PDF Oxu

Siyasət

  • 1 315

Azərbaycan-Türkiyə hər an bir-birinin yanındadır ŞƏRH

Azərbaycan-Türkiyə hər an bir-birinin yanındadır ŞƏRH

Zaman sübut etdi ki, Azərbaycan və Türkiyə həm xoş günlərdə, həm də çətin anlarda bir-birinin yanındadır. Qardaş Türkiyə ilə yaranmış çox yaxın münasibətlər, o cümlədən 44 günlük Şanlı Müharibədə Azərbaycana mənəvi və siyasi dəstək olmuş, müharibədən sonrakı siyasi proseslərdə həmişə ölkəmizlə yanaşı addımlamış Türkiyə bu gün də ölkəmizlə ən yüksək səviyyədə əməkdaşlıq edir. Çox təəəssüf ki, qardaş ölkədə bir müddət əvvəl baş verən zəlzələ ölkəyə küllü miqdarda ziyan vurdu.Həmin çətin dönəmdən sonra Türkiyədə Prezident seçkisi keçirildi. Hər iki hadisə xalqımız tərəfindən ciddi izlənilirdi.Fəlakət zonalarına ölkəmizdən göndərilən maddi yardımlar, şəxsi heyətlər sayəsində qardaş ölkəyə lazimi köməkliklər edildi.Azərbaycan xalqının dostu, tanınmış dövlət xadimi, hörmətli Rəcəb Tayyib Ərdoğanın yenidən Prezident seçilməsi bizi olduqca sevindirdi.Türk xalqı bu seçimi ilə öz dövlətlərinin bu gününə və gələcəyinə sahib çıxdı.Prezident seçildikdən sonra Rəcəb Tayyib Ərdoğanın ilk səfərini məhz Azərbaycana etməsi bizi istəməyənlərə təsirli mesajlar verdi, həqiqətən bir millət iki dövlət olmağımızın sübutu oldu. Qardaş türk ölkəsinin Prezidenti başda olmaqla bütün türk xalqı uğurlarımızı böyük ruh yüksəkliyi ilə qarşılayırlar. Bu iki qardaş Ölkənin birliyi regionda inkişafa və təhlükəsizliyə yol açır.Azərbaycan və Türkiyə tarixi köklərlə və qırılmaz tellərlə həmişə bir-birinə bağlı olmuşdur. Bu nöqteyi nəzərdən Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2021-ci ilin iyunun 15-də Şuşada imzaladıqları Bəyannamə iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoydu. Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin imzalanması ölkələrimiz arasındakı münasibətlərin bütün müstəvilərdə davamlı inkişafını təmin edəcəkdir.Şuşa Bəyannaməsinin məhz Milli Qurtuluş günündə, həm də Şuşada imzalanması böyük siyasi məna daşıyır. Bu Bəyannamənin imzalanması ilə Türkiyə və Azərbaycan münasibətləri rəsmən müttəfiqlik zirvəsinə ucaldı. Ölkələrimiz arasındakı müttəfiqlik əlaqələri siyasət, beynəlxalq müstəvidə birgə əməkdaşlıq, iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil, ordu quruculuğu və digər strateji sahələri əhatə edir. Cari ilin may ayının 28-də Azərbaycanın müstəqillik günü ilə eyni gündə Türkiyədə keçirilən Prezident seçkilərində Rəcəb Tayyib Ərdoğanın yenidən seçkilərdə qalib gələrək Prezident seçilməsi regionda və eləcə də dünyanın siyasi mənzərəsində yeni mərhələ yaradacaqdır. Yeri gəlmişkən, Türkiyədə yaşayan Azərbaycanlılar, eləcə də Azərbaycanda yaşayan türk iş adamları böyük siyasi fəallıqla seçkilərdə iştirak etmiş, Ərdoğanı dəstəkləmişlər. Seçkidə Ədalət və İnkişaf Partiyasının məğlub olacağını zənn edən bir sıra qüvvələr artıq başa düşdülər ki, türk xalqı gələcəyə kiminlə addımlayacağını yaxşı bilir, ölkənin inkişafının Rəcəb Tayyib ərdoğanla sıx bağlı olduğunu çox gözəl dərk edirlər.Cənab Prezidentlərin İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın şəxsi əzmləri və səyləri nəticəsində ölkələrimiz arasında ikitərəfli əlaqələr tarixdə ən yüksək pilləyə ucalıb. Münasibətlərin möhtəşəm inkişafının məntiqi nəticəsidir ki, növbəti dəfə Türkiyə Prezidenti seçildikdən sonra Rəcəb Tayyib Ərdoğan ilk dövlət səfərini Azərbaycana etdi. İnkaredilməz faktdır ki, Rəcəb Tayyib Ərdoğanın yenidən Türkiyədə Prezident seçilməsi və ilk olaraq dövlət səfərini Azərbaycana etməsi dövlətlərimiz, xalqlarımız arasındakı tarixi əlaqələrin inkişafında yeni və daha parlaq mərhələ yaradacaq.

Nazim Bünyatov,

YAP Ağcabədi rayon təşkilatının sədr müavini

Digər xəbərlər