PDF Oxu

Siyasət

  • 4 076

Poeziyamızın Ulu Öndər Heydər Əliyev zirvəsi ŞƏRH

Poeziyamızın Ulu Öndər Heydər Əliyev zirvəsi ŞƏRH

“Ən yeni dövr Azərbaycan ədəbiyyatının inkişafında Ümummilli Lider Heydər Əliyevin ədəbiyyat siyasətinin böyük rolu və təsiri olmuşdur. Görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycan dövlətinin ədəbiyyat siyasətinin banisi və yaradıcısıdır. Əslində, Azərbaycan xalqının son əlli ildəki ədəbiyyatı Heydər Əliyev epoxasının ədəbiyyatıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müstəqillik dövrünün ədəbiyyatı haqqında Heydər Əliyev təlimini yeni müdəalarla zənginləşdirərək yaradıcı şəkildə inkişaf etdirir. Hesab edirik ki, ən yeni Azərbaycan ədəbiyyatının qarşısında duran bir məsul vəzifə də yeni tarix epoxanın fonunda görkəmli dövlət xadimi Heydər Əliyevin mükəmməl, hərtərəfli şəkildə işlənmiş, ciddi ədəbi-tarixi meyarlara cavab verən ümumiləşmiş, parlaq bədii obrazını yaratmaqdan ibarətdir.” (İsa Həbibəyli)

Ulu Öndər haqqında yazılan məqalə və kitabları oxuyarkən ilk diqqətimi çəkən Heydər Əliyevin Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk haqqında söylədiyi möhtəşəm fikirlər oldu.”Mustafa Kamal Atatürkün xidmətləri bir də ondan ibarətdir ki, o, Türkiyə Cümhuriyyətinin nəinki əsasını, təməlini qoydu, həm də onu qurdu, onun bütün təsisatlarını yaratdı, böyük dövlət etdi, bugünkü nəslə, gənclərə əmanət edərək özünü əbədiyyətə qovuşdurdu.”

Bu fikirlər bu gün böyük Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyev haqqında söyləyir. Azərbaycanın elə sahəsi yoxdur ki, Heydər Əliyev o sahənin yenidən qurulmasında və inkişafında böyük rolu olmasın. Məhz bu səbəbdən hər zaman tariximizin əkiz qardaşı olan söz sənətimizdə-ədəbiyyatımızda ölməz Ulu Öndərin obrazını görürük. Bu nümunələr Heydər Əliyev dühasını, müdrikliyini və ölümsüzlüyünü əsrlərdən-əsrlərə möhürləyəcək. Müasir poeziyamızda Türk dünyasının ölməz oğulları -Atatürk və Heydər Əliyev obrazı bir arada poetikləşir. Qabilin “Dədə Heydər -Atatürk” başlıqlı şeirində Azərbaycan və Türkiyə birliyindən bəhs edilir və hər iki qurucuların fəaliyyətləri poetik ifadədə yer alır.

Şairin hər iki dövlət başçısının gözərinin dərinliyi və rəngini sakit yanan ocağa bənzətməsi və bu sakit alovdan düşmənlərin yanaraq kül olması ifadəsi incə bir tapıntıdır. İşlənən ifadə olmasına baxmayaraq buradakı reallıq oxucusunu da təsirləndirir. Müəllif böyüklük rəmzi kimi hər iki sərkərdənin obrazını yarada bilir.

Qabil poeziyasında Heydər Əliyev obrazı dəfələrlə poetikləşmişdir. Onun poeziyasında Ulu Öndərə olan böyük və əvəzsiz sevgi “Ömür həbləri” romanına 16 misralıq avtoqrafında da əksini tapmışdır. 1991-ci ildə ölkədə olan bəzi haqsızlıqları şeirə gətirərək, Ulu Öndərin böyüklüyünü və əvəzsiz qüdrətini poetikləşdirərək bəzi nadanlara təqdim etmişdir. Şair Ulu Öndərin 75-illik yubileyində təbrik teleqramında da Ulu Öndərin sənətə, sənətkara verdiyi qiyməti və dəyəri əks etdirməklə yanaşı, Azərbaycan xalqının müzzəffər zəfər qazanmasında uzaqgörənlik nümayiş etdirmişdi. Ulu Öndərin qazandığı hər uğur, poeziyamızın ana mövzusuna çevrilmişdir. Ulu Öndərin obrazını hər zaman şairlərimiz dastan qəhrəmanlarımızla bir arada tutublar. 1998-ci ildə Ulu öndərin planetimizin siyasi xadimləri arasında “Dünyada ilin adamı” fəxri adına layiq görülməsi misralarımızın bəzəyi olmuşdur. Əslində, şair ürəyindən su içən və qələmi ilə portretləşən bu deyim Öndər sevənlər adından “Bir il nədi, min bir ilin adamı, bizim yurdun, bizim elin adamı” ifadəsində qürurverici hisslər aşılanır. Bu, Ulu Öndərə verilən ən gözəl poetik dəyərdir. Ulu Öndərin ədəbiyyata və ədəbiyyat adamlarına ayırdığı zaman və qayğı hər zaman şairlərin yaradıcılığında yer almışdır. Bəxtiyar Vahabzadənin, Mirvarid Dilbazinin, Fikrət Qocanın, Qabilin, Zəlimxan Yaqubun, Nəbi Xəzrinin, Ramiz Məmmədzadənin, Vaqif Bəhmənlinin, Xanım İsmayılqızının, Rafiq Yusifoğlunun, Şövkət Horovlunun, Sərvaz Hüseyinoğlunun, Əlirza Xələflinin və yüzlərcə şairin şeirlərində Ulu Öndərin dolğun və həmişəyaşar obrazını görmək olur. Xüsusilə, Zəlimxan Yaqubun əsərlərində Ulu Öndər obrazını bütün tamlığı ilə təcəssüm edilir. Zəlimxan poeziyasında Ulu Öndərin həyatı və yaradıcılığı zərrə-zərrə incələnir, ilmə-ilmə hörülür. Onun əsərlərində Heydər obrazı o qədər dəqiq, real və tam şəkildə təcəssüm edilir ki, Ulu Öndəri görməyən bir gənc belə onun haqqında tam təəssürat əldə edə bilir. Ulu Öndərin cismanı yoxluğu poeziyamızda yaddaqalan, unudulmayan hisslər yaratmışdır. Nəbi Xəzrinin, Fərqanə Mehdiyevanın, Ramiz Məmmədzadənin, Dayandur Sevginin, Eldar İsmayılın, Əli Rza Xələflinin və yüzlərcə poeziya nümunələrində ölməz Öndərimizə olan əvəzsiz sevgi və sədaqət hisslərini görə bilirik. Bu illər ərzində Ulu Öndərə həsr edilən şeirlər silsilə olaraq yazılmış və yazılmaqdadır. “Özün olmasan da, əməllərin yaşayır” deyərək onun gördüyü işlər şeirimizin əbədi mövzusu olaraq yaranır və yaranmaqdadır. Ulu Öndərə həsr edilən şeirlər azalmadı. Onun gördüyü işlər zaman keçdikcə bu xalqın imdadına yetdi. Heydər Əliyevin açdığı böyük yol Azərbaycan xalqının illərdi addımladığı yol oldu. İllərlə Qarabağ savaşını sülhlə dindirməyə çalışan Ulu Öndər Azərbaycan ordusunu yenidən yaratdı, möhkəmlətdi və qalib ordu olması üçün istiqamətləndirdi. Gördüyü işlər sözdə deyil, əmməllərdə yaşadı, getdiyi yol Azərbaycan xalqını zəfərlərə doğru istiqamətləndirdi. Zəfər yolumuz Heydər Əliyev yolundan İlham Əliyevə ötürüldü. Qarabağ torpaqlarının azad edilməsində yüksəklərə qalxan Ali Baş Komandanın yumruğu Heydər Əliyev ideyasından güclənmiş, birləşmiş və yumruğa çevrilmişdi. Və bu çağırış neçə illik müdrikliyin, siyasətin, birliyin nəticəsi idi. Azərbaycan poeziyası Qarabağ torpaqlarının azadlığı mövzusunda da Ulu Öndər ideyalarını, Ulu Öndər yolunu təcəssüm etdirdi. Nəriman Həsənzadə Şuşada Ali Baş Komandan İlham Əliyevin ata məzarı önündə fəxrlə dediyi kəlamları poetikləşdirərək Heydər Əliyev ruhunun şad olmasını, Ali Baş Komandanın “Mən xoşbəxt oğulam ki, ata vəsiyyətini yerinə yetirmişəm!” ifadəsini Azərbaycan poeziyasının incisinə çevirdi. Torpaqlarımızın azadlığı Ulu Öndərin ruhunu şad etdi. Onun ideyaları, arzu və Azərbaycana olan sevgisi oğlu, davamçısı - Ali Baş Komandan İlham Əliyev cənablarının əməllərində yaşadı və poeziyamızın zirvəsinə həkk oldu.

Mərziyyə Nəcəfova

YAP Yasamal rayon AMEA Ədəbiyyat İnstitutu üzrə

ərazi partiya təşkilatının sədri

Digər xəbərlər