YAP Yasamal rayon təşkilatı və “Z.Xəlilov küç.33” (BDU) ünvanı üzrə ərazi partiya təşkilatı ilə birgə 15 iyun-Milli Qurtuluş Gününün 30 illiyinə həsr olunmuş tədbir keçirilib.Tədbirdə YAP Yasamal rayon təşkilatının sədr müavini Elnarə Mustafayeva, “Z.Xəlilov küç.33” (BDU) ünvanı üzrə ərazi partiya təşkilatının sədri Zahid Cəfərov, YAP Yasamal rayon təşkilatının əməkdaşları, ərazi üzrə Partiyanın üzvləri, universitetin professor-müəllim heyəti və tələbələr iştirak edib.Tədbirdə Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra 15 iyun-Milli Qurtuluş Gününə həsr olunmuş videoçarx nümayiş olunub. Tədbiri giriş nitqi ilə açan “Z.Xəlilov küç.33” (BDU) ünvanı üzrə ərazi partiya təşkilatının sədri Zahid Cəfərov qeyd edib ki, hər il Respublikamızda iyunun 15-i Milli Qurtuluş Günü kimi qeyd olunur. Cəmiyyətin bütün təbəqələrinin nümayəndələri müasir Azərbaycanda sabitliyin, iqtisadi inkişafın, sosial rifahın, milli həmrəyliyin əsasının qoyulduğu Qurtuluş Gününü fərəh və məmnunluq, həmçinin minnətdarlıq hissi ilə qeyd edir. O dövrdə baş verən hadisələrin təhlili göstərir ki, əgər 1993-cü ilin iyununda xalqın təkildi dəvəti ilə ümummilli liderimiz Heydər Əliyev hakimiyyətə qayıtmasaydı, bu gün Azərbaycanın müstəqilliyindən söhbət açmaq mümkün olmayacaqdı. Qeyd olunub ki, Bu günkü Azərbaycan ulu öndər Heydər Əliyevin görmək istədiyi Azərbaycandır. Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi strateji xətt Prezident İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilir. Bu gün bu strateji xəttin təntənəsi 44 Günlük Vətən müharibəsində əldə olunana şanlı Qələbədir.
Çıxış edən Tarix fakültəsinin Azərbaycan tarixi (humanitar fakültələr üzrə) kafedrasının müdiri Azad Rzayev bildirib ki, tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 1993-cü ilin 15 iyunu onu qiymətləndirənlər, dərindən dərk edənlər üçün çox əzizdir. Çünki Vətənini, xalqını sevən, həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsl qurtuluş, Azərbaycanın xilas tarixidir. Bu tarixi yaradan isə yenə də Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqa arxa olan bir insan - Ulu öndər Heydər Əliyevdir. Ulu Öndər Heydər Əliyevin dövlət müstəqilliyimizin ilk illərində milli dövlətçiliyimizi qorumaq üçün nümayiş etdirdiyi qətiyyət və prinsipiallığı onun yüksək liderlik əzmini bir daha göstərdi. Ümummilli Lider hakimiyyətə qayıtdıqdan sonra respublikada mədəni, sosial, iqtisadi inkişaf özünü göstərdi, Azərbaycan müasir, qlobal dünyaya inteqrasiya olunmağa başladı. Beləliklə, bu mühüm tarixi gün - 15 İyun xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk oldu və 1997-ci ildən etibarən parlamentin qərarı ilə rəsmi bayram kimi qeyd edilir. Qeyd olunub ki, Azərbaycan Respublikası möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi yolla inamla irəliləyir, ümumbəşəri dəyərlərə əsaslanaraq insan hüquq və azadlıqlarının təminatı, demokratikləşmə və dünya dövlətçilik sahələrində yeni-yeni uğurlara imza atır.
Çıxışlardan sonra rayonun ictimai-siyasi həyatında fəal iştirak edən partiya üzvlərinə fəxri fərman və partiya sıralarına yeni qoşulmuş şəxslərə isə üzvlük vəsiqələri təqdim olunub.