PDF Oxu

Siyasət

  • 2 134

Tarixi torpaqlarımıza BÖYÜK QAYIDIŞ TƏHLİL

Tarixi torpaqlarımıza BÖYÜK QAYIDIŞ TƏHLİL

Prezident İlham Əliyev: "Əminəm ki, Qərbi azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar"

2000-ci ildə BMT-nin Baş Məclisinin 20 iyun tarixini Ümumdünya Qaçqınlar Günü kimi müəyyən edən xüsusi qətnamə qəbul etməsində əsas məqsəd evindən, elindən didərgin düşən qaçqın və məcburi köçkünlərin acınacaqlı həyat şəraitini diqqətdə saxlamaq, onların sayının artmasının qarşısını almaq olub. Statistik göstəricilərə əsasən, hazırda dünyada 15.4 milyon insan qaçqınlıq həyatı yaşayır və onların sayı artmaqda davam edir. Beynəlxalq Qaçqınlar Günü Azərbaycanda da hər il qeyd edilir. Bu isə heç də təsadüfi hal deyil. Azərbaycan xalqı bir əsrdə dörd dəfə ermənilər tərəfindən soyqırımına məruz qalıb, tarixi torpaqlarına təcavüz edilib, nəticədə minlərlə soydaşımız qaçqına çevrilib.
Sonuncu dəfə 250 min etnik azərbaycanlı Ermənistandakı tarixi torpaqlarından qovulub, Azərbaycana pənah gətirib. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində bildirmişdir: "Qərbi azərbaycanlılar qanunsuz olaraq dəfələrlə deportasiyaya məruz qalmış toplumdur. Onların hüquqları bərpa edilməlidir və onlar öz doğma torpaqlarına qayıtmalıdırlar".
Tarixin müxtəlif dönəmlərində azərbaycanlılar öz əzəli torpaqlarından uzaqlaşdırılmış, deportasiyaya məruz qalmışdırlar. XIX əsrdə Çar Rusiyası tərəfindən Osmanlı və İran ərazisindən ermənilərin kütləvi şəkildə Cənubi Qafqaza köçürülməsi ilə azərbaycanlıların öz tarixi torpaqlarında sıxışdırılması prosesinə başlanılıb. XX əsrin əvvəllərində azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə, soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərlə, faciələrlə üzləşib. Mərhələ-mərhələ gerçəkləşdirilən bu plan nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən - min illər boyu yaşadıqları öz doğma tarixi torpaqlarından qovularaq kütləvi qətl və qırğınlara məruz qalıb, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskənləri məhv edilib. "Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir. Ancaq əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Çünki tarix var, sənədlər var, xəritələr var"- deyə dövlət başçısı bildirib. Tarixdən bəllidir ki, 1918-1920-ci illərdə yüz minlərlə azərbaycanlı qətlə yetirilib, öz yurdlarını tərk etmək məcburiyyətində qalaraq qaçqına çevrilib, yüzlərlə Azərbaycan kəndi yer üzündən silinib. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Zaqafqaziyanın sovetləşməsindən öz çirkin məqsədləri üçün istifadə edən ermənilər 1920-ci ildə Zəngəzuru və Azərbaycanın bir sıra digər torpaqlarını Sovet hakimiyyətinin köməyi ilə Ermənistan SSR-in ərazisinə daxil etməyə nail olublar.

"GÜN GƏLƏCƏK VƏ QƏRBİ AZƏRBAYCANDAN OLAN SOYDAŞLARIMIZ, ONLARIN YAXINLARI, UŞAQLARI, NƏVƏLƏRİ TARİXİ DİYARIMIZ OLAN QƏRBİ AZƏRBAYCANA QAYIDACAQLAR"

Sonrakı dövrdə bu ərazilərdəki azərbaycanlıların deportasiya edilməsi siyasətini daha da genişləndirmək məqsədilə yeni vasitələrə əl atıblar. Bunun üçün onlar SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il "Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" xüsusi qərarına və 1948-1953-cü illərdə azərbaycanlıların öz tarixi torpaqlarından kütləvi surətdə deportasiyasına dövlət səviyyəsində nail olublar. SSRİ Nazirlər Sovetinin bu qərarları Azərbaycan xalqına qarşı növbəti tarixi cinayət aktları olub. Bu qərarlar əsasında 1948-1953-cü illərdə 150 mindən çox azərbaycanlı Ermənistan SSR ərazisindəki doğma torpaqlarından kütləvi surətdə və zorakılıqla sürgün olunub. Əsrin əvvəllərində əksər əhalisi azərbaycanlı olan İrəvan şəhərindən və Ermənistan SSR-in digər bölgələrindən soydaşlarımız təqiblərə məruz qalaraq qovulub. Azərbaycanlıların hüquqları kobudcasına pozulub, onlara qarşı sərt repressiyalar həyata keçirilib.
"1980-ci illərin sonlarında sovet hökuməti xalqımıza qarşı növbəti cinayət törətdi", - deyən Cənab Prezident Ulu Öndər Heydər Əliyevin hakimiyyətdən getməsindən istifadə edən həm erməni millətçilərinin, həm də onların sovet hökumətindəki havadarlarının dərhal hərəkətə keçdiklərini bildirmişdi: "Heydər Əliyev 1987-ci ilin noyabrında bütün vəzifələrdən uzaqlaşdırılandan iki həftə sonra erməni millətçiləri baş qaldırdılar. Sovet hökuməti onlara dəstək oldu və həm Qarabağda, həm o vaxtkı Ermənistan Respublikasında xalqımıza qarşı növbəti cinayət başlandı. Azərbaycanlılar tarixi diyarı olan Qərbi Azərbaycandan deportasiya edildi və biz bu tarixi yaxşı bilirik, xatırlayırıq və azərbaycanlıların yaşadıqları o məntəqələrin sayını da yaxşı bilirik - 170-dən çox kənddə ancaq azərbaycanlılar yaşayırdılar… Sonuncu kəndimiz Nüvədi 1991-ci ilin avqustunda deportasiyaya məruz qaldı. O da azmış kimi Qarabağda da xalqımıza qarşı cinayət törədildi".
1988-1989-cu illərdə azərbaycanlıların tarixi-etnik torpaqlarından - Ermənistandan növbəti deportasiyası baş verib, nəticədə 250 min azərbaycanlı qaçqın düşüb. Bu hadisəyə, o cümlədən Qarabağın Ermənistana birləşdirilməsi cəhdlərinə Azərbaycan xalqının etirazı ona qarşı 1990-cı ilin yanvarında Sovet qoşunlarının yeridilməsinə, Bakıda və Azərbaycanın digər şəhər və rayonlarında kütləvi qırğınlarla səbəb olub. "Əminəm ki, gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar. Mən əminəm ki, bu gün gələcək və əminəm ki, Qərbi azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar."
Əlbəttə ki, Azərbaycan Prezidentinin qüdrəti və apardığı uğurlu xarici və daxili siyasət sayəsində Qərbi azərbaycanlıların da tarixi torpaqlarına qayıdacağı gün uzaq deyil. Ölkəmizin iqtisadi və sosial inkişafı, beynəlxalq nüfuzunun artması, xalqımızın rifahının yüksəlməsinə və daha gözəl gələcəyinin təmin edilməsinə xidmət edən dövlət siyasəti daha böyük uğurları bizlərə yaşadacaqdır.

"AĞALI KƏNDİNİN TİMSALINDA HƏR BİR AZƏRBAYCAN VƏTƏNDAŞI VƏ ÜMUMİYYƏTLƏ, HƏR BİR İNSAN BİZİM PLANLARIMIZI GÖRƏ BİLƏR"

Ermənistan silahlı qüvvələrinin ölkəmizə hərbi təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizi –Qarabağ, eləcə də ona bitişik olan 7 rayonun ərazisi işğal olunmuş, bir milyondan çox soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. BMT Təhlükəsizlik Şurası 1993-cü ildə münaqişənin sülh yolu ilə həlli, işğal olunmuş ərazilərin azad edilməsi, qaçqın və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması haqqında 822, 853, 874, 884 nömrəli qətnamələr qəbul etmişdir. Lakin Ermənistan bu qərarların heç birinə əməl etmədi. 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan öz torpaqlarını azad etdi və ərazi bütövlüyünü bərpa etdi. Xalqımızın inamını özünə qaytaran, Azərbaycan dövlətinin və xalqının qüdrətini, sarsılmaz iradəsini, Ordumuzun gücünü beynəlxalq səviyyədə nümayiş etdirən möhtəşəm Qələbə yeni reallıqlar yaradıb. Zəfərimiz bütün dünyaya xalqımızı yenilməz bir xalq kimi təqdim edib. 2020-ci il sentyabrın 27-də Azərbaycan Prezidentinin siyasi iradəsi, diplomatik gücü və hərbi sərkərdəlik bacarığı nəticəsində 30 il işğal altında qalan torpaqlarımız 44 gün ərizində düşməndən azad edildi.
Artıq Azərbaycan keçmiş məcburi köçkün ailələrinin azad edilmiş ərazilərə təhlükəsiz və etibarlı şəkildə geri qayıdışına başlayıb. Şuşada, Füzulidə, Ağdamda və digər ərazilərimizdə görülən işlər Böyük Qayıdışımızı daha da yaxınlaşdırır. Zəngilan rayonun Ağalı kəndində də sürətlə görülən işlər bu şəhərin sakinlərini qoynuna aldı. Birinci "Ağıllı kənd" pilot layihəsi Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə etmiş oldu. Yenidən qurulan Ağalı kəndi müasir tələblərə uyğun olaraq quruldu. "Ağalı kəndinin timsalında hər bir Azərbaycan vətəndaşı və ümumiyyətlə, hər bir insan bizim planlarımızı görə bilər", - deyən Prezident insanlara, oraya qayıdacaq insanlara rahat şəraitin yaradılıcağını bildirmişdi.
Ağalı kəndinə əhalinin köçürülməsindən sonra Talış kəndinə köç başladı. Ağalı və Talış kəndindən sonra əzəli torpaqlarımızın sahibləri olan laçınlıların da bir qismi öz yurdlarına qayıtdılar. Azərbaycanın iqtisadi gücü, dinamik inkişafı həyata keçirilən layihələrin həyat keçirilməsində bir daha özünü göstərir. Planlı və sistemli şəkildə görülən bütün işlər bilavasitə dövlətimizin başçısı cənab İlham Əliyevin nəzarəti altındadır.
Göründüyü kimi, bütün hədəf və məqsədimiz aydındır. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı, Azərbaycan ordusu 44 günlük müharibədə qələbə əzmini dünyaya nümayiş etdirdiyi kimi, qarşıya qoyduğu məqsədləri də uğurla reallaşdırır.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər