2020-ci ilin sentyabr ayının 27-də başlayıb 10 noyabrda bitən İkinci Vətən müharibəsi Qarabağ və Şərqi Zəngəzurda 30 illik həsrətə son qoydu.
90-cı illərin əvvəllərində ölkəmizə rəhbərlik edən AXC-Müsavat cütlüyünün səriştəsizliyi, tamahı və bacarıqsızlığı səbəbindən düşmənə satılan torpaqlarımızdan minlərlə sakin ermənilər tərəfindən zorla çıxarılmış, onlar uzun illər məcburi köçkün kimi yaşamaq məcburiyyətində qalmışlar. Birinci Vətən müharibəsindən sonra ölkədəki sosial-iqtisadi vəziyyətin kəskin şəkildə aşağı olduğunu nəzərə alsaq, insanların köçkünlüyün ilk illərində olmazın müsibətləri ilə qarşılaşdıqlarından günlərlə danışmaq olar.
44 günlük müharibənin sonundakı tarixi Zəfərimiz isə torpaqlarımızın azadlığı ilə yanaşı, minlərlə Azərbaycan vətəndaşının yurd həsrətinə son qoydu. Əzəli torpaqlarımız bir-birinin ardınca düşməndən azad edildikcə və bu müjdələri hər dəfə dövlətimizin başçısından aldıqca, ürəyimiz qürur hissi ilə doldu. Çünki Qarabağ və Şərqi Zəngəzurda minlərlə hektar torpaq öz sakinlərini gözlədiyi kimi, 30 il yalnız yuxularında o torpaqları gəzən, həyətini, evini, əkdiyi ağacları röyalarında yad edən minlərlə insan da öz yurduna qovuşmaq arzusu ilə yaşayırdı.
Bəli, müharibə Zəfərlə bitdi. 30 illik erməni zülmü də bitdi. Müharibədən dərhal sonra azad torpaqlarımızda bərpa işlərinə başlanıldı. Başlanıldı ki, erməni vəhşiliyi nəticəsində daşı daş üstündə qalmayan yurd yerlərimiz tezliklə yurddaşlarının orada yaşaya biləcəyi vəziyyətə gətirilsin.
İyunun 17-də dövlətimizin başçısının ilk Qayıdışın başlandığı kənddə-Ağalıda olması, sakinlərlə görüşməsi və onlara “Burada necə yaşayırsınız?” sualı ilə yenidən qürur duyduq. Çünki torpaqları azad etmək, yurddaşlarının orada yaşamasına şərait yaratmaq qədər qürurlu başqa bir hiss yoxdur.
Ötən ilin 19 iyulu
2022-ci ilin 19 iyulunda işğaldan azad edilmiş Zəngilan rayonunun Ağalı kəndinə əhalinin köçürülməsinə start verildi. Ağalı kəndinə əhalinin köçürülməsi Böyük Qayıdışın ilk qədəmləri kimi tarixin səhifələrinə həkk olundu. İşğala qədər bu inzibati ərazi 3 kəndi birləşdirib. Həmin dövrdə Birinci Ağalıda 40 ailə (154 nəfər), İkinci Ağalıda 60 ailə (245 nəfər), Üçüncü Ağalıda 161 ailə (675 nəfər) yaşayıb. Hazırda bu kəndlərdən olan ailələrin ümumi sayı 352-dir (1504 nəfər).
Zəngilan rayonunda “ağıllı kənd” konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə əhalinin köçrülüməsinin birinci mərhələsinə həsr edilmiş tədbir Abşeron rayonunun Masazır kəndi ərazisində məcburi köçkünlər üçün salınmış yaşayış kompleksində keçirildi. Məcburi köçkünlərin ilk qrupu Abşeron rayonu Masazır qəsəbəsində yerləşən “Zəngilan şəhərciyindən” Daxili İşlər Nazirliyinin əməkdaşlarının müşayiəti ilə öz doğma yurd-yuvalarına yola salındı. Elə ilk Qayıdış qürurunu da artıq bir ilə yaxın dövrü əhatə edən həmin gün-iyulun 19-da yaşadıq.
Yeni Ağalı kəndinə dörd mərhələdə 41 ailə köçürüləcəyi nəzərdə tutulmuşdu. İlk köçürülmədə 10 ailə yola salınırdı.
2023-cü ilin 28 fevralında Ağalı kəndinə 50 nəfərdən ibarət daha 10 ailə köçürüldü. Martın 3-də, ikinci mərhələdə isə 44 nəfərdən ibarət növbəti 10 ailə köçürüldü. Bu ailələr əsasən Bakıda yarımçıq tikililərdə, ağır şəraitdə yataqxanada yaşayan sakinlər idi ki, onlar həm doğma yurdlarında, həm də yeni tikilmiş müasir evlərdə yaşamağa başladılar.
“Ağıllı kənd” konsepsiyasına uyğun qurulan Ağalı kəndinə ümumilikdə, bu günə kimi “Böyük Qayıdış” layihəsi çərçivəsində 86 ailə, 420 nəfər köçürülüb.
Ağalılılar üçün hərtərəfli şərait yaradılıb
“Ağıllı kənd” layihəsi yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı” və alternativ enerji sahələri kimi komponentlər üzrə icra edilib. Ərazidə evlər, qeyri-yaşayış binaları, 360 şagird yerlik məktəb və 60 yerlik uşaq bağçası tikilib. Kəndin enerjiyə olan tələbatı alternativ enerji mənbələrindən əldə olunur.
Ağalı kənd meydanında Dövlət Xidmətləri Mərkəzi yaradılıb. Burada “Azərpoçt” MMC-nin rayon şöbəsi, “ASAN xidmət” və DOST, Kiçik və Orta Biznesin İnkişafı Mərkəzləri təsis olunub. Məqsəd kənd sakinlərinin dövlət xidmətlərinə rahat çıxışını təmin etməkdir. Bu mərkəzlərdə kənd sakinlərinə sosial təminat və məşğulluq sahəsində 100-dən çox xidmət onlayn formada göstərilir. Vətəndaş birbaşa videobağlantı ilə DOST mərkəzlərinin sosial agentinə müraciət edir və müraciəti yerindəcə həll olunur. “Ağıllı kənd” əhalisinin şəhərdə əldə edə biləcəyi bütün xidmətlərə, o cümlədən dövlət xidmətlərinə rahat çıxışı var.
Kənddə tikiş fabriki, ailə sağlamlıq mərkəzi (tibb məntəqəsi) də tikilib. Burada aptek, mağaza, kafe, mobil operator xidməti də fəaliyyət göstərir. Kənddə yaradılan “ağıllı kənd təsərrüfatı” idarəetmə sistemində ən müasir texnoloji yeniliklər tətbiq olunub.
Müvafiq qurumlar tərəfindən sakinlər peşə ixtisaslarına və bacarıqlarına uyğun şəkildə işlə təmin ediliblər. Onlar müxtəlif dövlət qurumlarında, ictimai iaşə obyektlərində, tikinti şirkətlərində, tikiş fabrikində və sair çalışırlar. Köçürülmüş əhali üçün bütün infrastruktur yaradılıb.
Burada necə yaşayırsınız?..
Torpaqlarımızı 30 illik erməni əsarətindən xilas edən Milli Ordumuzun Müzəffər Sərkərdəsi, dövlətimizin başçısı cənab İlham Əliyevin iyunun 17-də Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov ilə birlikdə Zəngilan rayonunun Ağalı kəndində olması sözlə ifadə edilə bilməyəcək hisslər yaşatdı bizlərə. Burada sakinlərlə görüşü zamanı ölkə rəhbərinin “Burada necə yaşayırsınız?” sualını verməsi ilə 2020-ci ilin 44 günlük odlu-alovlu müharibə dövrünə qayıtdıq. İlk günlərində hələ nəticələrin nə olacağını bilmədiyimiz, lakin bütövlükdə xalqın ayağa qalxdığı, dövlət başçısının ətrafında sıx birləşdiyi həmin dövrə qayıtdıq. Həmrəyliyin ən yüksək səviyyəsi, vətənpərvərliyin ən bariz nümunəsi olan həmin 44 günə...
Sən demə həmin 44 günün hər anı qələbə xəbərləri ilə tarixin səhifələrinə yazılacaqdı. Sən demə həmin 44 gün Azərbaycan xalqının əzmini, nəyə qadir olduğunu, Vətəni, torpağı, ərazi bütövlüyü uğrunda canından keçməyə hazır olduğunu dünyaya bəyan edəcəkdi. Sən demə həmin 44 gün 90-cı illərdə ölkəmizdə özbaşınalıq nəticəsində buraxılan səhvləri düzəldən an olacaqdı. “Dəmir yumruq” ətrafında birləşən minlərlə vətənpərvər insanın bir həmləsi ilə düşmənin məhvi olacaqdı.
44 günün hər anı qələbələrlə Böyük Zəfərə yaxınlaşdıq və Zəfər çaldıq. Dövlət başçısının ətrafında sıx birləşməyimiz dövlət-xalq iradəsinin gücü ilə torpaqlarımızdan 30 ilin hicranını qovub çıxardı, ona vüsal bəxş etdi. Lap yaxınlarda sakinləri ilə qovuşacağı vüsalı...
Beləliklə, azad torpaqlarımız onun xilası üçün 20 il ərzində yorulmadan fəaliyyət göstərən, yollar axtaran dövlətimizin başçısının göstərişi ilə dərhal bərpa edilməyə başlandı. Yurddaşlarının Qayıdışı üçün hazırlandı. Və Böyük Qayıdış ötən ildən başlandı. Hazırda davam edir və artıq Qarabağ və Şərqi Zəngəzur mərhələ-mərhələ sakinlərinə qovuşur.
Ağalı kənd sakinləri ilə dövlətimizin başçısının görüşü 44 günü xəyalımızda canlandırdıqca, qürur duyduq. Müzəffər sərkərdənin xalqının nümayəndələrinə əvvəl torpaqlarını, sonra yurd yerlərini bəxş etməsi, daha sonra onları elə yurdlarında ziyarət etməsi, yaşayış şəraitləri ilə maraqlanması onun müharibədən sonra söylədiyi “Bütün şəhər, qəsəbə və kəndlər yenidən qurulacaq, bərpa olunacaq. Bütün sakinlər öz ata-baba yurdlarına qayıdacaqlar” kimi dəyərli fikirlərinin təsdiqi olaraq qürur hissi yaşatdı.
Prezident İlham Əliyevin ”Salaməleyküm. Necəsiniz? Necə yaşayırsınız?” sualına sakinlərin “Sağ olun, cənab Prezident, Allah Sizə ömür versin. Biz yaxşıyıq, Sizin sayənizdə hər şey yaxşıdır, əladır. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə kömək etsin. Biz Sizin sayənizdə burada yaşayırıq. Allah Sizə cansağlığı versin”, “Allah Sizi var eləsin. Sizinlə fəxr edirik. Bizim Prezidentimiz dünya lideridir”, “İnşallah, həmişə yolunuz açıq, işiniz uğurlu olsun” cavabları ata-baba ocağına qayıdan, hərtərəfli şəraitlə təmin olunan insanların 30 ilin sonunda sevincinin, xoşbəxtliyinin təntənəsi və ümumilikdə vətəndaş məmnunluğunun ifadəsi idi.
Bütün bunlar isə bütün xalqın səadəti, qürurudur. Çünki artıq bu xaıqın nümayəndələrinə “torpaqlarınızı nə vaxt işğaldan azad edəcəksiniz?” sualını verən yoxdur. Əvəzində hələ də 2020-ci ilin 44 gününün şücaətindən söhbət açılır. Uzun illər də mövzu bu şücaət olaraq davam edəcək.
Mətanət Məmmədova