Mövcud fakt və reallıq ondan ibarətdir ki, Azərbaycanın dünyada yeri və rolu artdıqca bəzi dairələrin narahatlığı da artmaqdadır. Ölkəmizin düzgün və qətiyyətli inkişaf və tərəqqi amilinə söykənən siyasətinə kölgə salmaq üçün Qərb siyasi dairələri tərəfindən təlimatlandırılan xarici QHT-lər, “demokratiya institutları” ardıcıl şəkildə Azərbaycana qarşı şər və böhtan kampaniyası aparırlar. Bəhanələr də irəli sürür və bu bəhanələr ətrafında şoular yaradırlar. Biz bunu Azərbaycanda bir sıra beynəlxalq miqyaslı konfransların, “Eurovision” mahnı yarışmasının, I Avropa Oyunlarının və digər beynəlxalq tədbirlərinin keçirilməsi zamanı müşahidə etmişik. Azərbaycanın gücünə güc qatan Qarabağın erməni işğalından azad edilməsindən sonra bir sıra yerli və xarici dairələrin ölkəmizə qarşı qara piar kampaniyası bir qədər də genişlənib. Əsas rolda yenə də ənənəvi ampluası ilə Azərbaycan cəmiyyətinə tanış olan ABŞ-ın Milli Demokratiya Fondu (“National Endowment for Democracy” - NED) adlanan təşkilatı çıxış edir. Məlum faktdır ki, bu təşkilat ABŞ Dövlət Departamenti tərəfindən idarə olunur və ABŞ Konqresinin ayırdığı maliyyə vəsaitləri hesabına öz maraqları çərçivəsində fəaliyyət göstərir. Bu gün NED təşkilatı ABŞ-ın ən güclü silahına çevrilib. Həmin silah hesabına zəif və iradəsiz insanlar, təşkilatlar ələ alınaraq öz siyasi-ictimai maraqları üçün istifadə edilir. İstifadə olunan şəxslər və siyasiləşmiş QHT -lər arasında Azərbaycanın bir neçə təşkilatlarının da adı çəkilir. Hüquq müdafiəçisi Sahib Məmmədov mətbuata açıqlamasında bildirib ki, ABŞ-ın NED (National Endowment for Democracy) təşkilatı 2022-ci ildə gizli maliyyələşmə sxemi üzrə (üçüncü ölkələr və diplomatik missiyalar vasitəsi ilə) Azərbaycan təşkilatlarına (Əsasən QHT və media) 1 100 000 ABŞ Dollarından bir qədər artıq qrant ayırıb. Qrantlar aşağıdakı istiqamətlərin maliyyələşməsinə yönəlib: “Korrupsiyaya uğramış tenderlərin sənədləşdirilməsi, Gənc Alimlərin Demokratiya Tədqiqatına cəlb edilməsi, Azərbaycanda Hüquqlardan sui-istifadə və Korrupsiyaya görə hesabatlılığın təşviqi, yerli iştirak üçün bacarıqların yaradılması, hüquqi yardımların göstərilməsi, İnsan hüquqlarının monitorinqi, yerli problemlərin həlli, Vətəndaş İştirakının və İcma İştirakının Gücləndirilməsi, və s. Xülasədən görünür ki, əsas vəsaitlər yerlərdə vətəndaş fəallığının artırılması və şəbəkələşmə, əhalinin ayrı-ayrı təbəqələrinin nümayəndələrinin, o cümlədən gənc alimlərin fəallaşdırılması, sosial şəbəkələrdə iş, korrupsiya ilə bağlı məsələlərin işıqlandırılması kimi sahələri əhatə edir. Bununla belə bəzi istiqamətlərin adı şərti də ola bilər. Məsələn, dini təriqətlərinin inkişafı, orta məktəblərdə dinin tədrisinə nail olunması və ya müxtəlif təriqətlərə mənsub müəllimlərin hazırlanması kimi layihələr də bir qayda olaraq NED tərəfindən maliyyələşdirilən layihələrdəndir”.
NED-in arxasında ABŞ dövləti dayanır
Görünən ondan ibarətdir ki, məkrli qüvvələrin Allen Veinsteyn əli ilə yaratdıqları NED-in əsas istiqaməti ölkələrin daxili həyatına müdaxilə etmək, insanların hüquq və azadlıqlarını məhdudlaşdırmaq, cəmiyyət həyatında narazılıq toxumu səpməkdir. Söz yox ki, bu kimi eybəcər addımları bir təşkilat həyata keçirə bilməz. Deməli, yayılan məlumatlar və ortaya çıxan faktlar həqiqəti əks etdirir - NED-in arxasında ABŞ dövlətinin müəyyən qaranlıq dairələri dayanır. Xatılatmaq yerinə düşərdi ki, Təşkilatın təsisçisi Allen Veinsteyn 1991-ci ildə “Vaşinqton Post” qəzetinə göndərdiyi bir açıqlamasında qeyd etmişdir: “Bu gün bizim gördüyümüz işlərin böyük qismi hələ 25 il öncə CIA tərəfindən həyata keçirilirdi”.
NED ABŞ-ın büdcə təşkilatıdır
Faktlara istinad etsək məlum olar ki, NED nizamnamə üzrə özünü müstəqil və heç bir siyasi təşkilata yamaq hesab etmədiyini bildirsə də, əslində, ABŞ-ın büdcə təşkilatıdır. Çünki bu təşkilatın büdcəsi tamamilə ABŞ Konqresi tərəfindən təmin edilir. Hətta NED hər dəfə Konqresə növbəti maliyyə vəsaitini almaq üçün öz fəaliyyət hesabatını təqdim edir. NED-in ayrı-ayrı ölkələrdə əlaqə qurduğu qruplara və təşkilatlara verəcəyi vəsaitlərin siyahısı isə təsdiq olunmaq üçün əvvəlcə ABŞ-ın Xarici İşlər Nazirliyinin nəzarətindən keçir.
Nəzərə almaq lazımdır ki, bu təşkilatın əsas hədəfləri sırasında Azərbaycanda dayanır. NED ABŞ dövləti tərəfindən maliyyələşdiyini və təlimat aldığını nəzərə alsaq demək olar, Azərbaycana qarşı qərəzli kampaniyanın arxasında elə ABŞ dövləti dayanır. Azərbaycanda çox böyük uğurla baş tutmuş I Avropa Oyunları öncəsi NED -in qərəzli yazı yaymasını bu gün də mətbuat yazarları təşkilatı qınaq obyekti olaraq qeyd edirlər. O zaman ABŞ Dövlət Departamenti sözçüsü Mari Harfın ənənəvi mətbuat toplantısında jurnalist ondan ABŞ-ın Azərbaycanda keçiriləcək Avropa Oyunları qabağı ölkənin imicini qaralamaq üçün plan hazırladığına dair yazıya münasibət bildirməsini istəyib. Jurnalist deyib: “Məqalədə dövlət katibi Con Kerri ermənipərəst kimi göstərilir. Əvvəlcə, bilmək istəyirəm ki, Dövlət Departamentinin buna reaksiyası necə olacaq? İkincisi, hökumətə rəsmi etiraz göndərməklə bağlı hər hansı plan varmı?” Departament sözçüsünün həmin suala cavabı isə belə olub: “ABŞ-ın Azərbaycanın suverenliyi və müstəqilliyinə olan uzunmüddətli dəstəyinə sözdən daha çox etibar edilir. Bu məqalədəki iddialar isə tamamilə əsassızdır və həqiqətə uyğun deyil”.
Con Kerrinin ifşası çox çəkmədi
ABŞ Dövlət Departamentinin rəhbəri Con Kerrinin ifşası barədə ortaya çıxan sənədlərdə danılmaz faktların ortaya çıxması və bütün bunların müqabilində ABŞ Dövlət Departamentinin suala qaneedici cavab verməməsi təsdiq edir ki, bütün bunlar, ilk növbədə, Azərbaycana qarşı hazırlanmış rüsvayçı təxribatın tərkib hissəsidir. Lakin bu məqamda xatırlatmaq yerinə düşər ki, başda Con Kerri olmaqla Azərbaycana qarşı qara piar kampaniyası aparanlar bir dəfə də olsun öz ölkələrində konkret olaraq, ABŞ-da baş verən hadisələrə diqqət yetirsələr yaxşı olar. Çünki son vaxtlar ABŞ-da etnik, irqi və dini zəmində ayrı-seçkilik, ksenofobiya və islamofobiya təzahürləri çox güclənib. Bu ölkədə milli, dini və etnik zəmində baş verən münaqişələrin miqyası gündən-günə genişlənərək qarşısıalınmaz prosesə çevrilir. Elə bu məqamda ABŞ-ın Merilend ştatındakı Baltimor şəhərində kütləvi iğtişaşların yenidən başlanmasını göstərə bilərik. Çünki Baltimordakı iğtişaşlar zamanı 210 nəfər həbs olunub, 15 bina və 144 avtomobil yandırılıb, yüzlərlə dükan qarət olunub, 47 polis xəsarət alıb. Kütləvi iğtişaşların səbəbi 25 yaşlı qaradərili Freddi Qreyin polis tərəfindən öldürülməsidir. F.Qreyi saxlayan polislər onu vəhşicəsinə döyərək onurğasını sındırmışdılar. Qrey xəstəxanada, intensiv terapiya bölməsində keçinmişdi. Etiraz dalğasının böyüdüyünü görən rəsmilər fövqəladə vəziyyət elan edərək Baltimor şəhərinə Milli Qvardiyanın hərbçilərini yeridiblər. Şəhərdə komendant saatı tətbiq olunub. İndi ABŞ mediasındakı xəbər başlıqlarının arasında “ABŞ-da yeni Ferqüsson var. O, "Baltimordur" ifadəsi dəb halını alıb. Baltimordakı etiraz aksiyalarının liderlərindən biri, qaradərili Çarli Uolker ABŞ-ın hüquq-mühafizə orqanlarını rüşvətxorluqda, insan haqlarını pozmaqda və korrupsiyada ittiham edib: “Polisləri daşa basmaq, dükanları qarət etmək və yandırmaq və maşınları sıradan çıxarmaq bizim mübarizə yolumuz olmamalıdır. Dolların hakimiyyətinə zərbə vurmalı, korporasiyalara pul ödəməyi dayandırmalıyıq. Onlar yalnız bunu anlayırlar. Pul onlar üçün çox vacibdir. Həyatlarımızı isə heçə sayırlar. Bu həşəratların köləliyində 400 il qaldıq. Onlar artıq kölə olmadığımızı hələ də anlamaq istəmirlər”.
ABŞ idarəolunmaz dövlətə çevrilir
ABŞ-da irqi diskriminasiya o həddə çatıb ki, artıq dərisinin rəngindən asılı olaraq, insanlara münasibət sərgilənir. “The New York Times” qəzeti yazır ki, Staten Island yaşayış məntəqəsində Deniel Pantaleo adlı polis 6 uşaq atası olan 43 yaşlı Erik Harneri qanunsuz siqaret satdığına görə həbs etmək istəmişdi. Lakin polis Afrika əsilli vətəndaşı kobudcasına boğub. Nəticədə, astma xəstəliyindən əziyyət çəkən Erik Harner elə hadisə yerindəcə vəfat edib. Bu cinayəti törədən həmin polis isə azadlığa buraxılıb.
Yenə də faktlara istinad etsək aydın olur ki, NED burnunu yalnız Azərbaycana yönəltmir, həm də digər ölklərində daxili işlərinə müdaxilələr edir. Məsələn, indiyədək NED təşkilatındakılar Hondurasda dövlət çevrilişi, Ukrayna və Gürcüstanda rəngli inqilab, Çinin Sincan-Uyğur bölgəsində və digər regionlarda qanlı hadisələrin törədilməsinə bilavasitə rəvac veriblər. Rusiyada müəyyən maraqlarını həyata keçirməyə cəhd edən zaman ifşa olunmuş və qurum ölkədən xaric edilmişdir. Yəni, ABŞ-ın “Demokratiyaya Dəstək Fondu”- (NED) Rusiyada “arzuedilməz təşkilat” elan edilib. Bu, Rusiyada rəsmən münasibət bildirilən ilk belə əcnəbi QHT olub. Rusiya Baş Prokurorluğu bu QHT-nin fəaliyyətini ölkənin konstitusiya quruluşuna, müdafiəsinə, təhlükəsizliyinə təhlükə yaratdığını bəyan edib.
İ.ƏLİYEV