PDF Oxu

Siyasət

  • 1 966

Türkiyə mətbuatı: “Ərdoğanın Bakı səfəri İranın xoşuna gəlməyəcək”

Türkiyə mətbuatı: “Ərdoğanın Bakı səfəri İranın xoşuna gəlməyəcək”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərinə gündəmində böyük yer ayıran türk mətbuatı yazır ki, Ərdoğanın Bakı səfəri İranla Azərbaycan arasında diplomatik gərginliyin artdığı vaxta təsadüf edib.

Türkiyə mediası yazır: “İki ölkə arasında son aylarda yaşanan diplomatik gərginliyin qaynar müharibəyə çevrilə biləcəyindən narahatlıq ifadə edilir. Azərbaycan və Ermənistan arasında mümkün münaqişələrə İranın hərbi müdaxiləsi ehtimalı da müzakirə olunur.

Azərbaycan bu ilin əvvəlində Tehrandakı səfirliyinə hücumdan sonra səfirliyini bağlamaq qərarına gəlib. Azərbaycan prezidenti İlham Əliyev 1 nəfərin ölümü, 2 nəfərin yaralanması ilə nəticələnən insidentdə birbaşa İranı günahlandırıb.

Bundan az sonra rəsmi Bakı İsraildə səfirlik açıb. İsrailin xarici işlər naziri Eli Koen açılışdan sonra verdiyi açıqlamada Azərbaycanın xarici işlər naziri ilə “İrana qarşı vahid cəbhə açmaq” mövzusunda razılaşdıqlarını bildirib.

Bakı administrasiyası aprelin əvvəlində dörd iranlı diplomatı "təxribat hərəkəti" səbəbilə ölkədən çıxarıb və İranı "yerli casuslardan istifadə etməkdə" ittiham edib. Həmçinin aprel ayında İsrailin xarici işlər naziri Koen Türkmənistan səfərindən əvvəl Azərbaycana gedib və İsrailin bu ölkədə ilk səfirliyi açılıb. Səfirlik İran sərhədindən 20 kilometr aralıda yerləşir.

Bakı ilə Tehran arasında gərginlik 2020-ci ildə Azərbaycan və Ermənistan arasında Qarabağ müharibəsi ilə başlayıb. Azərbaycan Ermənistanın işğalı altında olan Azərbaycan torpaqlarını geri alandan sonra sonra İrandan “sərhədlərin dəyişdirilməsinə icazə verilə bilməz” kimi sərt xəbərdarlıqlar edilib.

O vaxtdan bəri sülh razılaşmalarına və münasibətləri normallaşdırmaq cəhdlərinə baxmayaraq, iki ölkə arasında gərginlik artmaqda davam edir. İran ötən ilin oktyabrında Azərbaycan sərhədində Araz çayı üzərindən körpünün tikintisini əhatə edən iri hərbi təlim keçirib. Tehran həmin ay Ermənistanın Sünik bölgəsinin Kapan şəhərində baş konsulluq açıb. Bu addım İranın Türkiyə ilə Azərbaycan arasında nəqliyyat marşrutu rolunu oynayacaq Zəngəzur dəhlizinə münasibət kimi şərh edilib.

Aprelin 9-da Ermənistan Təhlükəsizlik Şurasının baş katibini qəbul edərkən İran Cənubi Qafqazda “istənilən coğrafi dəyişikliyə qarşı çıxılacağı” xəbərdarlığını bir daha təkrar etdi. Tehranla Bakı arasında son gərginliyin qaynar müharibəyə çevrilməsi ehtimalı ilə bağlı qiymətləndirmələr də artıb.

İranın şimal sərhədində qüvvələr nisbətinin dəyişməsindən çox narazı olduğu vurğulansa da, Azərbaycana hərbi müdaxilənin mümkün olmadığı bildirilir. İran Türkiyədən Türkmənistana daşımaları təmin etmək üçün tikintisi planlaşdırılan Zəngəzur dəhlizindən narazılığını gizlətmir. Bununla belə, İran rəhbərliyi vurğulayırlar ki, Əliyev öz ölkəsindən İrana qarşı istifadə etmək üçün İsrailə səfirlik açmağa icazə verib.

Digər tərəfdən, İran mətbuatında Azərbaycanla mümkün hərbi münaqişə olacağı təqdirdə Tehranın İrəvana hərbi yardım göstərməyi nəzərdən keçirdiyi barədə xəbərlər var. Azərbaycan isə son zamanlar İsrail və Türkiyədən hərbi texnika alışını artırıb.

Ərdoğanın bu gərginlik dövründə Bakı səfəri onun Azərbaycanla münasibətlərini daha da inkişaf etdirməsi üçün bir fürsət kimi dəyərləndirilir. Türkiyə və İran qarşılıqlı balanslaşdırılmış münasibətlərin qorunmasının tərəfdarı olsalar da, Cənubi Qafqazda başlayacaq istənilən münaqişə iki ölkə arasında gərginliyin artmasına səbəb ola bilər.” – deyə Türkiyə mətbuatı şərh edir.

Digər xəbərlər