Ədalətsizlik, yalan, qərəz isə heç vaxt həqiqət və reallıq üzərində qələbə çala bilməyib
Artıq çoxsaylı faktlara və danılmaz dəlillərə əsaslanan bir həqiqətdir ki, ölkəmizdə yürüdülən müstəqil, qətiyyətli, eləcə də inkişaf və tərəqqi amilinə söykənən dayanaqılı siyasətin qarşısını almaqdan ötrü bir sıra Qərb siyasi dairələri tərəfindən təlimatlandırılan xarici QHT-lər, "insan hüquqları təşkilatları", xarici media qurumları, "demokratiya institutları" ardıcıl şəkildə anti-Azərbaycan xarakterli addımlar atmaqda israrlı görünürlər.
1 100 000 ABŞ Dolları həcmində gizli maliyyələşmə haradan qaynaqlanır?
Tanınmış QHT rəsmisi Sahib Məmmədov maraqlı faktlar ortaya çıxarıb. ABŞ NED (National Endowment for Democracy) təşkilatı 2022-ci ildə gizli maliyyələşmə sxemi üzrə (üçüncü ölkələr və diplomatik missiyalar vasitəsi ilə) Azərbaycan təşkilatlarına (Əsasən QHT və media) 1 100 000 ABŞ Dollarından bir qədər artıq qrant ayırıb. Qrantlar aşağıdakı istiqamətlərin maliyyələşməsinə yönəlib:
Korrupsiyaya uğramış tenderlərin sənədləşdirilməsi, Gənc Alimlərin Demokratiya Tədqiqatına cəlb edilməsi, Azərbaycanda Hüquqlardan sui-istifadə və Korrupsiyaya görə hesabatlılığın təşviqi, Yerli iştirak üçün bacarıqların yaradılması, hüquqi yardımların göstərilməsi, İnsan hüquqlarının monitorinqi, Yerli problemlərin həlli, Vətəndaş İştirakının və İcma İştirakının Gücləndirilməsi, və s.
NED-in dırnaqarası fəaliyyəti
Xülasədən görünür ki, əsas vəsaitlər yerlərdə vətəndaş fəallığının artırılması və şəbəkələşmə, əhalinin ayrı-ayrı təbəqələrinin nümayəndələrinin, o cümlədən gənc alimlərin fəallaşdırılması, sosial şəbəkələrdə iş, korrupsiya ilə bağlı məsələlərin işıqlandırılması kimi sahələri əhatə edir. Bununla belə bəzi istiqamətlərin adı şərti də ola bilər. Məsələn, dini təriqətlərinin inkişafı, orta məktəblərdə dinin tədrisinə nail olunması və ya müxtəlif təriqətlərə mənsub müəllimlərin hazırlanması kimi layihələr də bir qayda olaraq NED tərəfindən maliyyələşdirilən layihələrdəndir.
Azərbaycanın hədəfə alınması isə, ilk növbədə, qərəzlərdən, qeyri-səmimi münasibətlərdən, düşmən qüvvələrlə eyni baxışdan çıxış edən amillərdən doğan təəssüfedici hallardır
ABŞ-ın Milli Demokratiya İnstitutu, Marşal Fondu, Beynəlxalq İnkişaf Agentliyi, Açıq Cəmiyyət İnstitutu-Yardım Fondu illərdir ki, elə bu prinsiplərlə işləyirlər.
Məhz ədalət prinsipinin pozulması - ABŞ-da, digər Qərb ölkələrində istər media, istər sərbəst toplaşmaq, istərsə də bütövlükdə insan hüquqlarının pozulması demək olar ki, ardıcıl və adi hala çevrilib.
Sapı özümüzdən olan baltaların tiyələrinin nə qədər kor, səmərəsiz olmasını da sübuta yetirəcək
Bütün bunların müqabilində stabil və tərəqqi edən, beynəlxalq mərkəzə çevrilən Azərbaycanın hədəfə alınması isə, ilk növbədə, qərəzlərdən, qeyri-səmimi münasibətlərdən, düşmən qüvvələrlə eyni baxışdan çıxış edən amillərdən doğan təəssüfedici hallardır. Ancaq bu kimi halların qarşısı illər öncədən necə alınıbsa, indi də alınmaqdadır. Bu baxımdan, bir mərkəzdən idarə olunan təzyiq, qərəz, şantaj kampaniyaları onu törədənlərə istədikləri nəticəni əsla verməyəcək.
Məhz nəticə olaraq, bir daha qənaətə gəlmək mümkündür ki, daha öncələr də, hətta ən ağlasığmaz "ittihamlarla" Azərbaycana qarşı çıxan qüvvələr sonda öz əməllərindən heç bir nəticə hasil olmadığını dərk edib, geriyə çəkilmək məcburiyyətində qalıblar. Necə ki, azərbaycanlıların el məsəlində olduğu kimi, yalan ayaq tutsa da, yerimir. Eyni zamanda, sapı özümüzdən olan baltaların tiyələrinin nə qədər kor, səmərəsiz olmasını da sübuta yetirəcək. Belə ki, ədalətsizlik, yalan, qərəz heç vaxt həqiqət və reallıq üzərində qələbə çala bilməyib.
Afət Tahirqızı