“Hazırda Rusiyanın Azərbaycanla Ermənistan arasında regional kommunikasiyaların açılması ilə bağlı keçirilən danışıqlarda moderatorluğunu nəzərə alsaq, Moskvanın erməni separatçılarını Çin istehsalı PUA-larla təmin etməsi bir qədər sağlam məntiqdən uzaq görünür”. Bu fikirləri “Səs” qəzetinə açıqlamasında politoloq Elşən Manafov deyib.
Onun sözlərinə görə, Rusiya Ukraynaya qarşı müharibədə, daha doğrusu, Qərbə qarşı cəbhədə PUA-ya olan ehtiyacların İranın istehal etdiyi PUA-larla ödəyir: “Daha sonra Rusiyanın özündə PUA istehsal edən müəssisənin əsası qoyuldu. Prezident Vladimir Putinin açıqlamalarını nəzərdən keçirsək görərik ki, Rusiyanın artıq istənilən məsafədən düşmən mövqelərinə zərbə endirən və yüksək texnoloji keyfiyyətlə təmin edilən müasir PUA-ları var. Əgər Rusiya İrəvanın PUA-ya olan ehtiyacını qarşılasa idi, təbii ki, özünün istehsal etdiyi dronları Ermənistana verərdi. Eyni zamanda Çin NATO-nu əmin edib ki, Pekin münaqişə tərəflərdən heç birini silah təchiz etməyəcək. Bununla yanaşı, Pekin Rusiya-Ukrayna münaqişəsində özünü vasitəçi kimi göstərməyə çalışır. Hətta Çin Xalq Respublikasının XİN rəhbərliyi bu münaqişənin nizamlanması üçün özünün təkliflərini irəli sürüb. Çinin iki slavyan dövləti arasında müharibə ilə bağlı mövqeyini baxışdan keçirsək, Pekin Rusiyaya heç bir PUA ixrac etmir”.
E.Manafov onu da bildirdi ki, “EU Reporter” və digər xarici mətbuatlarda Rusiyanın Qarabağ siyasəti ilə bağlı dərc olunan məlumatlar yalnız dezinformasiya xarakter daşıyır: “ Hesab edirəm ki, buna heç bir şübhə yoxdur. Hazırda Avropa İttifaqının və ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində vasitəçilik təşəbbüsünün əsas məqsədi Rusiyanın sülh danışıqlarında təsir imkanlarını məhdudlaşdırmaqdır. O ki qaldı bu kimi dezinformasiya xarakterli məlumatların Azərbaycan-Rusiya münasibətlərinə mənfi təsir göstərməsinə, nə Qərb, nə də onun havadarları öz məqsədlərinə nail olmayacaqlar. Çünki hər iki ölkənin münasibətləri güclü dayaqlara əsaslanır və hər iki ölkə kəşfiyyat məlumatlarına malikdir. Təəssüf ki, Azərbaycanda ictimai rəyə təsir etmək üçün bu kimi saxta məlumatlar yayırlar. Azərbaycanda bəzi yerli xəbər portalları Ukraynadakı müharibə ilə bağlı saxta və yalan məlumatların yayılmasına üstünlük verirlər. Əsas məqsəd də Rusiyanı təcavüzkar qismində göstərmək, Ukraynanı məsum quzu kimi təqdim etməkdir. Həmin portalların Qərbdən maliyyə dəstəyi almasına isə şübhə etmirəm”.
GÜLYANƏ