Türkiyə-Azərbaycan birliyi, qardaşlığı – bu, beynəlxalq amildir, sabitlik, inkişaf və təhlükəsizlik amilidir. Azərbaycan Prezidenti İlham Əliyev bu fikri iyunun 13-də Bakıda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdə deyib. Rəcəb Tayyib Ərdoğanı prezident seçkilərində qələbəsi münasibətilə bir daha təbrik edən İlham Əliyev onun qısa müddət sonra Azərbaycana səfər etməsinin əhəmiyyətini vurğulayıb: “Hər zaman olduğu kimi, bizim görüşlərimiz həm görülən işlərə yekun vurur, eyni zamanda, növbəti illərdə görüləcək işlərlə bağlı yol xəritəsi cızır. Əminəm ki, bu səfərdə də belə olacaq”.Hər zaman olduğu kimi, bu gün də Türkiyə-Azərbaycan münasibətləri həm iki ölkə üçün, həm də region üçün mühüm önəm daşıyır. Hazırda ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətləri mövcuddur və bütün sahələrdə bu əlaqələr uğurla inkişaf edir. Dövlətimizin başçısı cənab İlham Əliyevin bəyan etdiyi kimi, bölgədə Türkiyə-Azərbaycan əməkdaşlığı, işbirliyi olmadan heç bir təşəbbüs, heç bir layihə həyata keçirilə bilməz. Hər iki dövlət özünün iqtisadi və enerji imkanlarından, eləcə də geosiyasi mövqeyindən ikitərəfli və regional əməkdaşlığın genişlənməsi istiqamətində səmərəli surətdə istifadə edir. Bu isə regionda sülhün, sabitliyin möhkəmlənməsinə mühüm təsir göstərir.Seçkilərdən sonra Türkiyə-Azərbaycan qardaşlıq əlaqələri qarşısında yeni imkanlar, yeni üfüqlər açılırAzərbaycan-Türkiyə, iki qardaş, dost ölkədir. Bu qardaşlıq və dostluğun bugünkü zirvə mərhələsi soykök, dil, mənsubiyyət, din birliyindən qaynaqlansa da, onun indiki mərhələyə yüksəlməsində XX əsrin əvəllərindən başlayaraq intensiv inkişaf edən qarşılıqlı-faydalı əməkdaşlıq əsas rol oynamışdır. Belə ki, Türkiyənin Çanaqqala müharibəsindən başlayaraq bütün milli-azadlıq hərəkatı dövründə yüzlərlə Azərbaycan könüllülərinin döyüş cəbhələrində qəhrəmanlıq göstərməsi, Türkiyənin istiqlaliyyəti yolunda şəhidlik zirvəsinə yüksəlməsi Türkiyə-Azərbaycan birliyinin, həmrəyliyinin ibrətli, unudulmaz səhifələridir.Eyni dostluq və qardaşlıq münasibətlərini öz növbəsində Türkiyə də Azərbaycana göstərmişdi. Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda başlayan Vətən müharibəsi dövründə ölkələrimiz arasındakı əlaqələr bir daha tarixi sınağa çəkildi. Müharibə başlayan ilk andan Türkiyə dövləti, hər bir türk vətəndaşı Azərbaycanın yanında olduğunu qəti şəkildə bəyan etdi. Müharibənin davam etdiyi günlərdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana verdiyi dəstək inamımızı daha da gücləndirdi və qələbəmizin təmin olunmasında çox böyük qardaşlıq dəstəyi, mənəvi dəstək kimi əhəmiyyətli rol oynadı. Nə qədər beynəlxalq təzyiqlər olsa da, Türkiyə qardaşlıq dəstəyi mövqeyindən geri çəkilmədi.Biz bu dəstəyi qələbədən sonra Azadlıq meydanında keçirilən qələbə paradında da gördük. Əslində, Azərbaycan-Türkiyə qardaşlığının qələbəsi, nümayişi idi.Meydandan əzmlə, qürurla keçən Türk Silahlı Qüvvələrinin təmsilçilərinin Azərbaycan Ordusu ilə yanaşı addımlaması həm də bütün dünyaya mesaj idi. Atatürkün: “Azərbaycanın kədəri kədərimiz, sevinci – sevincimizdir” kəlamının nümayişi idi, həm də. Bəli, o gün türk əsgəri sevincimizi bölüşmək üçün burda, qələbə paradında idi.Azərbaycanla Türkiyə arasında imzalanan Şuşa Bəyannaməsində də iki ölkə arasında faydalı birgə əməkdaşlığın perspektivləri öz əksini tapıb. Ümumiyyətlə, bəzi əlamətdar hadisələrin birgə qeyd olunması da ənənə halını alıb. Yaxşı ənənələri yaşatmaq özü də böyüklükdür. Bu ənənələr babalarımızdan miras qalmış qardaşlıq əlaqələrinin möhkəmləndirilməsində köməyə çatır.Tarixi qələbədən sonra işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa, quruculuq işlərində də biz Türkiyənin dəstəyini görürük. Bir sözlə, bu gün Azərbaycan-Türkiyə münasibətləri postmüharibə dövründə də yüksələn xətlə inkişaf edir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iyunun 13-də Azərbaycana növbəti səfəri və bu səfər çərçivəsində birgə bəyənatın verilməsi Azərbaycan-Türkiyə qardaşlığının, dostluğunun, tərəfdaşlığının, strateji müttəfiqlik səviyyəsinə yüksələn münasibətlərinin növbəti təzahürüdür. Qardaş ölkənin başçısının Azərbaycana növbəti səfəri iki ölkə arasında sarsılmaz dostluğu bir daha dünyaya nümayiş etdirdi. Bu, həm də dünyaya daha bir mesajdır.
Nicat İsmayılov
YAP Yasamal rayonu "Akim Abbasov 73 E küçəsi"ünvanı üzrə ərazi partiya təşkilatının sədri