Vətən müharibəsindən bugünədək dünya Azərbaycan-Türkiyə qardaşlığının daha da möhkəmləndiyinin şahidi olur. Dövlət başçısının bütün çıxışlarının mahiyyətində bu mühüm məqam xüsusi qeyd edilir ki, qardaş Türkiyə İkinci Qarabağ müharibəsi başlandığı andan sonadək Azərbaycana mənəvi və siyasi dəstəyini əsirgəmədi və bu dəstək ölkəmizə güc verdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə mətbuata birgə bəyanatlarında da Prezident İlham Əliyev bu kimi məqamlara xüsusi diqqət yönəldərək bildirmişdir ki, əldə edilmiş bütün uğurların təməlində Türkiyə və Azərbaycan arasında olan qardaşlıq əlaqələri dayanır. Bu il Şuşa Bəyannaməsinin imzalanmasının ikinci ildönümünü qeyd etdik. Şuşa Bəyannaməsi tarixi anlaşmadır və bu anlaşma nəticəsində Türkiyə və Azərbaycan rəsmən müttəfiq oldu.
İki ölkə arasında qardaşlığın növbəti nümunəsini bütün dünya Türkiyədə baş verən dəhşətli zəlzələ zamanı gördü. Azərbaycan hökuməti və xalqı Türkiyə xalqının dərdini öz dərdi kimi bölüşdü və dərhal zəlzələ bölgəsinə heyət göndərdi. Dəstək yalnız maddi və humanitar sferalarla məhdudlaşmadı. Həmçinin siyasi müstəvidə özünü göstərdi. Dövlət başçısı İlham Əliyevin təşəbbüsü ilə Ankarada Türk Dövlətləri Təşkilatının dövlət başçılarının fövqəladə Zirvə görüşü keçirildi. Bu tədbirin Şuşada keçirilməsi nəzərdə tutulmuşdu. Prezident İlham Əliyev Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə əlaqədar qardaş ölkəyə dəstək məqsədilə Zirvə görüşünün Ankarada keçirilməsi təklifi ilə çıxış etdi.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın azərbaycanlı həmkarı İlham Əliyevə Türk dünyasının böyük oğlu, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə hazırlanmış xatirə əskinasını təqdim etməsi də bu qardaşlıqdan irəli gələn mühüm addım oldu. İki ölkənin dostluğu, qardaşlığı bütün sahələrdə özünü nümayiş etdirir. Bu gün əsas hədəflər sırasında Türkiyə-Azərbaycan birgə universitetinin yaradılması məsələsi xüsusi yer tutur. Dövlət başçısı İlham Əliyev ümidvar olduğunu bildirdi ki, yaxın gələcəkdə, aylarda bu məsələ də öz həllini tapacaq. Qardaşlıq münasibətlərimizə daha bir töhfə veriləcək. İki qardaş ölkə daim bir-birinin yanındadır, hər bir yeniləyə birgə imza atmağa səy göstərirlər. Hər iki ölkə başçıları mətbuata birgə bəyanatlarında mühüm mesajlar da öz əksini tapdı. Azərbaycan-Türkiyə münasibətlərinin daha da inkişafı üçün gözəl imkanlar yaranır. “Bugünkü dünyada güc faktoru ön plana çıxır. Əfsuslar olsun ki, beynəlxalq hüquq çalışmır”, - söyləyən Prezident İlham Əliyev belə bir əminliyi ifadə etdi ki, bundan sonra da birgə fəaliyyət istiqamətində aparılacaq işlər həm bölgədə, həm də dünyada gücümüzü daha da artıracaq.
Fərid Mustafayev
AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun YAP ərazi partiya təşkilatının sədr müavini