PDF Oxu

Siyasət

  • 3 021

Azərbaycan-Türkiyə: qardaşlığın və müttəfiqliyin gücü TƏHLİL

Azərbaycan-Türkiyə: qardaşlığın və müttəfiqliyin gücü TƏHLİL

Azərbaycan ilə Türkiyə arasında dostluq, qardaşlıq münasibətləri uğurla inkişaf edir, bütün sahələri əhatə edir və bu əməkdaşlığın çox gözəl nəticələri vardır. Həm ikitərəfli formatda, həm regional müstəvidə Türkiyə-Azərbaycan qardaşlığı və birgə fəaliyyəti çox önəmli bir amilə çevrilib. Tarix boyu Türkiyə və Azərbaycan arasında sarsılmaz dostluq və qardaşlıq münasibətləri mövcud olub. Xalqlarımızın eyni soykökünə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması bu iki ölkəni həmişə bir-birinə doğma edib, sevincli, kədərli günlərdə də biri digərinin yanında olub. Azərbaycan və Türkiyə arasında əlaqələrin belə səviyyədə inkişafı təkcə bu dövlətlərin yox, həm də regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir. Azərbaycan və Türkiyə arasındakı əsl dostluq və qardaşlıq münasibətlərinin mahiyyəti xalqımızın Ümummilli Lideri Heydər Əliyevin ifadə etdiyi "Bir millət, iki dövlət" və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün zamanında söylədiyi "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir" kəlamlarında dəqiq ifadə olunub. Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq münasibətləri hazırda Cənab Prezidentimiz İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Cənab Rəcəb Tayyib Ərdoğanın rəhbərlikləri altında ən yüksək səviyyədə davam etməkdədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iyunun 14-də Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin birinci müavini Binəli Yıldırımı qəbulu zamanı Rəcəb Tayyib Ərdoğanın Türkiyə Prezidenti seçildikdən sonra ilk səfərini Azərbaycana etməsi və bunun dövlət səfəri statusunda həyata keçirilməsinin önəmi vurğulanıb. Həmişə olduğu kimi, bu səfərin də çox səmərəli keçdiyi qeyd olunub. Səfər zamanı dövlət başçıları tərəfindən Azərbaycan-Türkiyə müttəfiqliyinin müxtəlif sahələr və istiqamətlər üzrə inkişafına dair aidiyyəti nazirliklərə işlərin ardıcıl sürətdə aparılması ilə bağlı tapşırıqlar verilib. Türkiyənin dövlət başçısının bu səfəri ölkələrimiz arasında bütün sahələrdə qardaşlıq və dostluq əlaqələrinin möhkəmlənməsi işinə böyük töhfə verəcək.

Görüşdə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Türkiyə şirkətlərinin fəaliyyəti qeyd edilib. Qeyd edək ki, mina və partlayıcı qurğuların zərərsizləşdirilməsi üzrə qardaş ölkənin hərbi istehkamçılarının ilk qrupu Azərbaycana hələ 2020-ci il noyabrın 30-da, yəni müharibə başa çatdıqdan 20 gün sonra göndərildi. Türkiyənin Qarabağ və Şərqi Zəngəzurun bərpasında iştirakı "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında" imzalanan Şuşa Bəyannaməsində də öz ifadəsini tapıb. Sənəddə bir sıra məsələlərlə yanaşı, Zəngəzur dəhlizinin siyasi-iqtisadi əhəmiyyəti diqqətə çatdırılaraq, Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşasının reallaşdırılması nəzərdə tutulub. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bir sıra bəyanatlarında Azərbaycanın Zəngəzur dəhlizi layihəsini çox əhəmiyyətli hesab edərək, onu dəstəkləyib. Şuşa Bəyannaməsinin imzalanması Azərbaycanın müstəqillik tarixinə əbədi həkk olundu və Azərbaycan-Türkiyə münasibətlərində keyfiyyətcə yeni bir dövrün başlanğıcını qoydu. Bu mühüm tarixi sənəd ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin təntənəsi oldu və dövlətlər arasında əməkdaşlığın strateji əhəmiyyət kəsb edən sahələrini əhatə edir. Azad edilmiş Şuşa şəhərində 100 ildən sonra müttəfiqlik haqqında imzalanan Birgə Bəyannamə dövlətlərarası gələcək iş birliyinin istiqamətini göstərir. Sənəddə beynəlxalq müstəvidə birgə əməkdaşlıq, siyasi münasibətlər, iqtisadi-ticari əlaqələr, mədəniyyət, təhsil, idman, gənclər siyasəti, enerji təhlükəsizliyi, Cənub Qaz Dəhlizinin Türkiyə, Azərbaycan və Avropa üçün önəmi göstərilməklə yanaşı, müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələləri öz əksini tapır.
Binəli Yıldırım Azərbaycanda olduğu müddətdə nümayəndə heyəti ilə birlikdə Şuşaya gedəcəyini və orada aparılan genişmiqyaslı tikinti-quruculuq işləri ilə yerində tanış olacağını bildirib. O, Ağsaqqallar Şurasının sədri kimi Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın daha da genişlənməsinə öz töhfəsini verəcəyini vurğulayıb.
Söhbət zamanı Yeni Azərbaycan Partiyası ilə Ədalət və İnkişaf Partiyası arasında uzun illər uğurlu əməkdaşlığın həyata keçirildiyi məmnunluqla qeyd edildib.
İki ölkə, iki xalq xoş günlərin sevincini birgə bayram etdiyi kimi, ən çətin məqamlarda da bir-birilərinə arxa, dayaq durmağı bacarır. Qardaş ölkə artıq tarixdə qalan Dağlıq Qarabağ münaqişəsinin davam etdiyi illər ərzində həmişə Azərbaycana dəstək verirdi. Biz Türkiyənin qətiyyətli dəstəyini 44 günlük Vətən müharibəsi zamanı bir daha gördük. Postmüharibə mərhələsində də qardaş Türkiyə Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə start verdiyi genişmiqyaslı bərpa işlərində yaxından iştirak edir. Cənubi Qafqazın lider dövləti olan Azərbaycan müstəqil siyasət yürüdə bilən ölkədir. Dövlət siyasətinin də mütləq prioritetləri Azərbaycan xalqının və dövlətinin milli maraqlarının müdafiə olunması, eyni zamanda ölkəmizin müstəqil siyasət aparmasıdır.
Əlbəttə ki, Azərbaycan ilə Türkiyə arasında olan bağlar, qardaşlıq və birlik bütün sahələr üzrə əməkdaşlığın bundan sonra da uğurla həyata keçiriləcəyinə əminlik yaradır.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər