Ulu Öndər Heydər Əliyev Azərbaycanın milli-mənəvi dəyərlər sistemini qoruyan, inkişaf etdirən və onu milli özünüdərkin həlledici amilinə çevirən fenomenal lider kimi xalqımızın qəlbində yaşayır. Belə ki, hələ sağlığında Ümummilli Lider zirvəsinə ucalmış Ulu Öndər Heydər Əliyev böyük fədakarlıqlar hesabına qurub- yaratdığı dövlətin sarsılmazlığını, demokratik yüksəlişini, Azərbaycanın müstəqilliyinin əbədiliyini, daimiliyini, dönməzliyini təmin etmişdir. Ulu öndər Heydər Əliyevin 1993-cü il iyun ayının 15-də Azərbaycan Respublikası Milli Məclisinə Sədr seçilməsi ölkəmizin siyasi tarixində keyfiyyətcə yeni bir mərhələnin başlanğıcı oldu. Azərbaycanın daxili siyasi böhrandan qurtulması məhz bundan sonra mümkün oldu. Ümummilli lider Heydər Əliyev Azərbaycanı vətəndaş müharibəsindən qarşıdurmadan, tənəzzül və məhv olmaq təhlükəsindən xilas edərək dirçəliş yoluna çıxardı. Şübhəsiz ki, müstəqil Azərbaycan dövləti hazırkı inkişaf mərhələsinə heç də asan yolla çatmayıb. Yaxşı məlumdur ki, Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlişi, Azərbaycanı bütöv bir xalq kimi məhv olmaq təhlükəsindən xilas etdi. Bu, həqiqətən də bir qurtuluş idi. 1993-cü ilin iyun hadisələrinə qiymət verməyi bacaran hər bir insan dərindən dərk edirdi ki, Ulu Öndər o dövrdə qardaş qırğınının, vətəndaş müharibəsinin qarşısını almağa həyatını təhlükəyə atmaqla, ölümündən çəkinməyərək nail oldu. Hakimiyyətdə olan AXC- Müsavat iqtidarının səriştəsizliyi, xalqı deyil, yalnız öz mənfəətlərini güdmələri, hər şeyi - ləyaqəti, şərəfi, vicdanı pula satmağı sonda Azərbaycanın öz müstəqilliyini itirmək təhlükəsi ila qarşı-qarşıya qoydu. Talanmış dövlət büdcəsi iqtisadiyyatı çökdürmüş, daxili və xarici qüvvələr isə artıq separatçılıq vasitələri ilə ölkəni bölən "xəritələrini" hazırlamışdılar. Azərbaycan xalqı dövlətçiliyini itirmək təhlükəsi fonunda fəlakətlər, tüğyanlar burulğanında məhv olmaq üzrə idi. Bütün bunlardan isə çıxış yolu tapmaq lazım idi. Xalqın Fenomen liderǝ ehtiyacı var idi və O, Heydər Əliyev idi! Belə bir ağır məqamda Azərbaycan hakimiyyəti vəziyyətin daha da kritikləşməsinə yol açan məntiqsiz qararlar verməkdə davam edir, ölkəni, demək olar ki, zorla vətəndaş qarşıdurmasına sürükləyirdi. Azərbaycan vətəndaş müharibəsi və parçalanmaq təhlükəsinin astanasında idi. Belə bir situasiyada xalqımız 1993-cü ildə Azərbaycan dövlətini xilas etmək üçün Ümummilli lider Heydər Əliyevə üz tutdu. O zaman ölkəyə "rəhbərlik" edən qüvvələr də Azərbaycanı məruz qoyduqları təhülkədən xilas etmək üçün Ulu öndər Heydər Əliyevin Bakıya gəlməsini yeganə çıxış yolu kimi dəyərləndirirdilər. Ulu Öndər Heydər Əliyev dövlətin xilaskarı olmaqla yanaşı, həm də millətinin taleyinin xilaskarıdır. Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində Azərbaycan bu gün öz inkişafının ən sürətli dövrünü yaşayır. Bu gün Ulu Öndər Heydər Əliyev dühasının bəhrəsi olan müstəqil Azərbaycan dövlətinin inkişafı millət- dövlət tandeminin üzərində qurulduğu üçün sarsılmazdır.
Ulu öndər Heydər Əliyev Azərbaycan xalqının xilaskarı olmasını ölkəmizin müstəqilliyini qoruyub saxlamaqla və yeni inkişaf üfüqləri açmaqla sübut etdi. Məhz bütün bu hadisələrin təhlili bu qənaətə gəlməyə imkan verir ki, bu günədək əldə etdiyimiz nailiyyətlərin kökündə məhz Qurtuluş məfkurəsinin dayanması tarixi bir gerçəklikdir. 15 iyun Azərbaycanın taleyini dəyişən gün kimi müstəqillik tariximizə qızıl hərflərlə yazılmışdır. Hətta mövcud siyasi dairələr də istəməsələr belə Heydər Əliyev-xalq birliyinin gücü qarşısında geri çəkilməyə məcbur olmuşdular. Bununla ölkəmizdə həm də Azərbaycanın tənəzzüldən xilas olaraq tərəqqi yoluna çıxmasına səbəb olan xalq-iqtidar birliyinin əsası qoyulmuşdu. Bu gün Heydər Əliyevin adı hər yerdə dərin ehtiramla anılır, ona sonsuz məhəbbət bəslənilir. Milli xilaskarımız olan Ümummilli liderimizin müəyyənləşdirdiyi siyasi kurs bu gün Cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hər iki siyasi lider tərəfindən həyata keçirilən azərbaycançılıq ideologiyası bu gün vətənpərvər, dövlətə, millətə bağlı, eyni zamanda savadlı gəncliyin yetişməsinə səbəb olub. Həmin gənclik ki, Ali Baş Komandanın ətrafında sıx birləşərək onun əmrinə qeyd-şərtsiz əməl edərək Qarabağımızı 30 illik erməni işğalından azad etdilər. Belə ki, Ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi əsasında atdığı praqmatik addımlar sayəsində ölkədə hökm sürən dağıdıcı proseslərin neytrallaşdırılmasına nail olundu və Ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olan Milli Qurtuluş Günü Azərbaycana tarixinin şanlı qürur səhifəsinə çevrildi.
Azər Ağayev
YAP Tərtər rayon təşkilatının sədr müavini