PDF Oxu

Siyasət

  • 1 852

Milli dövlətçiliyimizin xilaskarı ŞƏRH

Milli dövlətçiliyimizin xilaskarı ŞƏRH

YAP Yasamal rayon təşkilatı və Yasamal Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 15 iyun-Milli Qurtuluş Gününün 30 illiyinə həsr olunmuş “Milli dövlətçiliyimizin xilaskarı” adlı tədbir keçirilib.Tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal Rayon İcra Hakimiyyətinin Başçısı Elşad Həsənov, Bakı Biznes Universitetinin rektoru İbad Abbasov, Bakı Dövlət Universitetinin Tarix fakültəsinin Qafqaz xalqları tarixi kafedrasının müdiri İradə Hüseynova, Yasamal rayon bələdiyyəsinin sədri Tahir Məmmədov, YAP Yasamal rayon və Yasamal Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, ərazi partiya təşkilatlarının sədr, sədr müavinləri və fəal gənclər iştirak edib.Tədbirin rəsmi hissəsindən öncə tədbir iştirakçıları tərəfindən Yasamal rayonu ərazisində yerləşən Şəhidlərin Xatirə Kompleksi ziyarət olunub, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirələri anılıb. Sonra YAP Yasamal rayon təşkilatının inzibati binasında yerləşən ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb, xatirəsi dərin ehtiramla yad edilib.YAP Yasamal rayon təşkilatının inzibati binasında 15 iyun-Milli Qurtuluş Gününün 30 illiyinə həsr olunmuş rəsm sərgisinə baxış keçirilib.Tədbirdə Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra 15 iyun-Milli Qurtuluş Gününə həsr olunmuş videoçarx nümayiş olunub. Tədbirdə giriş nitqi ilə çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev qeyd edib ki, Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olan 1993-cü ilin 15 iyunundan 30 il ötür. Bu o tarixdir ki, həmin gün dövlətçiliyimiz yox olmaq təhlükəsindən xilas edilməsi üçün əsaslı sütunlar yarandı. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. Heydər Əliyev fenomeninə məxsus iti zəka, müdriklik, uzaqgörənlik və əzmkarlıq ona Ümummilli Lider mövqeyi qazandırıb. Çoxşaxəli və zəngin fəaliyyəti, misilsiz insani keyfiyyətləri sayəsində o, zəmanəmizin əbədiyaşar dahisinə çevrilib. Azərbaycan xalqı haqlı olaraq Heydər Əliyev irsini müstəqilliyinin təminatçısı kimi qəbul edir. Qədirbilən xalqımız böyük xilaskarının xidmətlərini unutmur və 15 İyun - Milli Qurtuluş Gününü hər il yüksək əhval-ruhiyyə ilə qeyd edir. Vətənimizin əldə etdiyi uğurlarının aspektində 44 günlük Vətən müharibəsindəki tarixi Qələbəmizi və bu Zəfərdə Ulu Öndər ideyalarının əsas həlledici rola malik olmasını xüsusi qeyd etmək lazıdır. Bu tarixi Zəfər və ərazi bütövlüyümüzün təmin olunması mahiyyət etibarilə Ümummilli Liderimizin müəyyən etdiyi və Onun layiqli siyasi davamçısı cənab Prezident İlham Əliyevin daha da təkmilləşdirərək müasirləşdirdiyi və inamla həyata keçirdiyi milli dövlətçilik strategiyasının ən böyük təntənəsidir.

Çıxış edən Yasamal Rayon İcra Hakimiyyətinin Başçısı Elşad Həsənov vurğulayıb ki, bu gün hər kəs, istər müstəqil Azərbaycanın vətəndaşları, istərsə də bütün dünyada yaşayan azərbaycanlılar yaxşı bilir ki, Heydər Əliyev şəxsiyyəti müasir Azərbaycanın dövlətçilik tarixində ən parlaq simadır. Azərbaycan xalqının qəlbində əbədiyaşar yerə sahib, hələ sağlığında Ümummilli Lider statusunu qazanan, Ulu Öndər kimi milyonların sevimlisi olan Heydər Əliyev müasir Azərbaycan dövlətinin xilaskarı, memarı və qurucusu kimi tarixə düşüb. Xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi. Bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Bu gün Azərbaycanda müstəqil dövlətçilik ənənələri formalaşdırılmışdır və şübhəsiz ki, bu mühüm nailiyyətin əldə edilməsində ümummilli lider Heydər Əliyevin fədakar xidmətlərinin müstəsna əhəmiyyəti vardır. Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ümummilli Liderimizin siyasi kursuna sadiq qalaraq müstəqil ölkəmizi inamla gələcəyə doğru aparır. Heç kəsə sirr deyil ki, bu siyasi kursun şah əsəri Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Azərbaycan ordusunun 44 Günlük Vətən müharibəsində əldə etdiyi Şanlı Qələbədir.

Sonda çıxış edən Bakı Dövlət Universitetinin Tarix fakültəsinin Qafqaz xalqları tarixi kafedrasının müdiri İradə Hüseynova tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 15 iyunun sadəcə təqvim bayramı olmadığını, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gün olduğunu qeyd edib. O bildirib ki, Vətənini, xalqını sevən, həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsl qurtuluş tarixi, Azərbaycanda ölüm-dirim mübarizəsinin tarixidir. Bu tarixi yaradan isə yenə də Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və Özü xalqa arxa olan dahi bir insandır - Heydər Əliyevdir! Azərbaycanın görkəmli oğlu, böyük vətənpərvər Heydər Əliyev ölkənin ağır günündə xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib paytaxta qayıtmaqla daxili və xarici düşmənlərimizin bütün planlarını iflasa uğratdı. Ulu öndər Heydər Əliyevin siyasətdə, iqtisadiyyatda və mədəniyyətdə qoyduğu izlər heç vaxt silinməyəcək. Bu gün Azərbaycan xalqı unudulmaz Rəhbərin layilqli siyasi davamçısı Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə xoşbəxt gələcəyimiz üçün açılan yolla qətiyyətlə addımlayır. Bu yol heç şübhəsiz Tarixi Zəfərimizin əldə olunması ilə daha da aydınlanmışdır.Çıxışlardan sonra rayonun ictimai-siyasi həyatında fəal iştirak edən partiya üzvlərinə fəxri fərman, təşəkkürnamə və partiya sıralarına yeni qoşulmuş şəxslərə isə üzvlük vəsiqələri təqdim olunub.

Tədbirə bədii hissə ilə yekun vurulub.

Digər xəbərlər