan, yaşı 800 ildən artıq olan Şərq çinarı, nalbənd, tut ağacları və tarixi yaddaşı özündə əks etdirən qədim insanların ilk məskunlaşdığı yaşayış yeri olan Gəmiqaya, Kilit mağarası, möhtəşəmliyi ilə seçilən İlandağ, misilsiz təbiət abidələri olan Babək qalası, Göy-göl və yüzlərlə sənət əsərləri Naxçıva diyarının analoqu olmayan turizm potensialıdır. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində belə demişdir: "Naxçıvan qədim Azərbaycan torpağıdır. Naxçıvanda tarixi abidələr, dini abidələr, memarlıq abidələri, bütün toponimlər Azərbaycan xalqına məxsusdur. Əsrlər boyu Azərbaycan xalqı bu gözəl diyarda yaşamış, yaratmışdır".
Bildiyimiz kimi, bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı" təsdiq edilmişdir. Dövlət Proqramının məqsədi davamlı iqtisadi artımın təmin edilməsi və vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılması sayəsində Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsini və ölkə iqtisadiyyatına tam inteqrasiyasını təmin etməkdən ibarətdir. Bu məqsədə nail olmaq üçün 2023–2027-ci illər üçün 11 prioritet istiqamət müəyyən olunmuşdur. Naxçıvanın iqtisadi-coğrafi mövqeyindən, təbii ehtiyatlarından, sosial-iqtisadi potensialından və tranzit imkanlarından səmərəli istifadə etməklə mövcud çatışmazlıqların aradan qaldırılması və iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı tədbirlər sözügedən prioritet istiqamətlər nəzərə alınmaqla gerçəkləşdiriləcək. Həmin prioritetlər sırasında turizmin inkişafı da yer alıb. Dövlət Proqramına əsasən, Naxçıvan Muxtar Respublikasının duz yataqları, mineral suları, tarixi və dini 10 abidələrindən, ekoturizm üçün təbii əlverişli şəraitindən yararlanmaqla, regionun rəqabətqabiliyyətli turizm məkanına çevrilməsi məqsədilə bu sahənin inkişafına yönəlmiş tədbirlər görüləcəkdir. Sağlamlıq turizminin imkanlarının genişləndirilməsi, qış və kənd turizminin, ekoturizmin inkişaf etdirilməsi, turizm infrastrukturunun yaxşılaşdırılması istiqamətində tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Naxçıvan Muxtar Respublikasının turizm cəlbediciliyinin artırılması və tarixi memarlıq abidələrinin beynəlxalq səviyyədə qorunması məqsədilə həmin abidələrin UNESCO-nun maddi mədəni irs nümunələri üzrə əsas siyahısına salınması üçün iş aparılacaqdır. Eyni zamanda, turizm və rekreasiya zonalarının yaradılması da regionun turizm potensialının gücləndirilməsinə əhəmiyyətli təsir göstərəcək, turizm sahələrinin təbliği ilə bağlı layihələrin həyata keçirilməsi və turizm atlasının hazırlanması təmin ediləcəkdir.
Qeyd edək ki, Naxçıvanda son illər 1200-dən çox tarixi abidə pasportlaşdırılaraq qeydiyyata alınıb. 70-ə yaxın tarix və mədəniyyət abidəsi bərpa olunub. Möminə xatun türbəsi bərpa edilib, "Əshabi-Kəhf Ziyarətgahı" Dini-Mədəni Abidə Kompleksində yenidənqurma işləri aparılıb, Yusif Küseyiroğlu və Nuh Peyğəmbərin məzarüstü türbələri, muxtar respublika ərazisindəki buzxanalar, Naxçıvan şəhərindəki "Came" məscidi, Zaviyə mədrəsəsi, İsmayılxan hamamı, Naxçıvanqala, Xan sarayı, Culfa rayonundakı Xanəgah Abidə Kompleksi, Əlincəqala, Gülüstan türbəsi, Ordubad rayonundakı Aza körpüsü, Qeysəriyyə və digər tarixi abidələr bərpa olunub. Bu il isə Nehrəm İmamzadəsi, Naxçıvan şəhərindəki İmamzadə, Qarabağlar Türbə Kompleksi və Yengicə kəndindəki Şərq hamamında bərpa işləri aparılıb.
NAXÇIVANDA MÜALİCƏ TURİZMİ
Zəngin təbii sərvətlərə malik olan Naxçıvan Muxtar Respublikası təbii müalicə obyektləri ilə də məşhurdur. Bu müalicə obyektlərində dünyanın müxtəlif yerlərindən gələn insanlar şəfa tapırlar. Bu ərazidə 250-dən çox mineral və müalicəvi əhəmiyyətli su mənbələrinin mövcudluğu muxtar respublikada turizmin inkişafı üçün geniş imkanlar yaradır. Həmçinin, dünyada analoqu olmayan Duzdağ və Badamlı fizioterapiya xəstəxanaları və Darıdağ Arsenli Su Müalicəxanası böyük əhəmiyyət kəsb edir. Azərbaycanın mineral su ehtiyatının 60%-i muxtar respublikanın payına düşür. Mineral suların bir hissəsi müalicə əhəmiyyətlidir. Təbii müalicə obyekti Duzdağ bir sıra xəstəliklərin müalicəsində əvəzsiz rola malikdir. Naxçıvanda müalicə turizminin təşkili üçün mövcud olan mineral, su və iqlim ehtiyatları arasında Duzdağ Fizioterapiya Mərkəzinin, Darıdağ Arsenli Su Müalicəxanasının və Ağbulaq İstirahət Mərkəzinin imkanları hesabına təşkil olunan belə müalicə turizmi xidmətləri bu baxımdan regionun ümumi turizm potensialının mühüm bir hissəsini təşkil edir. Son illər Duzdağ Fizioterapiya Mərkəzi hər il orta hesabla 3500-4000 arasında pasiyent qəbul edir. 1979-cu ildə istifadəyə verilən mərkəzdə ilk vaxtlarda lazımi şərait olmadığından, mövcud tələbatı yetərincə ödəmək qeyri-mümkün idi. 2008-ci ildən burada pasiyentlər, tibbi və digər personal üçün yaradılmış müasir şərait bu gün müalicə turizmi üçün çox əlverişli imkanlar açmışdır. Mərkəzdə ölkəmizin bir çox yerlərindən, o cümlədən Türkiyə, Gürcüstan, Ukrayna, Rusiya, Tacikistan, Qazaxıstan, Almaniya, Hollandiya, Avstriya və İngiltərə kimi xarici ölkələrdən gələn insanlar yuxarı tənəffüs yolları xəstəliyinin müalicəsi üçün əlverişli imkan tapırlar. Eyni zamanda, Duzdağın və Naxçıvan şəhərinin qədim tarixi, burada yaradılmış Duz Muzeyi də tanışlıq məqsədilə gələn turistlər üçün çox gözəl fürsət olur. Naxçıvanda böyrək daşlarının müalicəsi üçün istifadə olunan mineral su mənbələri sırasında Şahbuz rayonu ərazisindəki "Böyrək suyu" adlanan bulaq mühüm əhəmiyyətə malikdir. Burada bulaq suyunun qablaşdırılması və kütləvi istifadəsi üçün zavod fəaliyyət göstərir. Bu suyun dörd növ böyrək daşını salması faktı elmi cəhətdən təsdiqini tapıb. Qeyd edək ki, xarici ölkələrin heç birində belə tərkibdə mineral su yoxdur. Naxçıvandakı radonlu və kükürdlü suların analoqunu xarici ölkələrdə az-az tapmaq mümkündür.
DÜNYADA ƏN ZƏNGİN VƏ GÜCLÜ MİNERAL TƏRKİBİ OLAN MÜALİCƏVİ SU
Bundan başqa, Culfa rayonu ərazisində yerləşən Darıdağ Arsenli Su Müalicəxanasında bir çox xəstəliklər müalicə olunur. Dünyanın bir çox yerlərindən buraya xəstələr müraciət edir. Darıdağ suyundan hələ qədim zamanlardan sümük-oynaq və əzələ sistemi xəstəliklərində, o cümlədən, duzlaşma adlanan xəstəliklərin müalicəsində geniş istifadə olunub. Darıdağ arsenli su dünyada ən zəngin və güclü mineral tərkibi olan müalicəvi sudur. Bu suyun bir çox xəstəliklərin müalicəsində faydalı olması kliniki təcrübələrdə də sübut olunub. 1978-ci ildən fəaliyyətə başlayan Darıdağ Arsenli Su Müalicəxanası 2005-ci ildə müasir tələblərə uyğun tərzdə yenidən qurularaq, istifadəyə verilib.
Sağlamlığın bərpa olunması üçün münasib iqlimdən istifadə, keçmişdə olduğu kimi, müasir dövrdə də aktualdır. Belə ki, kurort məqsədilə istifadə olunan iqlim mənbələri bütün əhali üçün ilboyu istirahətin ən sərfəli mənbəyidir.
Ölkəmizin sanatoriya-kurort ehtiyatlarından səmərəli istifadə etməklə, əhalinin sağlamlığının qorunmasını əsas məqsəd kimi qarşıya qoyub. Uzun illər ərzində bu sahədə aparılmış dövlət siyasəti nəticəsində, inkişaf etmiş və kütləvi tələbatı ödəyən kurort kompleksi yaradılıb. Əlbəttə ki, geniş turizm imkanlarına malik olan Naxçıvana turistlərin üz tutmasının səbəblərindən biri də buradakı infrastrukturla, tarixi abidələrlə yanaşı, sabitliyin hökm sürməsi ilə də bağlıdır. Naxçıvan beynəlxalq tədbirlərə, idman yarışlarına ev sahibliyi edir. Bildiyimiz kimi, Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı elan olunması, ölkəmizin Gənclər Paytaxtı seçilməsi mühüm əhəmiyyətə malikdir. Əlbəttə ki, dövlətimiz tərəfindən Naxçıvanın inkişafı ilə bağlı görülmüş tədbirlər və qeyd etdiyimiz Dövlət Proqramı çərçivəsində görüləcək işlər buranın turizm imkanlarının daha da genişləndirilməsinə öz töhfəsini verəcəkdir.
Nəzakət ƏLƏDDİNQIZI