Ulu Öndər Heydər Əliyev qadının rolunu və fəaliyyətini çox yüksək qiymətləndirərək belə deyirdi: "Qadın bəşərə yaraşıq, zinət, insanlığa şərəf, şan-şöhrətdir. Qadın ucalıq, ülvilik məbədidir, ismət, qeyrət, qüdrət rəmzidir". Bəli, qadın ülvilik, ucalıq rəmzidir. Bunu əməlləri ilə, xalqa, dövlətə xidmətləri ilə sübut ediblər. İllərin, qərinələrin, əsrlərin sınağında bu özünü göstərib. Bu gün Azərbaycan qadınının əzəmətini bütün dünyada tanıdan Azərbaycan Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva fəaliyyəti ilə xeyriyyəçilik və humanist layihələrinə imza ataraq Azərbaycan qadını və Anası, Böyük İnsan, İctimai Xadim kimi xoş niyyətli əməlləri ilə böyük nüfuza sahib olduğunu təsdiqləyib. Yorulmaz fəaliyyət, daxilindən gələn hökm – vətənə xidmət hökmü onu bu yüksəkliyə qaldıra bilib. Azərbaycan cəmiyyətinin yaratdığı hüquqi normalardan yararlanan və bu prinsiplər əsasında dünyaya qapı açan Mehriban xanım Əliyeva ictimai-siyasi, mədəni, sosial proseslərdə fədakarlıq nümunəsini göstərir. Sözsüz ki, Onun prinsipiallığı, qətiyyəti yaşadığı mühit - ocaq və ailə ilə bağlıdır. Xeyir əməllər sahibi kimi 1995-ci ildə yaradılan Azərbaycan Mədəniyyətinin Dostları Fondu Mehriban xanımın Azərbaycan xalqının dünya mədəniyyətinə inteqrasiya olunması, yeni beynəlxalq əlaqələrin yaradılması baxımından həyata keçirdiyi ideyaları özündə cəmləşdirir. Maarifçilik ideyaları ilə çıxış edən daha geniş bir aspektdə humanizm prinsiplərini gerçəkləşdirməyə çalışan Mehriban xanım Əliyeva Azərbaycanda mövcud olan sosial məsələlərin həlli yönümündə öz bacarıq və iradəsini ortaya qoyaraq, daha geniş şəkildə fəaliyyət göstərdi. Ulu Öndər Heydər Əliyev ideologiyasını davam etdirmək və prinsipləri gerçəkləşdirmək üçün Heydər Əliyev Fondunun yaradılması Onun çoxsaylı layihələrinə imza atdı. "Yeniləşən Azərbaycana yeni məktəb" Proqramına uyğun olaraq Azərbaycanın bir sıra rayon və kəndlərində yeni məktəb binalarının inşa, təmir və bərpa olunaraq istifadəyə verilməsi bu görülən işlərin davamı olaraq reallaşır. Belə ki, məktəblər müasir avadanlıqlarla təchiz edilərək, dünya standartlarına uyğun qurulur ki, bu da təhsilin keyfiyyətinə müsbət təsirini göstərməkdədir.
Mərhəmət bəzən çətin və məsuliyyətli qərar qəbul etməyi tələb edir
Çoxşaxəli fəaliyyət və reallaşan əməllər Mehriban Əliyevanın ismini qarşısına ən gözəl məfhumları həkk edib. Düzgün qərar qəbul etmək bacarığı ilə heyrət doğuran Mehriban xanım Əliyeva tariximizə parlaq səhifələr yazıb.
Nəciblik, xeyirxahlıq, fədakarlıq, mətinlik, qayğıkeşlik və insanpərvərlik nümunəsinə çevrilən Birinci Xanımın ölkəmizin ictimai-siyasi və mədəni həyatında rolu və əməyi danılmazdır. Qeyd edək ki, Milli Məclisin deputatı olduğu zaman məsafəsində Mehriban xanım Əliyevanın imzası ilə Milli Məclisə təqdim edilmiş amnistiya təşəbbüsləri də cəmiyyətimizdə geniş rezonans doğurmuş və Mehriban xanımın humanizm prinsiplərinə sadiqliyini təsdiq etmiş oldu. Onun təşəbbüsü ilə hazırlanmış Amnistiya Aktları 2007, 2009, 2013 və 2016-cı illərdə Milli Məclis tərəfindən qəbul olunmuş, nəticədə, ümumilikdə, 30 mindən çox məhkum müxtəlif növ cəzalardan azad edilmişdir. "Hər bir cəmiyyətdə mərhəmət, insanpərvərlik, qayğı kimi hisslər əsas yer tutmalıdır. O cəmiyyətdə ki, həm dövlət qurumları, həm vətəndaş cəmiyyəti, məhz bu prinsiplər əsasında həm öz həyatını, həm öz fəaliyyətini qurur, o cəmiyyət inkişaf etmiş, uğurlu cəmiyyətdir. Mərhəmət təkcə çətinliyə düşən insanlara yardım əlini uzatmaq deyil. Mərhəmət bəzən çətin və məsuliyyətli qərar qəbul etməyi tələb edir", - deyir Mehriban xanım Əliyeva.
Bir zamanlar ermənilərin vəhşicəsinə dağıtdığı, tövləyə çevirdiyi müqəddəs dini məkanlarımız yenidən dirçələcək
Azərbaycanın qadın hərəkatında güclü dövlət, ədalətli cəmiyyət və azad qadın anlayışı bir-birinə möhkəm tellərlə bağlanaraq, sosial-mədəni inkişafımızın aparıcı qüvvəsinə çevrilir.Mehriban xanım Əliyeva Azərbaycan qadını obrazını, artıq dünyada yarada bilib. Dünyanın ən nüfuzlu mükafatlarının daşıyıcısı olan Mehriban xanım Əliyeva gördüyü şərəfli işlərin müqabilində bu nüfuza malikdir.
Belə bir missiyanı üzərinə götürən və yorulmadan çalışan Mehriban xanımın fəaliyyət dairəsi daim diqqətdədir və hər bir azərbaycanlı bu görülən işlərdən qürur duyur, xalqın bir nümunəvi Xanımı kimi xarakterizə olunur. Belə bir ömrü yaşayan Mehriban xanım Əliyeva siyasi fəaliyyəti, həm də bir qadın və bir ana kimi həyata keçirdiyi xeyriyyəçilik əməlləri, qayğıkeşlik nümunələri diqqətdən kənarda qalmır. Son dövr hadisələrində biz bunun bir daha şahidinə çevrildik. Heydər Əliyev Fondunun təşəbbüsü ilə Qarabağın tarixi şöhrətinin yenidən bərpası üçün yeni layihələr həyata keçirilir. Qarabağda keçirilən beynəlxalq tədbirlər, Şuşada Xarıbülbül festifalı və s. Mehriban Əliyevanın həyata keçirdiyi tədbirlər sırasındadır. Artıq Heydər Əliyev Fondu qədim Qarabağ torpağında dini abidələrimizin, məscidlərimizin bərpası üzrə layihəyə reallaşdırır. «Bir zamanlar ermənilərin vəhşicəsinə dağıtdığı, tövləyə çevirdiyi müqəddəs dini məkanlarımız yenidən dirçələcək və bütün Qarabağ ərazisindəki məscidlərimizdə azan səsləri eşidiləcək, dualar oxunacaqdır!" – deyə Mehriban xanım bildirib.Cəmimi hisslər, səmimi münasibət, səmimi görüşlər Mehriban xanım Əliyevanı insanlara daha da yaxınlaşdırır. Xalqın ən çətin və şad günündə onlarla fikirlərini paylaşan Mehriban Əliyevanın "Sizin Mehriban" ifadəsi onunla isti münasibətin daha da sıx olmasına səbəb olub. Mehriban xanım bütün fəaliyyəti dövründə xalqın maraqlarını əsas götürərək, ictimai, sosial layihələri ilə öz ətrafında böyük imic formalaşdırıb. Böyük Qayıdışın möhtəşəm olacağına əminik və bu işdə Mehriban Əliyevanın payı müstəsna olacaqdır. Artıq bu işlərin ilkin addımlarını və reallaşan layihələri görürük. Heydər Əliyev Fondu məscidlərin təmirini öz üzərinə götürüb. Heydər Əliyev Fondunun dəstəyi ilə bürüncdən hazırlanan M.P. Vaqifin büstü öz əvvəlki yerinə qaytarılıb. Görülən işlər kifayət qədərdir. Damarlarında azərbaycanlı qanı qövr edən Böyük Ziyalının işığında Azərbaycanın hər bir bölgəsində əməyini, layihələrini görürük. Bu hər kəsi qürurlandırır.
Məslək yoldaşı və silahdaş
Azərbaycan Prezidenti İlham Əliyevlə birgə Birinci vitse-prezidenti kimi işğaldan azad olunmuş ərazilərimizə səfəri gördüyü işlərin xalqa və vətənə xidmət nümunəsi olaraq bir daha təsdiqidir. Son illərin tarixi gerçəkliklərinə nəzər salsaq görərik ki, O, həqiqətən də xalqla birgə yaşayır. Vətən müharibəsi dövründə bunun bir daha şahidinə çevrildik. "Azərbaycan xalqı öz Prezidentinə inanır və əmindir ki, Prezident nəyi necə, nə vaxt etmək lazım olduğunu bilir", - deyən Mehriban Əliyeva bildirib ki, buna görə də biz bütün hərəkətlərimizdə və fəaliyyətimizdə həmişəkindən daha çox həmrəyik: "Şübhəsiz, bizim əsgərlərimiz bu dəstəyi hiss edirlər. Bilirlər ki, onların arxasında bütün Azərbaycan xalqı dayanır".Mehriban xanım Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ömür-gün yoldaşı olmaqla yanaşı, onun məslək yoldaşı və silahdaşıdır. Hər zaman bərabər addımlayan ehtibarlı silahdaş. Qarabağ torpaqlarının erməni işğalından azad olunması yolunda 44 günlük müharibədə Mehriban Əliyeva hər qələbə sevincini xalq ilə birgə yaşadı. Şəhid analarının kədərini bir ana kimi yaşadı, şəhid anaların yanında oldu, onlara təsəlli verdi. Qazilərimizə mərhəmət əlini uzatdı.
Ürəyi daima şəhid analarının ürəyi ilə döyündü, onların göz yaşı onun göz yaşı oldu. O, müqəddəs Ana şəfqəti ilə qəhrəman Qazilərimizin yarasına məlhəm oldu. Nəcib əməllər sahib olan Mehriban Əliyeva ölkə həyatında baş verən hadisələrə həssaslıq və qayğı ilə, diqqətlə yanaşır. Bu, onun həm Ana kimi, həm də ictimai xadim kimi böyük ürəyinin hökmü, vəzifə məsuliyyətindən doğan iradəsi və qətiyyətidir.
Nəzakət ƏLƏDDİNQIZI