PDF Oxu

Siyasət

  • 3 099

Azərbaycan və Tatarıstan münasibətləri: əsrlərə söykənən qardaşlıq, dostluq bağları TƏHLİL

Azərbaycan və Tatarıstan münasibətləri: əsrlərə söykənən qardaşlıq, dostluq bağları TƏHLİL

Prezident İlham Əliyev: "Bizim aramızdakı münasibətlər Rusiya və Azərbaycan arasında dostluq, müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsi işinə böyük töhfədir"

Müstəqil Azərbaycanın Rusiya Federasiyasının bütün bölgələri ilə, eləcə də Tatarıstanla münasibətləri inkişaf etməkdədir. Hər iki dövləti tarixən səmimi dostluq münasibətləri bağlayır və tarix boyu qurulmuş əlaqələr bu gün də davam etməkdədir. Belə ki, çoxlu sayda azərbaycanlı Tatarıstanda, tatarlar isə Azərbaycanda yaşayır. Ölkəmizdə Tatarıstan Respublikasının Daimi Nümayəndəliyi, "Tuqan Tel" Tatar Mədəniyyəti Cəmiyyəti, "Yaşlek" Azərbaycan Tatar Gəncləri Mərkəzi, "Tatarıstan" İctimai Birliyi və "Ak Kalfak" Tatar Qadınları Cəmiyyətinin Bakı bölməsi fəaliyyət göstərir. İki respublika arasında iqtisadi-ticari, elmi-texniki və mədəni əməkdaşlıq haqqında saziş imzalanıb. Bundan əlavə, hökumətlərarası komissiya yaradılıb. Bu günlərdə Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanovun Azərbaycana səfəri dostluq və qardaşlıq münasibətlərini özündə ehtiva edir. Zəngilan rayonunun Ağalı kəndində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov ilə görüşündə bildirdiyi kimi, "Tatarıstan və Azərbaycan xalqları əsrlər boyu qardaşlıq, dostluq münasibətləri saxlayırlar. Əlbəttə ki, bizim aramızdakı münasibətlər Rusiya və Azərbaycan arasında dostluq, müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsi işinə böyük töhfədir və bizim dövlətlərarası səviyyədə planlaşdırdığımız, həyata keçirdiyimiz hər bir məsələ kimi çox səmərəli, dinamik şəkildə inkişaf edir."

"ARAZ VADİSİ" SƏNAYE PARKININ BİRİNCİ OBYEKTİ, - BU, QARDAŞ TATARISTANIN OBYEKTİDİR, - İCRA OLUNUR"

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov Cəbrayıl rayonunda "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkında "Avto Lizinq Azərbaycan" MMC-nin açılışında iştirak ediblər. Şərqi Zəngəzur iqtisadi rayonunun Arazboyu ərazisinin əsasən düzənlik relyefə və bölgənin cənub istiqamətində giriş qapısı mövqeyinə malik olması "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkının fəaliyyəti üçün əlverişli şəraiti təmin edir. Sənaye Parkının logistik imkanlar baxımından əlverişli ərazidə yaradılması investorların diqqətini cəlb edən əsas amillərdən biridir. Park yeni salınan magistral avtomobil və dəmir yollarının üzərində yerləşir ki, bu da ərazidən həmin magistral yollara birbaşa giriş-çıxışı təmin edəcək. Bu avtomobil və dəmir yolları Zəngəzur dəhlizi vasitəsilə Azərbaycandan Türkiyəyə və Türkiyədən Azərbaycana, eləcə də Azərbaycan ərazisindən Rusiyaya yüklərin daşınması üçün yeni əlverişli imkanlar yaradacaqdır. Zəngilan rayonunun Ağalı kəndində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov ilə görüşündə bildirib ki, "Araz Vadisi" Sənaye Parkının birinci obyekti, - bu, qardaş Tatarıstanın obyektidir, - icra olunur. "Yəni, biz ərazilərin bərpası işinə belə münasibətə görə çox minnətdarıq. Əlbəttə ki, biz müəyyənləşdirdiyimiz əməkdaşlıq proqramının tam həyata keçəcəyinə ümidvarıq".
Bu Sənaye Parkı 200 hektar ərazini əhatə edir. Sənaye Parkında quruculuq işləri mərhələli şəkildə həyata keçirilir. Parkın ərazisi tam olaraq minalardan və hərbi sursatlardan təmizlənib. Sənaye Parkında fəaliyyət göstərəcək işçilərin və sahibkarların rahatlığının təmin edilməsi məqsədilə mobil şəhərcik salınıb. Ölkəmizdəki digər mövcud sənaye parklarında olduğu kimi, "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkında da sahibkarlar üçün əlverişli investisiya mühiti formalaşdırılır. Belə ki, Sənaye Parkının rezidentləri dövlət vəsaiti hesabına hazır infrastrukturla, qaz, işıq, su, kanalizasiya, daxili avtomobil və dəmir yolları, fiber-optik və s. təmin edilir. Eyni zamanda, rezidentlər qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə əmlak vergisindən, torpaq vergisindən, gəlir və ya mənfəət vergisindən, istehsal məqsədilə idxal etdikləri texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı əlavə dəyər vergisindən və gömrük rüsumlarından azad olunurlar.
Prezident İlham Əliyev və Rəis Rüstəm Minnixanov "Avto Lizinq Azərbaycan" MMC-nin açılışını bildirən rəmzi lenti kəsiblər. Rusiya və Azərbaycan birgə müəssisəsi olan "Avto Lizinq Azərbaycan" MMC tərəfindən "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkının 3 hektar ərazisində texniki servis mərkəzi yaradılıb. Mərkəzdə işğaldan azad olunmuş ərazilərimizdə istifadə olunan 1500-dək avtomobilə, həmçinin yüklərin daşınmasını həyata keçirəcək tranzit avtomobillərə və digər texnikalara peşəkar xidmət göstəriləcək. Ümumi investisiya həcmi 10,2 milyon manat olan müəssisənin inşasına artıq 9,4 milyon manatdan çox investisiya yatırılıb. Müəssisənin fəaliyyətə başlaması məşğulluğun təmin edilməsinə də töhfə verəcək.

YENİDƏN QURULAN AĞALIMIZ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov yenidən qurulan və sakinlərini qoynuna alan Ağalıda olublar. Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdış Zəngilan rayonunda "Ağıllı kənd" konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə sakinlərin köçürülməsi ilə başlanıldı. Böyük Qaydışın ilk karvanı əzəli torpağımıza yol aldı. Birinci "Ağıllı kənd" pilot layihəsi Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə etmiş oldu. Birinci pilot layihə Zəngilanın Ağalı kəndində həyata keçirildi. Yenidən qurulan Ağalı kəndi müasir tələblərə uyğun olaraq quruldu. Xatırladaq ki, Birinci, İkinci, Üçüncü Ağalı kəndləri 2020-ci ilin oktyabrın 28-də işğalçılardan azad edildi. Altı aydan sonra Ağalıda yeni kəndin təməl daşı qoyuldu. Xüsusi olaraq vurğulayaq ki, Prezident İlham Əliyev Zəngilanda Beynəlxalq Hava Limanının da təməlini qoymuşdu. Artıq hər şey reallığa çevrilib. Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanova Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında görülən işlər barədə məlumat verilərkən bildirilib ki, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarının ümumi ərazisi 2580 kvadratkilometrdir. Bu rayonlardan olan keçmiş məcburi köçkünlərin sayı 152 min 200 nəfərdir. Böyük Qayıdışa dair I Dövlət Proqramına uyğun olaraq, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı prosesinə start verilib. Hazırda 86 ailədən ibarət 420 nəfər Zəngilanın Ağalı kəndinə qayıdıb və orada yaşayır. Ümumilikdə 2022-2026-cı illərdə Cəbrayıl, Qubadlı və Zəngilan rayon mərkəzlərinin, 5 qəsəbənin, 24 kəndin tikintisi və Böyük Qayıdışın birinci mərhələsində 41 min 277 nəfərin köçürülməsi planlaşdırılır.
Tikilən yeni evlər, ictimai binalar, sosial obyektlər Ağalını müasir şəhərə çevirdi. Azərbaycan daha bir modelini ortaya qoydu. Ağalı kəndinə əhalinin köçürülməsi Böyük Qayıdışın ilk sorağı oldu. Müvafiq qurumlar tərəfindən sakinlər peşə ixtisaslarına və bacarıqlarına uyğun şəkildə işlə təmin ediliblər. Onlar müxtəlif dövlət qurumlarında, ictimai iaşə obyektlərində, tikinti şirkətlərində, tikiş fabrikində və sair çalışırlar. Köçürülmüş əhali üçün bütün infrastruktur yaradılıb. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində bildirdiyi kimi, Ağalı kəndinin yenidən qurulması və belə müasir vəziyyətə gətirilməsi müstəqilliyimizin möhkəmlənməsindən asılı idi: "Bu gün hər bir Azərbaycan vətəndaşı və əminəm, hər bir insan ümumiyyətlə görür ki, bu gün Azərbaycanın dövlət müstəqilliyi möhkəmdir, əsaslıdır və xalqımızın xoşbəxtliyi üçün əsas amildir". Prezident İlham Əliyev və Rüstəm Minnixanov Ağalı sakinləri ilə görüşüb söhbət edərkən onlardakı məmnunluq diqqəti çəkib. Əlbəttə ki, rahat və firavan yaşayış üçün lazım olan hər şey bu məmnunluğun yaranmasında əsas şərtdir.

QARABAĞIN VƏ ŞƏRQİ ZƏNGƏZURUN HAVA MƏKANINDA SƏRBƏST VƏ TƏHLÜKƏSİZ UÇUŞLAR

Füzuli Beynəlxalq Hava Limanından sonra Zəngilanda da aeroportun qısa müddətdə inşası işğaldan azad olunmuş ərazilərdə bərpa prosesinin sürətlə getdiyini bir daha təsdiqləmiş oldu. Hər iki limanın inşası həm siyasi, həm iqtisadi, həm də tarixi əhəmiyyət daşıyır. Azərbaycan azad olunmuş ərazilərə qayıtdığı kimi, Qarabağın və Şərqi Zəngəzurun hava məkanında da artıq sərbəst və təhlükəsiz şəkildə uçuşlar həyata keçirir. Tatarıstanın Rəisinə Zəngilan Beynəlxalq Hava Limanı haqqında da məlumat verilib. 2022-ci il oktyabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə hava limanının açılışı olub. Hava limanı bütün növ təyyarələri, o cümlədən genişgövdəli ağır yük təyyarələrini qəbul etmək imkanına malikdir. Müasir tələblərə cavab verən beynəlxalq aeroportun terminalı saatda 200 sərnişinə xidmət göstərə bilər. Zəngilan Beynəlxalq Hava Limanı Qarabağın mühüm nəqliyyat qovşağına çevrilməsini şərtləndirən əsas obyektlərdəndir. Həmçinin bu hava limanı Zəngəzur dəhlizinin hava nəqliyyatı infrastrukturu ilə gücləndirilməsi baxımından strateji əhəmiyyət kəsb edir. Görülən işlərin sürəti buranın beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevrəcəkdir. Ölkəmizdə səfərdə olan Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov Azərbaycan Prezidenti İlham Əliyev ilə birlikdə Zəngilan Beynəlxalq Hava Limanından Bakıya yola düşüblər. Əlbəttə ki, səfərdə olan Tatarıstan Respublikasının Rəisi real mənzərənin şahidi olub. Bu səfər ölkələrimiz arasında münasibətlərin möhkəmləndirilməsinə regional səviyyədə də ciddi töhfə verəcəkdir.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər