15 iyun 2021-ci il tarixdə işğaldan azad edilmiş Şuşa şəhərində Azərbaycan və Türkiyə Prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan tərəfindən “Şuşa Bəyannaməsi”nin imzalanmasından iki il ötür. 100 il öncə iki qardaş ölkəni bir-birinə sıx bağlayan “Qars müqaviləsi” idisə, indi artıq iki ölkə arasında tarix boyu süzgəcdən və sınaqdan keçmiş, ortaq strateji maraqlara malik hərbi-siyasi və təhlükəsizlik məsələsi olan “Şuşa Bəyannaməsi” var. Qars müqaviləsindən sonra Azərbaycan və Türkiyə arsında bir çox razılaşmalar əldə olunub, bir sıra müqavilələr imzalanıb. Lakin bu sənədlərin içərisində ən qətiyyətlisi, ən əhatəlisi “Şuşa Bəyannaməsi”dir. Beynəlxalq hüquqa istinad olunmuş tarixi müqavilə Qars müqaviləsi ilə müqayisə edilsə də, burada üçüncü tərəfin iştirak etməməsi, qardaş ölkələrin bir-birinin ərazi bütövlüyü və suverenliyinə, təhlükəsizliyinə təminat vermələri baxımından daha üst səviyyəli sənəd olaraq şərəf tariximizə düşmüşdür.
“Şuşa Bəyannaməsi” Azərbaycan ilə Türkiyənin qardaşlığını bütün dünyaya bildirən bir mesajdır. Bu bəyannamə ilə iki ölkə Qafqazda sabitliyi və təhlükəsizliyi daha da möhkəmləndirəcək, regional və beynəlxalq sabitliyə mənfi təsir edən çağırışlara, xüsusi ilə terrorçuluğa qarşı mübarizəni dərinləşdirəcək. Bundan başqa bütün türk dünyasının birlik və rifahına xidmət edəcək səylər artırılacaq. O türk dünyası ki, Avrasiya məkanında böyük bir ərazini əhatə edir.
“Şuşa Bəyannaməsi” Avrasiya regionunun gələcək taleyində vacib rol oynayacaq bir sənəddir. Azərbaycan və Türkiyə artıq hərbi müttəfiq kimi Avrasiya məkanında əsas söz sahibi olacaqlar. Bəyannamədə ən önəmli hissələrdən biri odur ki, iki ölkənin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, sərhədlərinin toxunulmazlığına, təhlükəsizliyinə qarşı hər hansı bir təhdid olarsa, tərəflər bir-birinə BMT nizamnaməsinə uyğun zəruri yardım göstərəcəklər. Bu məqamda silahlı qüvvələrin fəaliyyəti əlaqələndiriləcək. Bundan başqa bəyannamədə beynəlxalq müstəvidə birgə fəaliyyət və əməkdaşlıq, siyasi, iqtisadi, mədəni, humanitar və digər sahələrdə əlaqələrin inkişafı, xüsusilə də hər iki ölkənin milli və birgə təhlükəsizliyi ilə əlaqədar çox vacib məsələlər əks olunub. Sənəddə müharibədən sonrakı mərhələdə Qafqaz regionunda sabitliyin, təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi-nəqliyyat əlaqələrinin bərpası, eləcə də region dövlətləri arasında münasibətlərin normallaşdırılması və uzunmüddətli sülhün təmin edilməsi istiqamətində birgə səylərin artırılmasının zəruriliyi də vurğulanıb. Bir sözlə bu bəyannamə sülhə və inteqrasiyaya yol açır.
44 günlük Vətən Müharibəsində Qarabağın işğaldan azad edilmiş şəhər və rayonlarında - Şuşa, Ağdam, Hadrut, Füzuli və s. rayonlarda Azərbaycan bayrağı ilə yanaşı, Türkiyə bayrağının da dalğalanması Qarabağın Türkiyənin himayəsində və müdafiəsində olduğunun isbatıdır. “Şuşa Bəyannaməsi”nin imzalanmasından və ratifikasiyasından sonra Azərbaycan-Türkiyə münasibətlərinin geostrateji əhəmiyyəti artdı və bu münasibətlər mənəvi məsələdən hüquqi müstəviyə keçid aldı. Bu bəyannamə ilə iki qardaş ölkənin münasibətləri əbədi bir status aldı.
Türkiyə ilə Azərbaycan arasında hərbi və təhlükəsizlik sahəsində atılmış bu müttəfiqlik addımı gələcəkdə başqa dövlətlərin də Azərbaycanın yanında olmasına bir işarədir. Bəyannamə ilə nəzərdə tutulan iqtisadi sahədə əməkdaşlığın istiqamətlərinə gəlincə, bura kibertəhlükəsizlik, ixracın şaxələndirilməsi, birgə istehsalın qurulması, Azərbaycan və Türkiyə mallarının sərbəst hərəkətinin təşkili, Cənub Qaz Dəhlizinin səmərəli istifadəsi və daha da inkişaf etdirilməsi, iki ölkənin ərazisindən keçən Şərq-Qərb orta beynəlxalq nəqliyyat dəhlizinin rəqabət qabiliyyətinin artırılması, Azərbaycanla Türkiyəni birləşdirən Zəngəzur dəhlizinin açılması, həmin dəhlizin davamı olaraq Naxçıvan-Qars dəmir yolunun tikintisi və digər məsələlər daxildir. “Şuşa Bəyannaməsi” yalnız Azərbaycan və Türkiyə münasibətlərinin, strateji əməkdaşlığın genişləndirilməsinə deyil, eyni zamanda regionda yeni bir mərhələnin formalaşmasına imkan verəcək. Bəyannamədə nəzərdə tutulan fəaliyyətlərin icra edilməsi və xüsusən də kommunikasiyanın bərpa edilməsi dəhlizlərin inteqrasiyası, Zəngəzur dəhlizinin istifadəyə verilməsi region dövlətlərinə böyük bir töhfə verəcək. Mahiyyət etibarilə, “Şuşa Bəyannaməsi” bölgədə inteqrasiya proseslərini, yeni sərmayə qoyuluşunu stimullaşdırır. Bəyannamə iki ölkə arasında imzalansa da, bu sənəd həm də bütövlükdə bölgəyə işıq salır.
Azərbaycan-Türkiyə münasibətləri Türk dünyasının siyasi, iqtisadi, mənəvi, ideoloji lokomotivi, hərəkətverici qüvvəsidir. Qarşılıqlı münasibətlərinin bütün spektrini özündə əks etdirən bu sənədin qardaş Tükiyənin Azərbaycana açıq və birmənalı dəstəyi, ortaq hədəflərimizin birliyi, maraqlarımızın yüzillər boyu davam edəcək bir zaman kəsiyi üçün uzlaşdırılması aspektindən tayı-bərabəri yoxdur. Strateji münasibətlərin Azərbaycan-Türkiyə səviyyəsinə çatdırılması üçün ortaq dil, mədəniyyət və tarix kimi amillərlə yanaşı, milli iradəni tarixi prosesləri düzgün təhlil edərək, perspektivləri doğru dəyərləndirərək olduğu kimi ifadə etmək, qarşılıqlı etimadlı münasibətləri inkişaf etdirmək mühüm əhəmiyyət kəsb edir.
“Şuşa Bəyannaməsi”nin birinci ildönümü münasibətilə Şuşa şəhərində “Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir” mövzusunda keçirilən beynəlxalq konfransda çıxış edən Prezident İlham Əliyev konfrans iştirakçılarına müraciətində demişdir: “İki qardaş ölkə arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi Türk dünyasının parlaq şəxsiyyətləri – “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” deyən Mustafa Kamal Atatürkün və “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir” deyən Heydər Əliyevin irsinə sadiqliyin ifadəsi, gələcək nəsillər üçün örnəkdir. “Şuşa Bəyannaməsi” çoxşaxəli münasibətlərimizin ən yüksək zirvədə olduğunu göstərən mühüm sənəddir”.
Günay Məmmədli
YAP Yasamal rayonu “Azərsu” ASC üzrə ərazi partiya təşkilatının sədri