PDF Oxu

Siyasət

  • 4 300

15 İyun - Azərbaycanın taleyini dəyişən zəfər tarixi ŞƏRH

15 İyun - Azərbaycanın taleyini dəyişən zəfər tarixi ŞƏRH

Azərbaycan tarixində elə məqamlar olub ki, həmin məqamlar mühüm mərhələnin başlanğıcı kimi tariximizə həkk olunub. Ümummilli lider Heydər Əliyevin 1993-cü ilin iyununda xilaskar missiyası ilə hakimiyyətə qayıtması da belə tarixi hadisələrdən biridir. Xalqımız hər il 15 İyun gününü Azərbaycan xalqının Milli Qurtuluş Günü kimi bayram edir.

Müasir tariximizin bir qərinəlik dövrü Heydər Əliyevin adı ilə bağlıdır. 1992-ci ildə hakimiyyətə gələn AXC-Müsavat cütlüyü atdıqları səhv addımlarla qısa zamanda xalqın inamını tamamilə itirmişdi. Bununla belə, səhv siyasət yürüdənlər hakimiyyətdən əl çəkmək istəmirdilər. 1993-cü ilin yayında baş verənləri isə xalqın taleyi ilə oynayan səriştəsiz, qabiliyyətsiz hakimiyyətin dövləti təhlükəyə atması kimi dəyərləndirmək olar. Ulu öndər Heydər Əliyev Bakıya iyunun 9-da gəldi, iyunun 13-də Gəncəyə getdi, orda baş verənləri öz gözləri ilə gördü və dəqiq vəziyyəti müəyyənləşdirdi. Heydər Əliyev Azərbaycanı xaosdan, anarxiyadan, müharibədən, qardaş qırğınından, vətəndaş müharibəsindən, dövlət çevrilişlərindən qurtardı. Belə ağır bir məqamda - iyunun 15-də Milli Məclis Heydər Əliyevi Ali Sovetin sədri seçdi. Müasir tariximizdə yeni mərhələnin başlanğıcına qədəm qoyuldu.

Heydər Əliyev parlamentin sədri seçiləndən iki gün sonra Prezident Ə.Elçibəy Kələkiyə getdi və qayıtmadı. Bundan sonra Heydər Əliyev preziden tsəlahiyyətlərini də icra etməli oldu. Məhz Heydər Əliyevin qətiyyəti, gecəli-gündüzlü gərgin fəaliyyəti sayəsində vətəndaş müharibəsinin, ölkənin parçalanmasının və separatizmin qarşısı alındı. Azərbaycan xalqı xaos və anarxiyadan, dövlətçiliyini itirmək təhlükəsindən xilas oldu. Azərbaycan xalqının azadlığının, müstəqil dövlətçiliyinin müqəddəratının həll edildiyi ən ağır günlərdə Heydər Əliyevin hakimiyyətə qayıdışı əsaslı dönüş nöqtəsi oldu. Qurtuluş missiyalı bu qayıdış Azərbaycan xalqının itirilmiş inamını özünə qaytardı, sabaha, gələcəyə olan ümidini artırdı.

Məhz Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra ölkədə ilk demokratik prezident seçkiləri keçirildi. 1993-cü iloktyabrın 3-də Azərbaycan xalqı yekdilliklə öz böyük oğlunu ölkənin prezidenti seçdi. Daxili və xarici qüvvələrin Azərbaycanın dövlətçiliyini sarsıtmaq istiqamətində əlbir iş gördükləri bir vaxtda hakimiyyətə qayıdan Heydər Əliyev böyük çətinlikləri dəf etməli oldu. Azərbaycanın müstəqilliyinə və ərazi bütövlüyünə qəsdlər təşkil edən cinayətkar qruplaşmalar cəmiyyətdən təcrid edildilər.

O dövrdə baş verən hadisələrin təhlili göstərir ki, əgər 1993-cü ilin iyununda xalqın dəvəti ilə ümummilli liderimiz Heydər Əliyev hakimiyyətə qayıtmasaydı, bu gün Azərbaycanın müstəqilliyindən söhbət açmaq mümkün olmayacaqdı. Ona görə də qədirbilən xalqımız böyük xilaskarının xidmətlərini unutmur və 15 İyun - Milli Qurtuluş Gününü hər il yüksək əhval-ruhiyyə ilə qeyd edir.

Bugünkü Azərbaycan Heydər Əliyevin görmək istədiyi Azərbaycandır. Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi strateji xətt Prezident İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilir. Ölkəmizin iqtisadi, siyasi, mədəni həyatında mühüm və gələcəyə yönəlmiş sanballı addımlar atılır. Azərbaycan yüksək sürətlə inkişaf edir. Bir sözlə, ümummilli lider Heydər Əliyevin siyasəti yaşayır və uğurla həyata keçirilir. Bu gün xalqımız əmindir ki, müstəqil Azərbaycan Heydər Əliyev ideyaları işığında Prezident İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələr fəth edəcək.

Könül İbrahimova

YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin

Fiziologiya İnstitutu üzrə Ərazi partiya təşkilatının sədri

Digər xəbərlər