Azərbaycanın beynəlxalq münasibətlər sistemində söz sahibi olması ölkəmizə qarşı bəzi dövlətlər tərəfindən qısqanclıq hissinin yaranmasına səbəb olur. Elə dövlətlər var ki, ölkəmizə qarşı ikili standartlardan çıxış edir, üzdə özlərini dost ölkə kimi göstərsələr də, əslində, Azərbaycanın dünyada artan gücü, yüksələn iqtisadi potensialı onları narahat edir. Regionda və dünyada əksər ölkələrin daxilində hakimiyyətlərlə xalq arasında dərin uçurum mövcuddur. Onlar bundan da qısqanırlar ki, Azərbaycan sabitlik adasıdır, sakit dövlətdir, təhlükəsizlik ən yüksək səviyyədə təmin olunub. Həm də Azərbaycanın 44 günlük Vətən müharibəsi ilə Ermənistanın 30 il ərzində işğal altında saxladığı torpaqlarını azad etməsi molla rejimini, eləcə də əmmaməli mollalar kimi düşünən qüvvələri ciddi narahat edir. Bu səbəbdən də, Azərbaycana qarşı məkrli və terrorizm siyasəti aparırlar. İngiltərə, Fransa və nəhayət, Tehranda səfirliyimizə edilən xain hücumları ölkəmizin dünyada artan nüfuzuna, gücündən və qüdrətindən narahat olmalarından irəli gəlir. 2023-cü ilin yanvarın 27-də Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə edilən terror hücumu nəticəsində bir nəfər səfirlik əməkdaşı şəhid edildi, iki nəfər isə ağır yaralandı. Bu günə qədər də molla rejimi səfirliyə edilən xain hücuma düz-əməlli izahat verməyib, həm də dövlət səviyyəsində üzr istənilməyib. Azərbaycan səfirliyinin ərazisi Azərbaycan Respublikasının ərazisi sayıldığı üçün terror aksiyası, eyni zamanda, Azərbaycan Respublikasının ərazi bütövlüyünə qarşı qəsd kimi qəbul edilməli, sifarişçilərin və icraçıların tez bir zamanda Azərbaycan Respublikasının ədalət məhkəməsi qarşısında dayanması istiqamətində beynəlxalq müstəvidə məsələ qaldırılmalıdır. Azərbaycan səfirliyinə hücum, baş verən terror aksiyası ilə bağlı Beynəlxalq Məhkəməyə müraciət olunmalı, 1961-ci il Vyana Konvensiyasının 22, 23, 24, 25, 27, 29, 31, 37, 47-ci maddələrinin, Konsulluq münasibətləri haqqında 1963-cü il Vyana Konvensiyasının 28, 30, 31, 37, 47-ci maddələrinin, Beynəlxalq müdafiədən istifadə edən şəxslərə, o cümlədən diplomatik agentlərə yönəlmiş cinayətlərin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiyanın 4 və 7-ci maddələrinin və BMT Nizamnaməsinin 3 və 4-cü fəsillərinin 2 və 33-cü maddələrinə əsasən, molla rejiminə qarşı iddia qaldırılmalıdır. Azərbaycanın Tehrandakı səfirliyinə edilən hücum BMT, NATO, Avropa İttifaqı, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, o cümlədən 60-dan çox ölkənin dövlət başçıları, xarici işlər nazirləri və səfirləri tərəfindən terror aktı kimi pislənmişdir.
Fars-molla rejimi səfirliyimizə təşkil etdiyi xain hücuma görə hələ də Azərbaycan xalqından üzr istəməyib
Görünən ondan ibarətdir ki, fars-molla rejiminin beynəlxalq hüquq baxımdan səfirliyimizə təşkil etdiyi terror hücumuna görə Azərbaycan xalqından rəsmi şəkildə üzr istəməməsi və bu azmış kimi terrorçuya müəyyən məsələlərdə himayədarlıq etməsi onu deməyə əsas verir ki, terror molla rejiminin dövlət siyasətidir. Bu isə birbaşa molla rejiminin cani və quldur bir rejim olduğunu təsdiqləyir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizin Tehrandakı səfirliyinə xain hücumla əlaqədar tvitterdə paylaşımda Tehrandakı səfirliyimizə qarşı törədilmiş terror aktını şiddətlə qınayıb və bu hücumu beynəlxalq hüquq normalarına sığmayan qatı cinayət olaraq qiymətləndirib: “Bu terror aktının tezliklə araşdırılacağını və terrorçuların cəzalandırılacağını tələb edirik. Diplomatik nümayəndəliklərə qarşı terror hücumu qəbuledilməzdir!”. Fars-molla rejiminin vəhşi bir rejim olduğu bütün parametrlər üzrə özünü təsdiq edir. Məlum olur ki, Ermənistan qədər fars-molla rejimi də dünyada sülhə və təhlükəsizliyə təhdid yaradır. Bu baxımdan, hər iki terrorçu dövlətin mövcudluğuna son qoyulmalıdır. Yalnız bu halda bəşəriyyət dinclik tapa bilər. Fikir verin terrorçu fars-molla rejimi səfirliyimizə etdiyi xain hücumun ardınca sərhədlərimizə yaxın ərazilərdə hərbi təlimlər keçirməyə çalışdı. Ermənistana arxa durmaqla Zəngəzur dəhlizinin açılmasına qarşı çıxan hərəkətlərə yol verir. Bununla yanaşı, Tehrana, Təbrizə, Ərdəbilə və digər tarixi Azərbaycan ərazilərinə səfərlər edən soydaşlarımız oğurlanaraq zindanlara atılır, sonradan isə onlara qarşı qurama ittihamlar irəli sürülür. Xüsusilə də, ittihamların əsas hissəsini cəsus adının verilməsi olur. Almaniyada təhsil alan və sevdiyi qızın çağırışı ilə molla rejiminin nəzarətində olan torpaqlara səfər edən Fərid Səfərlinin həbs edilərək 3 ay sonra ona qarşı cəsus ittihamının irəli sürülməsi terrorçu rejimin qaniçən bir rejim olduğunu göstərir.
Güney Azərbaycanın müstəqilliyinə qovuşması qaçılmazdır
Əminliklə demək olar ki, gec-tez molla rejiminin varlığına son qoyulacaq və F.Səfərli kimi insanlarımız azadlıqlarına qovuşacaqlar. Yəni, tarixin yenidən təkrarlanması qaçılmazdır. Bu halda tarixi şans əldən buraxılmayacaq. Cənubu Azərbaycan müstəqilliyinə qovuşmaqla əbədi mövcudluğunu qoruyub, saxlayacaq. Fakt bidir ki, 1905-ci il Səttərxan və Şeyx Məhəmməd Xiyabani hərəkatı, 1945-ci ildə isə Pişəvəri inqilabı baş verib. Pişəvəri hərəkatı güneyli soydaşlarımızın parlaq dövlətçiliklərini qurmaqla yekunlaşdı. Bu dövlət bir il yaşadı. Təəssüf ki, o vaxtkı SSRİ rəhbərliyinin İran rejimi ilə sıx işbirliyi milli hökumətin süqutu ilə yekublaşdı. Bir illik dövlətçilik tarixində Pişəvəri hökuməti qadınlarla kişiləri bərabər hüquqlara malik olmasına dair qanun qəbul etdi. Milli Məclis yaradıldı, Milli Ordu formalaşdı, Dövlətin bayrağı yaradıldı, demokratik seçki qanunu qəbul edildi, Azərbaycan dili rəsmi dövlət dili elan olundu. Dilimiz rəsmi dövlət dili oldu. Demokratik milli hökumət devrilsə də, ümidlər sonsuzdur ki, Güneydə müstəqil, azad dövlət yaradılacaq. Bu gün Güneydə 6 aya yaxındır ki, davam edən və bütün dünya azərbaycanlılarının dəstək verdiyi mücadilə onu deməyə əsas verir ki, bəlkə də yaxın vaxtlarda milli dövlətin yaradıldığı elan olunacaq. Fars- molla rejimi ilə erməni qardaşlığının tarixi uzun illərə gedib çıxır. Əsasən də, 1991-ci ildə Azərbaycanın müstəqillik əldə etməsi molla rejiminin ölkəmizə qarşı düşmən siyasətinin daha amansız forma almasına rəvac verdi. Hər vəchlə ermənilərə hərbi-siyasi dəstək göstərməklə torpaqlarımızın işğal edilməsinə yardımçı oldu. Hətta ermənilərlə müəyyən siyasi oyunlar qurmaqla Azərbaycanın başını qarışdırmağa və bununla da ərazilərimizin zəbt ediməsinə köməklik göstərdi. Yada salmaq lazımdır ki, 1992-ci ildə Şuşa işğal olunanda Azərbaycan Respublikasının Milli Məclisinin sədri, eləcə də prezident səlahiyyətlərini icra edən Yaqub Məmmədov Tehranda idi. Orada Ermənistan prezidenti Ter-Petrosyanla cəbhədə atəşkəsə nail olunması ilə bağlı müqavilə imzalayırdı. Belə məqamda Şuşa işğal olundu. Bu, nə deməkdir? Yəni, İran Yaqub Məmmədovu aldadaraq Tehrana apardı, ermənilər də asanlıqla Şuşanı işğal etdilər. 20 noyabr 1991-ci ildə Qarakənd səmasında Azərbaycanın dövlət rəsmilərinin və Rusiya hərbçilərinin olduğu vertolyotun vurulmasında da molla rejiminin əli vardı. Sübut olunub ki, bu hadisəni törədən 17 nəfərdən biri “SEPAH”-ın əməkdaşıdır. Həmin terror aktını törədən şəxsləri molla rejimi maneəsiz öz ərazisinə keçirdi. İşğalın davam etdiyi dövrdə molla rejimi Ermənistanı bu və ya digər formada dəstəkləyirdi. Hər gün ermənilər açıq şəkildə Xudafərin körpüsü vasitəsi ilə Tehrana və digər şəhərlərə gedib gəlirdilər. Bu, həm də onu göstərirdi ki, molla rejimi burada Rusiyanın maraqlarını təmsil edirdi. O zaman Ermənistan Rusiya üçün İrana silah ötürməklə bağlı ən yaxşı yol hesab olunurdu. Müxtəlif silahlar, yardımları məhz Rusiya Ermənistan vasitəsi ilə Tehrana çatdırırdı. Molla rejimi özünü islam respublikası elan edib. Bu respublikanın banisi ayətullah Xomeneyidir. Xomeneyidən qalma ideologiyaya görə, (bu, həm də xomeneyizm ideologiyası adlanır) müsəlmanın müsəlmandan yaxın dostu yoxdur. İdeologiyanın birinci şərti budur. Amma molla rejiminin indiki və əvvəlki prezidentlərinin apardıqları siyasətə nəzər yetirdikdə, bu ideologiyanın ayaqlar altında tapdalandığını görmək olar. Hazırkı prezident İbrahim Rəisi və əvvəlki terror başçıları özlərini Xomeneyinin davamçıları kimi cəmiyyətlərinə sırımağa çalıblar. Amma onlar Xomeneyizm ideologiyasının birinci prinsipini - Azərbaycanın torpaqlarını işğal edib, 1 milyondan çox insanı ev-eşiyindən didərgin salmış Ermənistanla geniş əməkdaşlıq münasibətləri qurmaqla pozubdur. Bu gün xomeneyizm ideologiyasının mühüm prinsiplərindən biri də islam inqilabının ixracıdır. Amma burada da fərqli mövqe görünür. Yəməndə, Misirdə, Tunisdə inqilablar baş verəndə molla rejimi elan etdi ki, bu, xomeneyizm ideologiyasına əsasən, İran inqilabının ixracının təntənəsidir. Molla rejimi Suriyaya qarşı münasibətdə isə əks-mövqe sərgilədi. Halbuki oxşar ssenari, oxşar proseslərdir. Deməli, lazım gələndə, siyasətdə xomeneyist də olmaq olar, başqa halda isə xomeneyzim ideologiyasının əleyhinə siyasət yürütmək də olar. Molla rejiminin ali dini rəhbərliyinin apardığı bu yanlış siyasət regionda vəziyyəti gərginləşdirməklə yanaşı, islam dünyasında da parçalanma yaratmağa xidmət edir. Bu nöqteyi-nəzərdən sual yaranır, əgər özünü müsəlman dövləti adlandıran fars-molla rejimi ikili siyasət yeridirsə, o zaman Azərbaycandan uzaq olan digər dövlətlərindən Ermənistana qarşı sərt mövqe sərgiləyəcəklərini gözləmək olarmı? İnandırıcı görünümür. Bu baxımdan, fars- molla rejiminin dünya siyasət səhnəsindən silinməsi dünyanın dinclik tapması demək olacaq. Əminəm ki, o gün uzaqda deyil.
İ.ƏLİYEV