PDF Oxu

Siyasət

  • 2 102

Zəfər yolu üzərində yerləşən kənd TƏHLİL

Zəfər yolu üzərində yerləşən kənd TƏHLİL

Dövlət başçısının Sərəncamına əsasən, "Tuğ" Dövlət Tarix-Memarlıq və Təbiət Qoruğu elan edilib

Çoxəsrlik tarixə malik maddi mədəniyyət nümunələri ilə zəngin olan Azərbaycan ərazisində 6 mindən artıq tarix və mədəniyyət abidəsi dövlətin mühafizəsindədir. Ölkəmizdə dövlət tarix-mədəniyyət, memarlıq, bədii və etnoqrafiya qoruğu fəaliyyət göstərir. Əsrlərin sınağından çıxmış, təbii təsirlərə məruz qalaraq qəza vəziyyətinə düşmüş tarix və mədəniyyət abidələrinin əksəriyyətində təxirəsalınmaz konservasiya və bərpa işləri aparılıb və bu davam etməkdədir. Son illər ərzində ölkəmizdə "Yanardağ" dövlət tarix-mədəniyyət və təbiət qoruğu, "Atəşgah məbədi" dövlət tarix-memarlıq qoruğu, "Keşikçidağ" dövlət tarix-mədəniyyət qoruğu və "Xınalıq" dövlət tarix-memarlıq və etnoqrafiya qoruğu yaradılıb. Bütün bunlarla yanaşı, "İçərişəhər" dövlət tarix-memarlıq qoruğu, o cümlədən Şirvanşahlar sarayı kompleksi və Qız qalası, "Qobustan" dövlət tarixi-bədii qoruğu UNESCO-nun Dünya Mədəni İrs Siyahısına daxil edilib.

TARİX VƏ MƏDƏNİYYƏT ABİDƏLƏRİNİN MÜHAFİZƏSİ VƏ TOXUNULMAZLIĞI TƏMİN EDİLİB

"Qobustan" dövlət tarixi-bədii qoruğunun yüksək əhəmiyyəti nəzərə alınaraq, "Qobustan dövlət tarixi-bədii qoruğu ərazisində yerləşən tarixi və mədəni sərvətlərin qorunması haqqında" Azərbaycan Prezidentinin məlum Sərəncamı ilə "Qobustan" dövlət tarixi-bədii qoruğuna milli qoruq statusu verilib. Qobustan milli tarix-bədii qoruğu ərazisində qoruğun yeni inzibati binası tikilib və müasir texnologiyalarla təchiz edilmiş ekspozisiyası yaradılıb. Bu qoruqlar müasir tələblərə cavab verən turizm obyektlərinə çevrilməkdədir. "Qala" dövlət tarix-etnoqrafiya qoruğunun ərazisində Heydər Əliyev Fondu tərəfindən yaradılan "Qala" arxeoloji-etnoqrafik muzey kompleksi Azərbaycanın tarixi keçmişini qoruyub saxlamaqla yanaşı, qoruğun turizm mərkəzlərindən birinə çevrilməsinə imkan yaradıb. Statistik rəqəmlərə nəzər salsaq görərik ki, Yanardağ və Atəşgaha gələn turistlərin əksəriyyətinin hər iki qoruğa girişə imkan verən bilet aldıqları nəzərə alınsa, ümumilikdə 2022-ci ildə "Yanardağ" və "Atəşgah"a gələn turistlər bilet üçün 1 milyon 271 min 298 manat ödəyiblər. Şəkidəki "Yuxarı Baş" Milli Tarix-Memarlıq qoruğunu isə ötən il ərzində 141 mindən çox turist ziyarət edib.
Ölkə ərazisində yerləşən bir sıra abidələrdə, o cümlədən Bakı şəhərində "Şirvanşahlar Sarayı Kompleksi", "Məhəmməd" məscidi, "Kiçik Karvansaray", "Bazar meydanı", "Məktəb-məscid", Şəki rayonunda "Şəki Xan Sarayı", qala divarları, "Kiş" alban məbədi, "Aşağı Karvansaray", "Şəkixanovların evi", Quba rayonunun Xınalıq kəndində Əbu-Müslüm və Xıdır Nəbi məscidləri, Naxçıvan şəhərində "Möminə Xatun", Şərur rayonunda "Qudi-Xatun" türbələri, Culfa rayonunda "Xanəgah" memarlıq kompleksi, Babək rayonunda "Əshab-ül-Kəhf" ziyarətgahı dini mədəni abidə kompleksi, Gəncə şəhərində Nizami Gəncəvi məqbərəsi, Hacıqabul rayonunda "Pir Hüseyn" xanəgahı və digər mühüm tarixi-memarlıq əhəmiyyəti olan abidələrdə bərpa-konservasiya işləri aparılıb.
"Kiş" Tarix-Memarlıq Qoruğu Şəki şəhərinin Kiş kəndini əhatə edir. Qoruq 2003-cü ildən rəsmi fəaliyyət göstərir və 215 ha əraziyə malikdir. Qoruğun əsas fəaliyyət istiqamətləri qoruq ərazisində dövlət nəzarətini həyata keçirmək, tarix və mədəniyyət abidələrinin mühafizəsini və toxunulmazlığını, eləcə də qoruğun inkişafını təmin etmək, təbii landşaftı qoruyub saxlamaqdır. Qoruğun ərazisində Qafqazın ən qədim məbədi - Kiş Alban məbədi yerləşir. 2 min il yaşı olan Kiş Alban məbədi yalnız Azərbaycanda deyil, bütün Qafqazda ən qədim apostol məbədi sayılır. Bu məbəd alban abidələri içərisində xüsusi statusa malikdir. Məbəd həm memarlıq abidəsi kimi, həm də tarixi abidə kimi dəyərlidir. Məbədin əsrlər boyu yerli sakinlər tərəfindən ziyarətgah kimi istifadə olunması onun müasir dövrədək salamat qalmasına səbəb olub.

ZƏNGİN TƏBİİ POTENSİALA VƏ EKOLOJİ RESURSLARA MALİK KƏND

Azərbaycan xalqının böyük keçmişini özündə təcəssüm etdirən tarixi yaşayış məntəqələrindən biri Qafqaz Albaniyasının qədim irsinə aid mədəniyyət abidələrinin mövcud olduğu Tuğ kəndidir. Burada Qarabağ bölgəsinin ənənəvi memarlıq üslubuna xas dekorativ elementlərlə işlənmiş yaşayış evləri, bulaqüstü tikililər, sənduqə tipli qəbirlər və məbədlər vardır. Tuğ kəndi eyni zamanda zəngin təbii potensiala və ekoloji resurslara malikdir. Şuşa şəhərinə aparan Zəfər yolu üzərində yerləşməsi kəndin turizm baxımından inkişaf perspektivini də artırır. Xocavənd rayonu Tuğ kəndinin tarixi əhəmiyyətini nəzərə alaraq, ətraf ərazilərdə mədəni və təbii irsin kompleks şəkildə qorunması, habelə burada turizmin inkişaf etdirilməsi məqsədilə "Tuğ" Dövlət Tarix-Memarlıq və Təbiət Qoruğunun yaradılması haqqında Azərbaycan Prezidenti Sərəncam imzalayıb. Sərəncama əsasən, Xocavənd rayonunun Tuğ kəndinin tarixi ərazisi "Tuğ" Dövlət Tarix-Memarlıq və Təbiət Qoruğu elan edilib. Azərbaycan Respublikasının Nazirlər Kabineti iki ay müddətində Qoruğun sərhədlərini və mühafizə zonasını müəyyənləşdirib təsdiq edəcəkdir. Qoruğun fəaliyyəti ilə bağlı tələb olunan zəruri xərclər Azərbaycan Respublikasının dövlət büdcəsində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçirəcək.
Tuğ kəndi 31 oktyabr 1991-ci ildən 9 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. Tuğ kəndi 9 noyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib. Tuğ kəndində işğala qədər əhali üzümçülük, taxılçılıq, tərəvəzçilik, baramaçılıq və heyvandarlıqla məşğul olub. Kənddə orta məktəb, mədəniyyət evi, kitabxana, xəstəxana fəaliyyət göstərib. Məlumat üçün qeyd edək ki, Tuğ sözü bir sıra müasir türk dillərində və o cümlədən, Azərbaycan dilinin Şuşa və Qubadlı şivələrində bayraq mənasını daşıyır. Tuğ etnotoponimi Tuq məşhur qıpçaq tayfalarından birinin adı ilə bağlıdır. Azərbaycanda üç Tuğ kəndi, Tuğ çayı, Tuğ dağı və Tuğ yurdu əraziləri məlumdur. Şimali Qafqazda da Tuq, Tuk, Tok, Tukdaq, Tukovo və s. kəndlər vardır.

TARİXİ TİKİLİLƏR ƏNƏNƏVİ MEMARLIQ ÜSLUBUNDA BƏRPA VƏ KONSERVASİYA OLUNACAQ

İşğaldan azad olunan digər ərazilərimiz kimi, Tuğ kəndi də yeni həyatına qədəm qoyur. Tuğda turizm konseptual yanaşma çərçivəsində üç istiqamətdə - tarixi-memarlıq üslubunu qorumaqla mədəni turizmin inkişaf etdirilməsi, təbiət resurslarından səmərəli istifadə edib ekoturizm və "yaşıl destinasiya" konseptində turizm sənayesinin inkişaf etdirilməsi və aqroturizm resurslarından istifadə etməklə dayanıqlı və icma əsaslı turizm inkişaf konsepsiyası üzrə layihələrin həyata keçirilməsi nəzərdə tutulub. İlk mərhələdə Tuğ kəndində keçmiş məktəb binası olmuş yaşayış korpusunun konservasiyası həyata keçiriləcəkdir. Kəndin tarixi memarlığı dərindən öyrənildikdən və kifayət qədər yerli memarlıq üslubunda elmi-tədqiqat və elmi təhlillər, praktiki təcrübə qazanıldıqdan sonra bu abidənin bərpası layihəsi həyata keçirilə bilər. Çünki Tuğda ənənəvi Azərbaycan memarlığına işğal dövründə çox müdaxilə edilib və bəzi tikililər açıq-aşkar vandalizmə məruz qalıb. Buna görə də ilkin olaraq ümumi sahəsi 1464 kvadratmetr olan tikililərin konservasiyası və konsolidasiyası işləri ilə yanaşı, 6515 kvadratmetrlik ətraf ərazisinin abadlaşdırılması nəzərdə tutulur. Bundan başqa, kəndin mərkəzi hissəsində yerləşən, ümumi sahəsi 450 kvadratmetr olan mövcud tarixi tikililərin bərpa edilərək Turizm İnformasiya Mərkəzi və şərab dequstasiya yeri kimi istifadə edilməsi nəzərdə tutulur. Tuğ kəndinə gələcəkdə turizm axını ilə əlaqədar burada keyfiyyətli xidmətlərin göstərildiyi iaşə obyektinin yaradılması da nəzərdə tutulur.

Qeyd edək ki, tarixən şərabçılıq destinasiyası kimi tanınan Tuğ kəndi Xocavənd və Füzuli rayonlarının üzüm sahələrindən toplanan məhsuldan alınan şərabları ilə məşhur olub. Şərab zavodunun ümumi sahəsi 1300 kvadratmetrdir və onun ətrafındakı 850 kvadratmetrlik sahənin abadlaşdırılması nəzərdə tutulur. Zavod üçün müasir turizm konsepti tətbiq ediləcək. Belə ki, bura yalnız şərab istehsal edilən yer deyil, həmçinin Tuğ bölgəsində tarixən mövcud olmuş şərabçılıq ənənəsinin təbliğ olunduğu məkana çevriləcək. Kompleksin tərkibində müxtəlif tədbir və festivalların keçirilməsi üçün çoxtəyinatlı məkanlar olacaq. Tuğ kəndində tarixi tikililər, küçələr, hasar və darvazalar ənənəvi memarlıq üslubunda bərpa və konservasiya olunacaq. Görüləcək işlərin planına, həmçinin Tuğ ərazisində mövcud tarixi bulaqların bərpası, küçə boyunca hasar və tikililərin təmiri də daxildir.
Artıq öz torpaqlarına sahib olan Azərbaycan işğaldan azad olunan ərazilərimizi, o cümlədən dini-tarixi abidələri yenidən qurur, təmir və bərpa olunur.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər