30 il öncə, 15 iyun xalqımızın Ümummilli Lideri Heydər Əliyev hakimiyyətə Qayıdışı ilə müstəqilliyimizi qoruyub saxladı və inkişaf etdirilməsinə nail oldu. Artıq üçüncü ildir ki, bu tarixi Qurtuluş Gününü ərazi bütövlüyünü bərpa etmiş, qalib dövlət kimi qeyd edirik. 15 iyun Milli Qurtuluş Günü ilə bağlı Milli Məclisin tarixi qərarından bir məqam: «Azərbaycan xalqının azadlığının, müstəqil dövlətçiliyinin müqəddəratının həll edildiyi ən ağır günlərdə Heydər Əliyevin öz xalqının iradəsinə tabe olaraq ölkə rəhbərliyinə qayıtması, əslində, onun müstəqil Azərbaycan Respublikasını, Azərbaycan xalqını, milli azadlıq hərəkatında qazanılmış tarixi nailiyyətləri məhv olmaqdan xilas etmək kimi çox çətin və şərəfli bir missiyanı könüllü olaraq öz üzərinə götürməsi idi. Bu, sözün əsl mənasında, “ömrümün qalan hissəsini də xalqıma qurban verirəm” - deyib meydana atılan böyük ürəkli Vətən oğlunun öz xalqı, öz Vətəni qarşısında misilsiz fədakarlığı idi».
Bəli, 15 İyun - hər birimiz üçün həm tarixi xilaskarlıq, həm də mövcud olma günüdür. Milli Məclisin həmin tarixi qərarında deyildiyi kimi, Heydər Əliyev Azərbaycanı, Azərbaycan xalqını məhv olmaqdan qurtarmaq üçün “ömrümün qalan hissəsini də xalqıma qurban verirəm” dedi. Bu çətin, ağır bir mərhələ Azərbaycanın bir dövlət kimi, azərbaycanlıların isə bir xalq kimi gələcək mövcudluğu məsələsinin həlli mərhələsi idi. 1991-ci ildən başlayaraq 1993-cü ilin iyun ayına qədər ölkədə hakimiyyətsizlik, başıpozuqluq, hərc-mərclik mövcud idi. Azərbaycanın müxtəlif bölgələrində xarici dövlətlərin marağı ilə təkan verilən separatçılıq əhvali-ruhiyyəsi güclənir, hakimiyyət iddiasında olan qruplaşmalar arasında silahlı toqquşmalar baş verir, Azərbaycan xalqı torpaqlarımız uğrunda Ermənistan silahlı birləşmələri ilə özünümüdafiə səviyyəsində döyüşürdü. Hər addımda ölkədə qanun pozuntusu və cinayət törədilməsi adi hal alır, iqtisadiyyat dağılır və talan edilir, elm, təhsil və mədəniyyət tamamilə diqqətdən kənarda qalırdı. Bir sözlə, Azərbaycan dağılmağa, bölünməyə və parçalanmağa aparan bir yolda olduqca sürətlə irəliləyirdi. 1993-cü ilin iyun ayında başlanan Gəncə hadisələri ölkəmizin vətəndaş qarşıdurması ərəfəsində olmasının aydın işarəsi idi. Məhz belə bir tarixi məqamda Azərbaycan xalqı seçimini etdi. Xalqımız özünün böyük oğlu, dünya şöhrətli siyasi xadim Heydər Əliyevi köməyə çağırdı və hakimiyyət sükanını Ona etibar etdi. Yaranmış xaos və özbaşınalıqdan başını itirmiş ovaxtkı iqtidar nümayəndələri də xalqın təkidli tələbləri qarşısında tab gətirməyərək Ulu Öndərimiz Heydər Əliyevin hakimiyyətə qayıdışını ondan dəfələrlə xahiş etdilər. Həyatının bütün işgüzar dövrünü Azərbaycan yolunda sərf etmiş böyük siyasi xadim Heydər Əliyev xalqın səsinə səs verdi, 1993-cü il iyun ayının 9-da Bakıya gəldi. Dahi Öndər Heydər Əliyevin həmin gün Bakıya dönüşü adi dönüş deyildi. Bu, bir xilaskarın gəlişi idi.Ümummilli Lider gəlişinin məqsəd və məramını aydın olaraq belə ifadə etmişdi: "Mən Azərbaycanın müstəqilliyini Azərbaycan xalqı üçün böyük nailiyyət hesab etmişəm və bu müstəqilliyin əldə olunmasına xidmət etmişəm. Bundan sonra ömrümün qalan hissəsini də Azərbaycanın müstəqilliyinin möhkəmlənməsinə, inkişaf etməsinə sərf edəcəyəm".1993-cü il iyun ayının 15-də Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçilən ulu öndər Heydər Əliyev bu tarixi məqamda bütün Azərbaycan xalqını vətəndaş həmrəyliyinə dəvət etdi: "Mən rica edirəm, kiçik hissiyatı kənara qoymaq lazımdır, xırda dedi-qodunu kənara qoymaq lazımdır, bunların vaxtı deyil... Əgər kimsə, nə vaxtsa mənə qarşı düzgün münasibət bəsləməyibsə, nəsə edibsə, inanın ki, mən onların hamısını çoxdan bağışlamışam". Bu, həm də adi müraciət deyildi, zəngin tarixi və dövlətçilik ənənələri olan, böyük sərkərdələr və dövlət xadimləri yetirmiş qədim bir xalqın ona olan ümidlərini hiss edən bir liderin xalq etimadını doğrultmağın məsuliyyətini dərindən dərk etməsinin aydın ifadəsi idi. Bu, bir siyasətçinin, böyük vətənpərvərin Vətənin ən ağır günlərində milli birliyə, həmrəyliyə, ümumi düşmənlərə qarşı birgə mübarizəyə çağırışı idi. Bu, hər bir kəsə yalnız dövlətin və xalqın mənafeyinə xidmət etmək borcu barədə qəti xəbərdarlıq idi.
Tarixi QAYIDIŞ artıq MİLLİ QURTULUŞLA aydın sabah və parlaq gələcək naminə daha da möhtəşəmlik qazandı. Bir qədər sonra isə o, Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı. Ulu Öndər 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Azərbaycan Respublikasının Prezidenti seçildi. O, 1998-ci il oktyabrın 11-də xalqın yüksək fəallığı şəraitində keçirilən seçkilərdə səslərin 76,1 faizini toplayaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçildi.Ulu Öndərin xalqın doğru seçimi əsasında Azərbaycanın siyasi hakimiyyətinə qayıdışı ilə respublikamız diletant, naşı və həris “liderlərin” hakimiyyətindən qurtuldu. Azərbaycanın sabitlik və inkişafla səciyyələnən qurtuluş tarixi başladı. Ulu Öndərin Azərbaycanın siyasi hakimiyyətinə qayıdışının tarixi önəminə diqqət çəkən Prezident İlham Əliyev bildirib: “1993-cü il tariximizdə dönüş nöqtəsi olmuşdur. Əslində, bizim müstəqil tariximiz o ildən başlamışdır. Çünki 1991-1993-cü illərdə müstəqillik formal, şərti xarakter daşıyırdı. Azərbaycan demək olar ki, xaricdən idarə olunurdu. Biz hamımız bunu yaxşı bilirik. Ona görə Azərbaycan xalqı haqlı olaraq Heydər Əliyevi Azərbaycanın dövlət müstəqilliyinin banisi, Azərbaycan dövlətinin qurucusu kimi tanıyır və bu, tarixi həqiqətdir”.
Heydər Əliyev yolu ilə irəliləyən Azərbaycan
Həmişə verdiyi qərarlarla zamanı qabaqlayan Heydər Əliyev ideyaları ölkəmiz və xalqımız üçün bir mayakdır. Son 20 ildə Prezident İlham Əliyev respublikamızda Ulu Öndərin siyasi kursunu böyük inamla davam etdirib. Heydər Əliyev yolu ilə irəliləyən Azərbaycan böyük uğurlara imza atır. Ulu Öndərin zamanında başladığı islahatlar, “Əsrin müqaviləsi” ilə yeni neft strategiyasının təməlinin qoyulması ölkəmizin iqtisadi-maliyyə imkanlarının genişlənməsi üçün möhkəm baza oldu. Son 20 ildə isə Prezident İlham Əliyevin uğurlu idarəçilii sayəsində Azərbaycanın iqtisadi müstəqilliyi və bu əsasda siyasi müstəqilliyi tam təmin olunub. Hazırda respublikamız heç bir beynəlxalq təşkilatdan, heç bir maliyyə qurumundan asılı deyil. Ölkəmizin xarici borc öhdəliyi ÜDM-ə nisbətdə çox aşağı səviyyədədir. Strateji valyuta ehtiyatlarımız 65 milyard dollara çatıb. Bu gün Azərbaycanın ölkə hüdudlarından kənarda genişmiqyaslı investisiya siyasəti həyata keçirməsi, bir sıra regional və qlobal əhəmiyyətli nəqliyyat və enerji layihələrinin məhz ölkəmizin moderatorluğu ilə reallaşdırılması son dərəcə qürurvericidir. Bütün bunlar beynəlxalq miqyasda ölkəmizin və onun Liderinin nüfuzunu artırıb. Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüslərinin BMT və digər beynəlxalq qurumlar səviyyəsində dəstəklənməsi, Onun həm Avropada, həm də İslam coğrafiyasında mötəbər tədbirlərə fəxri qonaq qismində dəvət alması bunun bariz nümunəsidir.Qurtuluş tariximizdə Azərbaycanın imza atdığı ən böyük uğur isə Vətən müharibəsində qazanılan şanlı Zəfərimizdir. Güclü Azərbaycan Ordusu cəmi 44 gün ərzində düşməni diz çökdürməyə nail oldu. 20 il 19 il öncə deyilənlər, bu gün öz müsbət nəticəsini verib. Ulu Öndər Heydər Əliyev: "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm",-vəsiyyətini reallaşdıran Prezident İlham Əliyev son 20 illik Prezidentlik fəaliyyətinin nəticəsidir ki, son 30 il ərzində həsrətində olduğumuz Qarabağ Azərbaycandır! şüuarı ilə haqq və şərəf işimiz olan, Azərbaycan Respublikamızın suverenliyi, ərazi bütövlüyümüzə və nəhayət, Qələbə Zəfərimizə nail olduq!
Və əməli fəaliyyəti, xalqına və Vətəninə məhəbbəti ilə ümumxalq sevgisi qazanan Prezident İlham Əliyev son 20 illik prezidentlik fəaliyyəti müddətində Ulu Öndər tərəfindən qarşıya qoyulmuş vəzifələrin öhdəsindən layiqincə gəlir və uğurlara aparır. Və Qalib Liderimiz Prezident İlham Əliyevin rəhbərliyi ilə Böyük Qayıdışın reallaşdırılması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirilməklə, düşmənin yerlə-yeksan etdiyi Qarabağ dünyanın ən gözəl guşələrindən birinə çevriləcək. Və bu uğurların əsasını qoymuş Ulu Öndər Heydər Əliyevin adı isə qədirbilən Azərbaycan xalqının qəlbində daim yaşayacaqdır.
HƏBİB MİSİROV,
YAP Kəlbəcər rayon təşkilatının sədri