PDF Oxu

Siyasət

  • 3 243

Ulu öndər Heydər Əliyev – tarixdə şəxsiyyətin rolunu sübut edən lider ŞƏRH

Ulu öndər Heydər Əliyev – tarixdə şəxsiyyətin rolunu sübut edən lider ŞƏRH

Azərbaycanın tarixi dünya tarixinin və mədəni irsinin ən zəngin səhifələrindən biri sayılır. Uzun əsrlər boyu ən böyük imperiyaların təsiri altında olan Azərbaycan, sürətlə inkişaf etməyə və mədəniyyətimizi dünya səviyyəli sənət əsərləri ilə zənginləşdirməyə çalışırdı. Mənəvi dünyanın maddi təcəssümü olan qayaüstü rəsmlər, kitabələr, əlyazmalar, xalça nümunələri qədim Azərbaycan mədəniyyətinin dərin köklərindən xəbər verir. Bunu tarixin həm yazılı, həm də şifahi faktları təsdiq edir. Uzaq keçmişdə oğuz tayfaları Azərbaycana köçərək, onun zəngin yerli mədəniyyəti ilə tanış olmuşlar. Bu tanışlıq əsrlər boyu mədəniyyətlərin sintezinə səbəb olmuş, “Kitabi-Dədə-Qorqud”, “Oğuznamə”, “Koroğlu” kimi epik-monumental əsərlərdə öz əksini tapmışdır. Təbii ki, belə zəngin tarixin və mədəniyyətin olmasından əlavə, onun qorunub saxlanılması, gələcək nəsillərə və dünya ictimayyətinə çatdırılması, təbliği əsas məsələdir. Bu missiyanın reallaşmasında əvəzsiz zəhməti olan, Azərbaycan xalqının dahi oğlu – Heydər Əliyevdir. Vətənimizin ağır günlərində, məhz ziyalılarımızın təşəbbüsü və xalqın tələbi ilə Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı, Azərbaycanın həyatında həlledici dönüş yaratdı.

Dünyada beş minə yaxın xalq yaşayır və onlardan yalnız 193-ü BMT tərəfindən rəsmən tanınan, milli sərhədləri müəyyən edilmiş ərazilərdə dövlət müstəqilliyi və suverenlik əldə etmişdir. Dövlət müstəqilliyi əldə etməyən xalqlar arasında, ərazisinə və əhalisinə görə Azərbaycanı ötüb keçənlər də var. Dövlət müstəqilliyinin əldə edilməsi üçün ilk növbədə tarixi vəziyyətin, vətəndaş cəmiyyətinin intellektual səviyyəsinin və təbii ki, millətin iradəsinin olması lazımdır. Azərbaycan xalqı müstəqillik yolunda çətin yol keçmişdir. Azadlıq və istiqlal mübarizəsi xalqın müəyyən iqtisadi, ictimai-siyasi, ideoloji və nəzəri hazırlığını tələb edirdi. Məhz ziyalılar Azərbaycan millətinin formalaşmasına təkan verən, onun gələcək inkişafının yollarını axtarmağa başladılar. Ümummilli liderimiz Heydər Əliyevin qeyd etdiyi kimi, “Azərbaycan ziyalılarının bu dövrdə müxtəlif sahələrdə fəaliyyəti milli dirçəlişə, milli oyanışa, milli ruhun formalaşmasına xidmət etmişdir”. Məhz öz sıralarından ideoloqlar və siyasi liderlər hazırlayan milli demokratik ziyalılar Azərbaycan milli hərəkatının aparıcı qüvvəsinə çevrildi. Bu inkişafın yaranması və mərhələləri milli ziyalıların formalaşması və inkişafı prosesi ilə tamamilə üst-üstə düşür.

Azərbaycan dünyaya çoxlu görkəmli mütəfəkkirlər, alimlər, şairlər, memarlar, musiqiçilər, rəssamlar bəxş etmişdir. Od və günəş işığının gücünü təmsil edən bənzərsiz Zərdüşt bu yer üzündə dünyaya gəlib. Azərbaycan dünya tarixini Nizami Gəncəvi, Xaqani Şirvani, Bəhmənyar, Nəsimi, Füzuli, Nəsirəddin Tusi, Şah İsmayıl Xətai, Molla Pənah Vaqif, Abbasqulu Ağa Bakıxanov, Mirzə Ələkbər Sabir, Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Cəfər Jdabbarlı, Səməd Vurğun, Rəsul Rza, Əliağa Vahid, Mirzə Fətəli Axundov kimi unudulmaz yaradıcılıq nümayəndələrinin əvəzsiz əsərləri ilə bəzəmişdir. Bu diyarın təbiəti və insanları Səttar Bəhlulzadə, Tahir Salahov, Toğrul Nərimanbəyov, Mikayıl Abdullayev və başqa istedadlı fırça ustalarının yaradıcılığında təcəssüm tapmışdır. Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Arif Məlikov kimi görkəmli bəstəkarlar, Bülbül, Rəşid Behbudov, Lütfiyar İmanov və başqaları kimi heyrətamiz səs tembrinə malik xanəndələr Azərbaycan xalqının klassik musiqi və poetik sənəti olan qədim xalq musiqisi-folklor və muğam geniş yer tutur. Azərbaycan xalçaları xalqımızın tarixi həyatının və məişətinin əsl sərvətidir. Onlar zaman və məkan sərhədlərini bilmirlər, bu xalçalara dünyanın müxtəlif ölkələrinin muzeylərində rast gəlmək olar. Bu muzeylərdə keramika, ipək və ağacdan hazırlanmış dekorativ-tətbiqi sənət nümunələri də var.

Ulu öndər Heydər Əliyevin bütün həyatı bütünlüklə Vətənə, Azərbaycan xalqına həsr olunub. Hələ SSRİ dövründə Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illər ərzində, ölkəmiz Sovet İttifaqının 15 respublikası arasında lider olmuş və təkcə əlifba sırası ilə deyil, bir çox digər göstəricilərə görə də birinci olmuşdur. Ulu öndərin yüksək intellektin, insanpərvərliyin, dahiliyin və müxtəlif peşə sahiblərinə heyrətamiz diqqətin nümunəsidir. Onun istər sovet dövründə, istərsə də müstəqillik illərində Azərbaycan xalqı və dövlətçiliyi qarşısında əvəzsiz xidmətləri var. İlk öncə müstəqil və qüdrətli Azərbaycan dövlətinin banisi olan Ülu Öndər, hər zaman Vətənin gələcəyini, onun müstəqilliyini düşünürdü. Dahi Lider mədəniyyət sahəsinə lazımı diqqət göstərir, yaradıcı insanlara xüsusi qayğı ilə yanaşır, yaradıcı ziyalıların nümayəndələri ilə daim görüşürdü. Ulu öndər Heydər Əliyevin rəhbərliyi dövründə, Azərbaycanın ümumi yüksəlişi fonunda xalqımızın tarixi keçmişinə maraq artmış, ziyalıların qabaqcıl dairələrində özünüdərk yüksəlişi müşahidə olunurdu. Bütün xalqın milli-mənəvi həyatında dirçəliş başlandı. Təkzibolunmaz tarixi faktdır ki, sovet dövründə - Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə, Azərbaycanın görkəmli yaradıcı xadimlərinin böyük bir qrupu - şairlərimiz, yazıçılarımız, bəstəkarlarımız və sənətşünaslarımız ilk dəfə olaraq " Sosialist Əməyi Qəhrəmanı " fəxri adı ilə təltif ediliblər. Ulu öndər Heydər Əliyev daim xalqın yanında olmuş, görkəmli ədəbiyyat, incəsənət, elm, təhsil xadimləri ilə fəxr edir, xalqın, bütün dünyanın onlardan xəbər tutması üçün hər şeyi etməyi özünə şərəfli borc bilirdi. Bu, onun əsas ideyalarından biri idi.

Ümummilli Lider Azərbaycanın mədəni irsinin dünya ictimaiyyətində yayılması məqsədilə, SSRİ-nin YUNESKO üzrə Komissiyasına müraciət edərək, Azərbaycana İmaməddin Nəsiminin anadan olmasının 600 illik yubileyinin təntənəli qeyd edilməsində məsul işçi və xüsusi müxbirin müşayiəti ilə YUNESKO-nun baş direktoru Rene Mayonu iştiraka dəvət etmişdir. Ulu öndər Azərbaycanın yaradıcı ziyalılarına, görkəmli sənətkarlarına, musiqiçilərinə, ifaçılarına, yazıçılarına, onların həyat və yaradıcılığına müstəsna diqqəti hər kəsə məlumdur. Onun təşəbbüsü ilə SSRİ xalq artisti, görkəmli bəstəkar və dirijor Niyazi Tağızadənin 60 illik yubileyi geniş qeyd olundu. Nəinki Respublikada, hətta onun hüdudlarından kənarda da geniş rəğbət qazanmış Niyazinin ifaçılıq sənəti, Azərbaycan musiqisinin təbliğindəki fəaliyyəti Ümummilli Lider tərəfindən yüksək qiymətləndirilmişdir. 1972-ci ilin noyabrında Ulu Öndər Heydər Əliyev Azərbaycan rəssamı Tahir Salahova, Azərbaycan musiqi yaradıcılığı sahəsində görkəmli bəstəkar Soltan Hacıbəyova, müğənni Müslüm Maqomayevə SSRİ Xalq artisti fəxri adının verilməsi, həmçinin Azərbaycan musiqi mədəniyyətini vətənindən də uzaqlarda tərənnüm etmiş, dünya şöhrətli bəstəkar Qara Qarayevə 60 illik yubileyi ilə əlaqədar, Sosialist Əməyi Qəhramanı adının verilməsi xahişi ilə MK-ya müraciət etdi. Heydər Əliyevin təşəbbüsü ilə 1974-cü ildə ölkəmizdə Azərbaycan teatrının 100 illik yubileyi qeyd olundu. Müasir rəssamların, yazıçıların, musiqiçilərin və digər mədəniyyət xadimlərinin yaradıcılığı da daim Heydər Əliyevin diqqət mərkəzində olmuşdur. Ulu Öndər təltif olunanların hər birinin işinə yaxından bələd idi, daim maraqlanır, hərtərəfli kömək və dəstək göstərir, işləmək üçün şərait yaradırdı. Azərbaycanın ədəbiyyat, incəsənət, memarlıq sahəsində Dövlət Mükafatları hər il verilirdi, məsələn, 1976-cı ildə Vahabzadə B., İmamverdiyev Q., İbrahimbəyov M., Mirzəzadə X., Cəfərov M., Zeynalov İ., və s.

Ümummilli lider Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi illər, Azərbaycan tarixinə mədəniyyətin çiçəklənməsi, onun bütün sahələrinin inkişafı və zənginləşməsi dövrü kimi daxil olub. O, dünya səviyyəsində yaradılmış ən yaxşı əsərləri önə çəkərək, Azərbaycan mədəniyyətinin zənginliyinə maksimum diqqət yetirilməsini tələb edib: “Biz Nizamidən, Füzulidən danışarkən onları təkcə şair kimi deyil, böyük filosoflar kimi, dünyaya, dünya mədəniyyətinə, elminə böyük töhfələr vermiş mütəfəkkirlər kimi tanıtmalıyıq.”Ulu öndər Heydər Əliyev 1978-ci ildə Azərbaycan KP MK-nın “Nizami Gəncəvi yaradıcılığının tədqiqi və nəşrinin yaxşılaşdırılması haqqında” qərarını imzaladı və bu qərarda əsərlərin toplusunun nəşri, xatirə kitabının nəşri, şairin vətəni Gəncənin təsviri və Nizaminin portreti olan medalın təsisi, Moskvada abidənin ucaldılması, bədii filmin yaradılması, sərginin təşkili, şairin xatirəsinin əbədiləşdirilməsi və s. kimi tədbirlər nəzərdə tutulurdu. Növbəti 1979-cu ildə Heydər Əliyev “Böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin ədəbi irsinin öyrənilməsinin, nəşrinin və təbliğinin təkmilləşdirilməsi tədbirləri haqqında” daha müfəssəl qərar imzaladı. İki il sonra “Nizami Gəncəvinin 840 illik yubileyinin keçirilməsi haqqında” daha bir sərəncam verildi ki, bu da Nizami irsinin təbliği istiqamətində bir sıra tədbirləri nəzərdə tuturdu.Ulu öndər Heydər Əliyev Azərbaycan xalqının və mədəniyyətinin layiqli vətəndaşı, vətənpərvər kimi öz borcunu yerinə yetirməyə yüksək ruh göstərirdi. Dahi Füzulinin 500 illik yubileyi Heydər Əliyevin himayəsi ilə bir çox ölkələrdə qeyd olundu. Ulu Öndər vurğulayırdı ki “Füzuli dünya qarşısında təkcə “Leyli və Məcnun” poemasının yaradıcısı kimi deyil, dünya miqyasında böyük alim, mütəfəkkir və filosof kimi görünməlidir”.Ümummilli lider Heydər Əliyev mədəni irslə bağlı bütün əlamətdar hadisələri ciddi nəzarətdə saxlayırdı. 1974-cü ildə Azərbaycan KP MK-nın “Azərbaycan ədəbiyyatının klassiki Abbas Səhhətin anadan olmasının 100 illiyi haqqında”, 1976-cı ildə Azərbaycanın görkəmli memarı Əcəmi Naxçıvaninin “Anadan olmasının 850 illiyi haqqında”, 1978-ci ildə "Böyük Azərbaycan şairi və mütəfəkkiri Xaqani Şirvaninin anadan olmasının 850 illiyi haqqında", "Azərbaycanın xalq şairi Rəsul Rzanın anadan olmasının 70 illiyi haqqında", “Azərbaycanın xalq yazıçısı Rəhimov Süleymanın anadan olmasının 80 illiyi haqqında”, 1981-ci ildə “Orta əsr Şərqinin görkəmli filosofu, astronomu, riyaziyyatçısı Məhəmməd Nəsirəddin Tusinin anadan olmasının 780 illiyi haqqında” və s. qərarlar imzalanmışdır.Qeyd olunan işlər deməyə əsas verir ki, Ulu öndər Heydər Əliyevin lider kimi fərqləndirici xüsusiyyəti ondan ibarət idi ki, o, iki fərqli siyasi sistemdə Azərbaycanın başında olmaqla, hər iki sistemin tələbləri çərçivəsində Azərbaycanın yüksəlişi, xalqımızın mənəvi-mədəni inkişafı üçün hər şeyi edirdi. Onun vətənə fədakar xidməti xalqın yaddaşına əbədi həkk olundu və tarixi salnaməyə düşdü. Müdrik siyasətçinin yorulmaz fəaliyyəti sayəsində Azərbaycan intellektual və mədəni səviyyəsinə görə dünya birliyində lider mövqe tutan ölkəyə çevrilə bildi. Ümummilli lider Heydər Əliyev tükənməz enerjisi, fitri istedadı, zəkası və təşkilatçılıq qabiliyyəti ilə tarixdə şəxsiyyətin rolunu sübut etdi.Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş ənənələr, bu gün Azərbaycanın Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Azərbaycan ədəbiyyatının və ədəbiyyatşünaslığının inkişafının etibarlı təminatı, cənab Prezident İlham Əliyevin 2004-cü il 12 yanvar tarixli “Azərbaycan dilində latın qrafikası ilə kitabların kütləvi nəşri haqqında” və “Azərbaycan Milli Ensiklopediyasının nəşri və bununla bağlı genişmiqyaslı tədbirlər keçirilməsi haqqında” sərəncamlarına bağlıdır. Azərbaycan öz milli mədəniyyəti və ədəbiyyatı, incəsənəti və şəxsiyyətləri ilə dünya arenasına daxil olmaqda davam edir. Dünya şöhrətli Bülbülün 100 illik yubileyləri Moskvada, görkəmli bəstəkar Qara Qarayevin 80 illik yubileyləri Moskvada və Parisdə, görkəmli xanəndə Rəşid Behbudovun 80 illik yubileyləri Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə Moskvada qeyd olunub. Bakıda və Parisdə türkdilli dövlətlərin rəhbərləri və onların nümayəndələrinin iştirakı ilə türk dünyasının əsas kitabı olan “Kitabi-Dədə Qorqud” dastanın 1300 illiyi ən yüksək səviyyədə qeyd edilib.Yuxarıda qeyd olunan hadisələr müstəqil Azərbaycanı bir daha bütün dünyaya tərənnüm etdi, eyni zamanda, hər bir soydaşımızın qəlbində milli qürur hissi oyatdı. Mədəni irsimizə diqqət və qayğı dövlət səviyyəsində özünü göstərir, Azərbaycan mədəniyyətinin inkişafı naminə həyata keçirilən bütün tədbirlər yüksək qiymətləndirilir və həvəsləndirilir.

Masil Dəmirov

YAP Yasamal rayon təşkilatının fəal üzvü

Digər xəbərlər