13 iyun 2023-cü il tarixdə YAP Samux rayon təşkilatının inzibati binasında 15 iyun Milli Qurtuluş Gününün 30 illiyinə həsr olunmuş “Milli Qurtuluşa gedən çətin və şərəfli yol” mövzusunda tədbir keçirildi. Əvvəlcə Ulu Öndər Heydər Əliyevin YAP Samux rayon təşkilatının inzibati binasında ucaldılmış möhtəşəm heykəlinin önünə tər çiçəklər düzülərək, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi yad olundu. Sonra tədbir YAP Samux rayon təşkilatının akt zalında davam etdirildi. Tədbirdə rayon İcra Hakimiyyətinin Başçısı Alı Qocayev, YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların kollektivləri, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak etmişdir. Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Sonra Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayev yığıncağı açaraq, öncə Milli Qurtuluş Günü münasibəti ilə tədbir iştirakçılarını və bütün samuxluları təbrik etdi və bildirdi ki, tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 1993-cü ilin 15 iyun günü onu qiymətləndirənlər, dərindən dərk edənlər üçün çox əzizdir. Vətənini, xalqını sevən həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsl qurtuluş tarixi, Azərbaycanda ölüm-dirim mübarizəsinin tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqa arxa olan Ulu öndər - Heydər Əliyevdir.
Tədbirdə çıxış edən natiqlər çıxışlarında ötən əsrin 90-cı illərində respublikamızda baş verən ictimai-siyasi prosesləri geniş təhlil etmiş, ulu öndər Heydər Əliyevin müdrikliyi və qətiyyəti sayəsində ölkəmizdə vətəndaş qarşıdurmasına son qoyulduğunu, Azərbaycanın müstəqilliyinin məhv olmaq təhlükəsindən azad olunduğunu xüsusi vurğulamışlar.
Daha sonra rayonda ictimai- siyasi tədbirlərdə fəal iştirakına görə bir qrup gənc fəxri fərman və qiymətli hədiyyələrlə təltif olundu.
Tədbir Milli Qurtuluş Gününə həsr olunmuş bayram konserti ilə davam etdirildi.