Prezident İlham Əliyev: “Biz birgə səylərimizlə bundan sonra da gələcək əlaqələrimizin möhkəmlənməsinə, ticari-iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlığın genişlənməsinə xalqlarımızın və ölkələrimizin tərəqqisi naminə fəal kömək edəcəyik”
Azərbaycan dünyanın bir çox ölkələri ilə yanaşı, Rusiya ilə də əlaqələri daim diqqətdə saxlayır. Azərbaycan və Rusiya arasında müxtəlif sahələri əhatə edən müqavilələr və sazişlər imzalanıb və bu münasibətlər bu gün yeni müstəvidədir. Dövlət başçılarının keçirdiyi görüşlər, ikitərəfli və beynəlxalq gündəmdə olan əsas mövzularla bağlı müzakirələr bu əlaqələrin genişlənməsinə gətirib çıxarır. Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə vurğulayıb ki, ictimai-siyasi və humanitar sahələrdə Rusiya ilə Azərbaycan arasında siyasi dialoq, fəal parlamentlərarası və regionlararası əməkdaşlıq tənzimlənib. Ticari-iqtisadi, investisiya, elmi-texniki və humanitar əlaqələr və vətəndaş cəmiyyəti təsisatları arasında kontaktlar genişlənir. Bu gün iki ölkə arasında 140-a yaxın dövlətlərarası və hökumətlərarası müqavilə və saziş qüvvədədir. Eləcə də 2024-cü ilədək olan dövr üçün Rusiya-Azərbaycan əməkdaşlığının əsas istiqamətləri üzrə plan imzalanıb.Təbii ki, Rusiya və Azərbaycanı möhkəm dostluq və əməkdaşlıq ənənələri bir-birinə bağlayır. Dövlətlərarası münasibətlər qarşılıqlı faydalı tərəfdaşlıq xarakteri daşıyır, mehriban qonşuluq və bir-birinin marağına hörmət prinsiplərinə əsaslanır. "Azərbaycanı və Rusiyanı xalqlarımız arasındakı çoxəsrlik dostluq, mehriban qonşuluq və qarşılıqlı dəstək ənənələri bağlayır. Bu gün bizim dövlətlərarası əlaqələrimiz, gündən-günə yeni sahələri əhatə edən sıx və etibarlı tərəfdaşlıq münasibətlərimiz bu möhkəm təməl üzərində uğurla inkişaf edir. Böyük məmnuniyyətlə Azərbaycan-Rusiya əlaqələrinin ruhunu və xarakterini əks etdirən, gələcək illər üçün çoxplanlı qarşılıqlı fəaliyyəti müəyyənləşdirən Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannaməni qeyd etmək istərdim. Əminəm ki, biz birgə səylərimizlə bundan sonra da gələcək əlaqələrimizin möhkəmlənməsinə, ticari-iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlığın genişlənməsinə xalqlarımızın və ölkələrimizin tərəqqisi naminə fəal kömək edəcəyik". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə dövlət bayramı – Rusiya Günü münasibətilə ünvanladığı təbrikində bildirib.
İyunun 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyası Prezidentinin köməkçisi İqor Levitini qəbul etməsi əlaqələrin davamlığına söykənir. İqor Levitin Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək, Ulu Öndərin 100 illiyinin Rusiyada geniş şəkildə qeyd olunduğunu məmnunluqla vurğulayıb.Görüşdə Azərbaycan ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə uğurla inkişaf etdiyi qeyd olunub. Söhbət zamanı Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafı üzrə qarşılıqlı səylərin davam etdirilməsi, yük həcmlərinin artırılması, Azərbaycan ərazisində müvafiq infrastrukturdan istifadə imkanları, müasir nəqliyyat habına çevrilən ölkəmizin ərazisindən Bakı-Tbilisi-Qars və Şimal-Cənub nəqliyyat dəhlizləri vasitəsilə daşımalar barədə fikir mübadiləsi aparılıb.Gələcəkdə Zəngəzur dəhlizinin potensialından Rusiyanın istifadə imkanlarının araşdırılması ilə əlaqədar məsələlər müzakirə olunub. Azərbaycanda müasir gəmiqayırma sahəsinin imkanlarından istifadə edilməsi ilə bağlı fikir mübadiləsi də aparılıb.
RUSİYA İLƏ AZƏRBAYCANI ÇOXƏSRLİK DOSTLUQ, MEHRİBAN QONŞULUQ TELLƏRİ BAĞLAYIR
Azərbaycan Rusiya münasibətləri bu gün yeni reallıqlara əsaslanır. Ötən ilin fevralın 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin mətbuata bəyanatlarla çıxış edərkən dövlət başçımızın bildirdiyi kimi, "Bizim görüşlərimizin intensivliyi əlaqələrimizin inkişafının dinamik xarakter daşımasına parlaq sübutdur. Rusiya ilə Azərbaycanı çoxəsrlik dostluq, mehriban qonşuluq telləri bağlayır. Vladimir Vladimiroviçin qeyd etdiyi kimi, bu əlaqələr bu gün keyfiyyətcə yeni səviyyəyə çatıb." Müstəqillik dövründa iki ölkə arasında mövcud olan münasibətləri qoruyub saxlayaraq keyfiyyət və mahiyyətcə yeni səviyyəyə çıxarmaq mümkün olmuşdur. Dövlətlərarası çox geniş müqavilə-hüquq bazası var. Moskvada imzalanan "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında" Bəyannamə tərəflər arasında bir çox sahələrdə, o cümlədən hərbi-siyasi sahədə yeni əməkdaşlığın daha da möhkəmlənəcəyinə təkandır. Bu sənəd postsovet məkanında təhlükəsizlik sahəsində əməkdaşlıq üçün yeni imkanlar yaradır.
BİZ BEYNƏLXALQ MƏKANLARDA FƏAL QARŞILIQLI ƏLAQƏ SAXLAYIRIQ, SİYASİ DİALOQ FƏALLAŞIR, İQTİSADİ ƏLAQƏLƏR MÖHKƏMLƏNİR
Vurğulamaq yerinə düşər ki, 4 aprel 1992-ci il tarixində Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında diplomatik əlaqələr qurulmuşdur və həmin ildə hər iki dövlətin qarşılıqlı olaraq səfirlikləri açılıb. Azərbaycan Respublikası Ali Sovetinin sədri kimi Heydər Əliyev 15 iyun 1993-cü ildə Milli Məclisin iclasındakı ilk çıxışında iki ölkə arasında münasibətlər qurulmasının vacibliyini belə şərh etmişdi: "Rusiya çox böyük dövlətdir, bizim şimal qonşumuzdur. Şübhəsiz ki, Rusiya ilə Azərbaycan arasında müstəqil prinsiplər əsasında münasibətlər bundan sonra daha yaxşı, daha geniş, səmərəli olmalıdır".
Son illər Azərbaycan və Rusiya arasında bütün səviyyələrdə intensiv siyasi dialoq gedir. Sistem xarakterli beynəlxalq-hüquqi sənədlərə söykənən münasibətlər yüksək dinamikaya malikdir. Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında 1997-ci il tarixli müqavilə, 2001-ci il tarixli Bakı və 2004-cü il tarixli Moskva bəyannaməsi ilə inkişaf etdirildi. Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan-Rusiya münasibətlərini xarakterizə edərkən belə demişdir: "Tez-tez baş tutan görüşlər, əlbəttə, bizim münasibətlərimizin inkişafına yeni təkan verir. Artıq çoxdan strateji tərəfdaşlıq səviyyəsinə çatmış bu münasibətlər bizim həyatımızın demək olar ki, bütün sahələrini əhatə edir. Biz beynəlxalq məkanlarda fəal qarşılıqlı əlaqə saxlayırıq, siyasi dialoq fəallaşır, iqtisadi əlaqələr möhkəmlənir, nəqliyyat və energetika sahələrində də yaxşı nəticələr var, humanitar əməkdaşlıq inkişaf edir".
HUMANİTAR SAHƏDƏ SIX ƏMƏKDAŞLIQ
Azərbaycan və Rusiya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi ərəfəsində imzalanan yuxarıda qeyd etdiyimiz sənədin imzalanması ölkələrimiz, qarşılıqlı əlaqələrimiz üçün, həm də regional təhlükəsizlik üçün əhəmiyyəti danılmazdır. "Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında Bəyannamə"nin imzalanması tarixi əhəmiyyətli sənəddir. Bəyannamə iki ölkənin qarşılıqlı əlaqələrinin ən vacib sahələrini əhatə edir. Bu sahələrdən biri də humanitar sahədir. Azərbaycanda digər xalqlar kimi ruslara da ölkənin sosial-iqtisadi, siyasi və mədəni həyatına tam şəkildə inteqrasiya edə bilmək ucun hər cur şərait yaradılıb. Bildiyimiz kimi, Azərbaycanda rus ədəbiyyatına və mədəniyyətinə böyük maraq var. Məktəblərdə rus dilinin öyrənilməsi tam həcmdə saxlanılıb və 300-dən çox məktəb fəaliyyət göstərir. Paytaxtda Azərbaycan Dövlət Rus Dram Teatrı və Slavyan Universiteti fəaliyyətdədir. Rusiyanın aparıcı ali məktəblərinin Azərbaycanda filialları açılıb. Lomonosov adına Moskva Dövlət Universitetinin filialı, Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filialı çox uğurla fəaliyyət göstərir. "Biz demək olar ki, bu sahənin inkişafına müvafiq impuls veririk" deyən Prezident bildirib ki, Azərbaycanda ali məktəblərin rus bölməsində 15 mindən çox tələbə təhsil alır və rus dilində təhsilə maraq artır: "Ölkəmizdə Moskva Dövlət Universitetinin, Seçenov adına Tibb Akademiyasının filialları fəaliyyət göstərir və biz əməkdaşlıq potensialını artırmaq niyyətindəyik".
Qeyd edək ki, 2022-ci il "Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə"nin imzalanması, "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında" Müqavilənin təsdiq edilməsi, "Aqroekspress" layihəsi çərçivəsində Azərbaycandan Rusiyaya ilk yük qatarının göndərilməsi və digər mühüm hadisələr iqtisadi münasibətlərin inkişafında öz sözünü deyir. Bu gün ölkəmizdə Rusiya kapitallı yüzlərlə şirkət fəaliyyət göstərir. Azərbaycan Rusiya iqtisadiyyatına təxminən 1,2 milyard dollar, Rusiya isə Azərbaycan iqtisadiyyatına 4,9 milyard dollar sərmayə qoyub.
Cənubi Qafqaz regionunda yeni reallıqlar regiondakı bütün ölkələr arasında, o cümlədən Azərbaycan və Rusiya arasında qarşılıqlı əməkdaşlığı genişləndirib. Müasir dünyada Azərbaycan region ölkələri arasında əməkdaşlığın inkişaf etdirilməsinin fəal tərəfdarıdır.
Zümrüd BAYRAMOVA