Azərbaycan və Türkiyə tarixi köklərlə və qırılmaz tellərlə həmişə bir-birinə bağlı olmuşdur. Bu nöqteyi-nəzərdən Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2021-ci il iyunun 15-də Şuşada imzaladıqları Bəyannamə iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoydu. Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin imzalanması ölkələrimiz arasındakı münasibətlərin bütün müstəvilərdə davamlı inkişafını təmin edəcəkdir. Şuşa Bəyannaməsinin məhz Milli Qurtuluş günündə, həm də Şuşada imzalanması böyük siyasi məna daşıyır. Bu Bəyannamənin imzalanması ilə Türkiyə və Azərbaycan münasibətləri rəsmən müttəfiqlik zirvəsinə ucaldı. Ölkələrimiz arasındakı müttəfiqlik əlaqələri siyasət, beynəlxalq müstəvidə birgə əməkdaşlıq, iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil, ordu quruculuğu və digər strateji sahələri əhatə edir.
Bağlanan Şuşa Bəyannaməsi Azərbaycanın siyasi, diplomatik və iqtisadi uğurudur. Bəyannamədə nəzərdə tutulan hərbi əməkdaşlıq, regional əhəmiyyət daşıyan iqtisadi layihələr və bütün digər müstəviləri əhatə edən təşəbbüslər ölkəmizin beynəlxalq nüfuzunu artıracaq. Bu tarixi sənəddə xalqlarımızın böyük liderləri Mustafa Kamal Atatürk və Heydər Əliyevin kəlamları öz əksini tapıb. XX əsrin əvvəllərində Mustafa Kamal Atatürk demişdir: “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”. XX əsrin sonlarında isə Ulu Öndər Heydər Əliyev demişdir: “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir”.
Türkiyə Vətən müharibəsinin gedişində Azərbaycana mənəvi-siyasi cəhətcə dayaq olduğu kimi, işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma işlərində də Azərbaycan ilə Türkiyə arasında sıx əməkdaşlıq mövcuddur. Ölkəmiz üçün Zəngəzur dəhlizinin açılması böyük geosiyasi və iqtisadi əhəmiyyətə malikdir. Bu layihənin həyata keçirilməsi ilə Şərqdən Qərbə hər kəsin istifadə edə biləcəyi yeni bir ortaq iqtisadi dəhliz açılacaqdır. Türkiyə ilə Azərbaycanı dəmiryolu və avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizinin reallığa çevrilməsinə çox vaxt qalmamışdır.
Cari ilin may ayının 28-də Azərbaycanın müstəqillik günü ilə eyni gündə Türkiyədə keçirilən Prezident seçkilərində Rəcəb Tayyib Ərdoğanın yenidən seçkilərdə qalib gələrək Prezident seçilməsi regionda və eləcə də dünyanın siyasi mənzərəsində yeni mərhələ yaradacaqdır. Yeri gəlmişkən, Türkiyədə yaşayan Azərbaycanlılar, eləcə də, Azərbaycanda yaşayan türklər böyük siyasi fəallıqla seçkilərdə iştirak etmiş, Ərdoğanı dəstəkləmişlər. Bu seçkidə Ədalət və İnkişaf Partiyasının seçkilərdə məğlub olacağını zənn edən bir sıra qüvvələr artıq başa düşdülər ki, türk xalqı gələcəyə kiminlə addımlayacağını yaxşı bilir, ölkənin inkişafının Rəcəb Tayyib Ərdoğanla sıx bağlı olduğunu çox gözəl dərk edirlər. Seçkilərdən sonra Azərbaycanın sülh təşəbbüslərinə adekvat cavab verməyən Ermənistan və onun havadarları yeni sitiuasiyaya uyğun siyasət sərgiləməyə məcbur qaldı. Artıq Azərbaycanın sülh təşəbbüsləri cavabsız qalmır, danışıqlar masası arxasında proses intensiv məcrada davam etdirilir.
Şuşa Bəyannaməsinin tarixi əhəmiyyətindən biri də ondan ibarətdir ki, hər iki ölkə müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı surətdə bir-birinin təhlükəsizliyini təmin edəcək. Bu isə iki Qardaş ölkənin hərbi qüdrətinin yüksəlməsi deməkdir.
Bir neçə gündən sonra bağlanmasının iki ili tamam olacaq Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə Qardaşlığını yeni tarixi mərhələyə yüksəldən tarixi sənəddir.
Nazim Bünyatov,
YAP Ağcabədi rayon təşkilatının sədr müavini