“Ermənistanın Azərbaycanla yenidən müharibə etmək gücü bundan sonra olmayacaqdır. Çünki 44 günlük Vətən müharibəsində Ermənistan ordusu tamamilə darmadağın edilib”. Bunu millət vəkili Azər Badamov "Səs" qəzetinə açıqlamasında deyib.
Onun sözlərinə görə, Ermənistana öz ordusunu yenidən formalaşdırmaq üçün 10 illər vaxt lazım olacaqdır: “Amma bu, o demək deyil ki, Ermənistan ordusu 10 illərdən sonra Azərbaycanla müharibə edə biləcək gücdə olacaq. Azərbaycan ordusu da mütəmadi olaraq müasirləşdirilir və döyüş qabiliyyəti artırılır. Belə ki, ordumuza ayrılan büdcə Ermənistanın dövlət büdcəsindən çoxdur, həm də ordumuz say baxımından da Ermənistan ordusundan dəfələrlə çoxdur. Düzdür, bu gün Ermənistan havadarlarının dəstəyi ilə ayaq üstə durmağa çalışır. Amma havadarların dəstəyi hələ ki, ancaq söz yığınından başqa bir şey deyil”.
A.Badamov Ermənistanın sərhədimizdə təxribatlar törətməklə hiyləgər bir neçə məqsədi olduğunu bildirdi: “Paşinyan sülh müqaviləsinin imzalanmasını manipulyasiya etmək və vaxtını uzatmaqla hakimiyyətini əlində saxlamağa çalışır. Çünki Paşinyan hər dəfə Azərbaycanla müəyyən məsələləri razılaşdırdığını bəyan edəndə radikal müxalifət ona qarşı insanları qaldırmağa çalışır. Hətta erkən seçkilərin keçirilməsi gündəmə gətirilir. Ölkəsində vəziyyət gərginləşəndə Paşinyan təxribatlar törətmək tapşırığı verir. Təxribatların nəticələri də Ermənistana çox baha başa gəlir. Sonra da Paşinyan ictimaiyyətinə deyir ki, biz müharibə apara bilmərik. İkinci səbəb isə, azərbaycanlıların öz doğma yurdlarına qayıtması ilə bağlıdır. Azərbaycan ilk növbədə, Ermənistanla sərhəddə olan rayonları yenidən qurub bərpa edərək keçmiş məcburi köçkünlər öz ata yurdlarında yenidən yerləşdirir. Bu da sərhəd ərazilərimizdə daha güclü möhkəmlənməyimizə imkan verir. Paşinyan tapşırıqlar verərək təxribatlar törətməklə öz yurdlarına qayıdan keçmiş məcburu köçkünlərimizi qorxutmağa çalışır. Amma Paşinyan və onun havadarları Azərbaycanın bugünkü gücünü və Türkiyə ilə müttəfiqliyimizi nəzərə almalıdırlar. Bu gün Azərbaycanın ərazisini heç kim yenidən işğal edə bilməz. Əgər belə bir təhlükə yaranarsa, ordumuz o təhlükəni beşikdə boğacadır. Sülh müqaviləsinin imzalanması ilə əlaqədar Paşinyanın dediklərində səmimiyyət heç vaxt olmayıb. O bu gün bir söz, sabah onun əksini deyir. Ona görə də, yumruğumuzu həmişə möhkəm saxlamalıyıq”.
GÜLYANƏ