Bu günlər xalqımız Azərbaycanın Müstəqillik tarixinə qızıl hərflərlə yazılan “Milli Qurtuluş Günü” nün 30 illik yubileyini təntənə ilə qeyd edir. Məhz bu gün dövlətçiliyimiz yox olmaq təhlükəsindən, xaos və anarxiyadan qurtulmasının bünövrəsi qoyulmuşdur. Bu təməli qoyan isə ömrünü doğma Azərbaycanın tərəqqisinə həsr edən, ölkəmizi iqtisadi tənəzzüldən iqtisadi inkişaf yoluna çıxaran, onu Beynəlxalq aləmdə tanıdan, müstəqil Azərbaycan Respublikasının qurucusu Heydər Əlirza oğlu Əliyevdir. Ulu Öndər Heydər Əliyevin Azərbaycana birinci dəfə rəhbərliyi dövründə Respublikamız sürətlə inkişaf edərək istər kənd təsərrüfatında, istərsə də sənayedə böyük yüksəliş əldə etdi. Məhz bu xidmətlərinə görə 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçildi və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edildi. O bu vəzifədə işləyərkən ölkədə ən ağır və çətin sahələrə nəzarət etmiş, onun yüksək təşkilatçılıq bacarığı sayəsində qısa müddət ərzində həmin sahələrdə dönüş əldə edilmişdir. Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən Baş katib Mixail Qarbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa vermişdir. Bundan sonra Dağlıq Qarabağda separatçı qüvvələr Sovet rəhbərliyinin dəstəyi sayəsində Qarabağın Ermənistana birləşdirilməsi barədə hərəkata başladılar və bununla da Azərbaycan faciələrlə üz-üzə qaldı. Tarixi Azərbaycan torpaqları ardıcıl olaraq işğal edilməyə başladı, Bakıda 20 yanvar faciəsi baş verdi. Heydər Əliyev 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb etmişdir.1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşamış, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilmişdir. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Sovetinin sədr müavini olmuşdur. Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis konfransında partiyanın sədri seçilmişdir. 1993-cü ilin may-iyununda ölkədə siyasi böhranının son dərəcə kəskinləşməsi ilə əlaqədar ölkəni idarə edə bilməyən o zamankı rəhbərlik Heydər Əliyevi Bakıya dəvət etdi. Heydər Əliyev 1993-cü il iyunun 15 –də Azərbaycan Ali Sovetinin sədri seçilmiş, iyunun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlamışdır.Bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, Respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Həmin il “olum, ya ölüm” ayrıcında qalmış Azərbaycan Heydər Əliyevin yorulmaz fəaliyyəti nəticəsində gələcəyə inamla baxan qüdrətli bir dövlətə çevrildi. 1993-cü il oktyabrın 3-də Ümummilli Lider xalqımızın böyük əksəriyyəti tərəfindən Prezident seçildi.Heydər Əliyev ikinci dəfə Azərbaycanda hakimiyyətə qayıtdıqdan sonra ilk növbədə ayrı-ayrı silahlı dəstələrin qardaş qırğını törətmək cəhdinin qarşısını aldı. 1994-cü il oktyabr və 1995-ci il mart dövlət çevrilişlərinin qarşısını xalqın köməyi ilə aldı. 1994-cü il sentyabr ayının 20-sində Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə sonralar "Əsrin müqaviləsi" adını almış, dəyəri yeddi milyard dollar olan neft müqaviləsi imzalandı. Büdcəsində heç bir valyuta olmayan bir dövlət üçün bu mühüm müqavilə hava və su kimi lazım idi. Bu müqavilə çərçivəsində Azərbaycana böyük məbləğdə vəsait daxil olması ilə yanaşı həm də ən müasir innovasiya və informasiya texnologiyaları gətirmiş, demokratik proseslərin, hüquqi-siyasi islahatların sürətləndirilməsinə, vətəndaş cəmiyyətinin formalaşmasına, dünyanın nüfuzlu Beynəlxalq təşkilatları ilə əməkdaşlıq xəttinin güclənməsinə ciddi təkan vermişdir. Ulu Öndər Heydər Əliyevin siyasi varisi cənab İlham Əliyevin Respublikamıza rəhbərlik etdiyi 20 il ərzində ölkəmiz çox böyük nailiyyətlər qazanmışdır. 2003-2023-ci illərdə Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi altında möhtəşəm tarixi nailiyyətlər qazanıb. Dövlətimizin qüdrəti artıb, ölkənin siması bütünlüklə dəyişib, insanların həyatı yaxşılaşıb, torpaqlarımız erməni işğalından azad edilib. Bu gün Ulu Öndər Heydər Əliyevin ruhu şaddır. Çünki, onun həyata keçirə bilmədiyi yeganə problem-Qarabağ torpaqlarının işğaldan azad edilməsi artıq reallığa çevrilmişdir.
Nazim Bünyatov,
YAP Ağcabədi rayon təşkilatının sədr müavini