“Ermənistanın son zamanlar xarici təsir dairələrinin, bölgədə sülh istəməyən güclərin də təşviqi ilə intensivləşən təxribatlarına, davamlı olaraq mövqelərimizi atəşə tutmalarına rəğmən, Azərbaycan maksimum səbirli davranır və sülh danışıqlarının pozulmaması üçün ardıcıl cəhdlər göstərir.
Xarici işlər naziri Ceyhun Bayramovun ötən gün verdiyi bir açıqlama da bunun əyani təsdiqidir. “Ermənistanla Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət əsasında normallaşma prosesi üçün perspektivlər açılıb”. Azərbaycanın xarici işlər naziri C.Bayramov bu bəyanatı Birləşmiş Krallığa işgüzar səfəri çərçivəsində Xəzər Siyasət Mərkəzi tərəfindən təşkil edilmiş konfransda səsləndirib”. Bunu “Alyans” strateji araşdırmalar mərkəzinin sədri, siyasi ekspert Abutalıb Səmədov "Səs" qəzetinə açıqlamasında deyib.
Onun sözlərinə görə, sülh danışıqlarına mane olmaq üçün hər dəfə yeni yollar axtaran Ermənistan hakimiyyəti son bir ildə uzun müddət “sülh sazişi”nin imzalanmasına mane olan əsas əngəlləri qaldırmaq məcburiyyətində qaldı: “Baş nazir N.Paşinyan əvvəlcə Avropa Siyasi Birliyinin Praqa sammitində, sonra Soçi görüşündə Azərbaycanın Qarabağ üzərində suverenliyini tanıdığını öz imzasıyla təsdiq etdi. Üstəlik, həmin sənədlərə o təklikdə deyil, öz əsas havadarları-Fransa və Rusiya prezidentləri ilə birlikdə imza atdı. Ermənistan lideri bununla kifayətlənməyib açıq şəkildə Qarabağ ermənilərinin nəzərinə çatdırdı ki, kifayət qədər çətin durumda olan respublika üzərinə əlavə yük götürmək və onları əvvəlki kimi müdafiə etmək iqtidarında deyil. Onu da əlavə etdi ki, sülh ermənilərin əsas gündəliyi olmalıdır, əks halda həm Ermənistan, həm də Qarabağ məhv ola bilər.
Bu günlərdə N.Paşinyan növbəti etirafını edərək, Azərbaycanın 8 kəndini qaytarmaq məcburiyyətində olduqlarını bəyan etdi və sülh sazişinin önündən daha bir əngəli götürdü.
Bəs, əsas əngəllər götürüldükdən sonra sazişin imzalanması niyə ləngiyir və çatışmayan nədir? Bu suala Azərbaycan Prezidenti aydınlıq gətirdi və söylədi ki, sülh sazişinin imzalanması üçün siyasi iradə lazımdır. Məhz Ermənistan rəhbərində siyasi iradənin olmaması sülh prosesini ləngidir. Heç kimə sirr deyil ki, erməni müxalifəti nə qədər zəif olsa da, N.Paşinyanın da əhali arasında nüfuzu son dərəcə aşağıdır. Son rəy sorğuları əhalinin yalnız 15 faizinin onu dəstəklədiyini göstərdi. Həm bu amil, həm də Rusiyanın sülh sazişini qərbin vasitəçiliyi ilə imzalamasına kəskin etiraz etməsi və belə bir addımın atılacağı təqdirdə hakimiyyət dəyişikliyinə cəhd etmək ehtimalı Paşinyanı qorxaq davranmağa məcbur edir”.
A.Səmədov onu da bildirdi ki, danışıqlar prosesində müxtəlif “yeni təkliflər”in ortaya çıxması Ermənistan rəhbərliyinin mümkün qədər vaxt qazanmaq və sazişin imzalanmasını ən azı ilin sonuna qədər uzatmaq istəyi ilə bağlıdır: “Bu məqsədlə hər dəfə Azərbaycanın qəti qəbul etməyəcəyi şərtlər irəli sürülür və danışıqlar dalana dirənir. Bir neçə gün əvvəl Ermənistan parlamentinin sədri A.Simonyan açıq şəkildə etiraf etdi ki, “Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinin beynəlxalq mexanizmlər vasitəsilə təmin olunması tələbi olmasaydı “sülh sazişi”ni 3-4 dəfə imzalamaq olardı”. Göründüyü kimi, Ermənistan bir tərəfdən Azərbaycanın Qarabağ üzərində suverenliyini qəbul etdiyini bəyan edir, digər tərəfdən onun suveren hüquqlarına müdaxilə edərək sülh razılaşmasına belə bir müddəanın salınmasını tələb edir. Ermənistanın bu cür absurd tələblərindən biri də sərhəddə və Qarabağda silahsızlaşdırılmış zonalar yaratmaq təklifidir. Bu təklif də bizim tərəfimizdən qəbul oluna bilməz. Birləşmiş Krallığa səfəri çərçivəsində beynəlxalq şirkətləri respublikamıza dəvət edən Azərbaycan Xaricı işlər nazirinin nikbinliyinin kökündə onun mövcud reallıqları dərindən bilməsi dayanır. C.Bayramov yaxşı başa düşür ki, ABŞ və müttəfiqləri uzun müddət Ermənistanın “nazı ilə oynamayacaqlar” və sülh sazişinin yaxın aylarda imzalanması üçün qəti addımlar atacaqlar”.
GÜLYANƏ