YAP Yasamal rayon təşkilatı və “H.Cavid pr.25” (AzTU) ünvanı üzrə ərazi partiya təşkilatı ilə birgə 15 iyun-Milli Qurtuluş Gününün 30 illiyinə həsr olunmuş tədbir keçirilib.Tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin baş direktorunun müavini İlqar İsayev, YAP Yasamal rayon təşkilatının və“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin əməkdaşları, ərazi üzrə Partiya təşkilatının üzvləri, universitetin professor-müəllim heyəti və tələbələr iştirak edib.
Tədbirin rəsmi hissəsindən öncə Azərbaycan Texniki Universitetinin inzibati binasında yerləşən ulu öndər Heydər Əliyevin büstü önünə gül dəsətləri düzülüb. Ulu öndər Heydər Əliyevin əziz xatirəsi dərin ehtiramla yad edilib.
Tədbiri giriş nitqi ilə açan Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev qeyd edib ki, Azərbaycan xalqı 30 ildir 15 iyun tarixini Milli Qurtuluş Günü kimi qeyd edir. Bu əlamətdar tarixlə xalqımızın gələcək həyatının ən önəmli başlanğıclarının əsası qoyulub. Rektor deyib ki, 90-cı illərdə Azərbaycanı ağır və dözülməz vəziyyətdən xilas edən lider məhz ulu öndər Heydər Əliyev ola bilərdi. Xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Heydər Əliyev Azərbaycanın müstəqilliyini qorudu, ölkə bütün sahələrdə inkişaf etdi. Bu gün Ulu Öndərin layiqli davamçısı, Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti və siyasi iradəsi sayəsində Azərbaycan dünyada söz sahibidir.
Çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildiirb ki, Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan elə günlər var ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub. Belə günlərdən ən önəmlisi tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günüdür. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan ulu öndər Heydər Əliyevdir. Heydər Əliyev fenomeninə məxsus iti zəka, müdriklik, uzaqgörənlik və əzmkarlıq ona Ümummilli Lider mövqeyi qazandırıb. Çoxşaxəli və zəngin fəaliyyəti, misilsiz insani keyfiyyətləri sayəsində o, zəmanəmizin əbədiyaşar dahisinə çevrilib. Azərbaycan xalqı haqlı olaraq Heydər Əliyev irsini müstəqilliyinin təminatçısı kimi qəbul edir. Qədirbilən xalqımız böyük xilaskarının xidmətlərini unutmur və 15 İyun - Milli Qurtuluş Gününü hər il yüksək əhval-ruhiyyə ilə qeyd edir. Qeyd olunub ki, Ölkə Prezidenti cənab İlham Əliyevin uzaqgörən, düşünülmüş və qətiyyətli siyasəti sayəsində Azərbaycanın əldə etdiyi uğur və nailiyyətlər onu söyləməyə əsas verir ki, ulu öndər Heydər Əliyevin bizlərə miras qoyduğu müstəqil dövlət əmin əllərdədir. Vətənimizin əldə etdiyi uğurlarının aspektində 44 günlük Vətən müharibəsindəki tarixi Qələbəmizi və bu Zəfərdə Ulu Öndər ideyalarının əsas həlledici rola malik olmasını xüsusi qeyd etmək lazıdır. Bu tarixi Zəfər və ərazi bütövlüyümüzün təmin olunması mahiyyət etibarilə Ümummilli Liderimizin müəyyən etdiyi və Prezident İlham Əliyevin daha da təkmilləşdirərək müasirləşdirdiyi və inamla həyata keçirdiyi milli dövlətçilik strategiyasının ən böyük təntənəsidir
Çıxış edən “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin şöbə müdiri Elxan Bayramov vurğulayıb ki, 15 İyun Milli Qurtuluş Günü xalqımızın tarixinin parlaq səhifələrindən birini təşkil edir. Bu bayram şərəfli və mənalı ömür yolunu müstəqil Azərbaycan dövlətinin qurulmasına, onun dünya ölkələri arasında layiqli yer tutmasına, xalqımızın xoşbəxt və firavan həyat şəraitində yaşamasına həsr etmiş Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. 1993-cü il iyunun 9-da Naxçıvandan Bakıya gələn Ulu Öndər Heydər Əliyev xilaskarlıq missiyasını cəsarətlə, qətiyyətlə yerinə yetirdi. Bir neçə gün sonra iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi və beləliklə, 15 İyun Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu. Bu gün ulu öndər Heydər Əliyevin yolunu Onun layiqli siyasi varisi Prezident cənab İlham Əliyev uğurla davam etdirir.
Çıxışlardan sonra rayonun ictimai-siyasi həyatında fəal iştirak edən partiya üzvlərinə fəxri fərman və partiya sıralarına yeni qoşulmuş şəxslərə isə üzvlük vəsiqələri təqdim olunub.