PDF Oxu

Siyasət

  • 1 599

Sülh danışıqları: açıq qalmış suallar

Sülh danışıqları: açıq qalmış suallar

Yaxud, ABŞ-ın və Fransanın aktivliyi Ermənistanın son ümid yeri olsa da...

Bu günlərdə məlum oldu ki, Ermənistan rəhbərliyi yenidən Azərbaycanın suveren ərazisinə müdaxilə məqsədli qərar qəbul edib. Daha doğrusu, Xankəndiyə maliyyə ayırmaqla Bakının səbrini tükəndirib. Məsələ həm də ondadır ki, İrəvan həmin qərarlarını elə-belə vermir, əksinə - çox yəqin ki, Ermənistan hakimiyyətinə məlum Qərb dairələri tərəfindən ayrıca sifariş verilib. Ümumiyyətlə, sülh danışıqları prosesində bu kimi məsələlərin üzə çıxması heç də Ermənistana yaxşı heç nə vəd etmir...

Cənubi Qafqaz marağı öz qüvvəsindədir...

Politoloq Fərhad Məmmədov Ermənistanın sülh danışıqları və ona bağlı proseslərin uzadılması ilə əlaqəli analitik şərhlə çıxış edib. Özünün rusdilli "mneniyafm" teleqram kanalında fikirlərini şərh edən politoloqa görə, son proseslərdən sonra Qərbin qarışqa yuvası hərəkətlənib. Belə ki, ABŞ-ın dövlət katibliyi, Pentaqon rəhbərliyi və milli təhlükəsizlik müşavirliyi səviyyəsində Ermənistan-Azərbaycan münasibətlərinə aid prosesə daxil olublar. Yəni Cənubi Qafqaz marağı öz qüvvəsindədir...

Fransa da öz prezidenti səviyyəsində özünün “beş qəpiyini” ortaya qoyur. Yunanıstan isə ümumiyyətlə, ABŞ və Fransanın çağırışı olmadan bu məsələyə qatılıb. Bunun da səbəbi bəllidir - Türkiyə faktoru.

Danışıqların ən kənar nöqtəsi

Bütün bunlarla yanaşı, müzakirə olunan gündəlik ayrı-ayrı bloklara (sülh sazişi, blokadadan çıxma, sərhəd, humanitar hissə) bölünmür, hər şey yeganə proses çərçivəsində danışılır. Belə bir situasiyanın səbəbi ondadır ki, bütün mövzular bir-biri ilə əlaqəlidir. Başqa tərəfdən isə bu mövzuların heç biri həll olunmayıb və cavabını tapmayıb. Danışıqların ən kənar nöqtəsi – ölkələrin ərazi bütövlüyü ilə bağlıdır. Lakin bu mövzu Azərbaycana aid olanda ABŞ və ATƏT-in Minsk qrupunun həmsədrləri təcavüzkar ölkəyə dəstək göstəriblər. Lakin həmin mövzu Ermənistana aid olanda hər şey dəyişildi və üzə çıxmağa başladı, hər kəs narahat oldu... Biz hər dəfə bunu onların üzlərinə vurmalıyıq.

Bu, onların maksimal danışıqlar mövqeləridir ki, zaman-zaman əriməyə başlayacaq...

ABŞ-ın və Fransanın aktivliyi Ermənistanın son ümid yeridir və bundan sonra qərarlar qəbul olunmalıdır – məhz sülh danışıqları. Əgər ümumi götürsək, Ermənistan mövcud mərhələdə özünün himayədarları və havadarları ilə Qarabağdakı ermənilər üçün hər hansı “status” almağa (hətta ərazi də yox) cəhd edir, sülh danışıqlarında Qarabağın (separatçıların) heç olmasa xatırlanmasını, eləcə də Qərbin təmsilçiliyini istəyir. Bu, onların maksimal danışıqlar mövqeləridir ki, zaman-zaman əriməyə başlayacaq...

Azərbaycanın isə mövqeyi prinsipialdır ki, Qarabağ onun daxili işidir, sülh danışıqları isə dövlətlərarası gündəmi əks etdirir.

Ermənistanla danışıqların mövcud mərhələsi bilavasitə sülh gündəmindən ibarətdir ki, bu haqda çox danışılır, lakin bununla yanaş, digər mövzulara da aydınlıq gətirilməlidir ki, onlar hələ də açıq qalıblar:

⁃ Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən tamamilə çıxarılması;

⁃ Ermənistandan gələn infrastruktur və təminat fəaliyyətlərinin reqlamentasiyası, yaxud onların bağlanması;

⁃ Qarabağ erməniləri üzərində qanunsuz hakimiyyət quran Ermənistanın oradakı xuntaya ayırdığı hərbi maliyyədən imtinası...

Mövcud mövzular situasiyanın dəyişilməsi nöqteyi-nəzərindən əhəmiyyətlidir. Belə ki, bizlər bir sıra sənədlərin imzalanmasının şahidləri olmuşuq ki, sonradan onlara əməl olunmayıb.

Nəticədə həm də belə qənaətə gəlmək olar: İrəvan artıq Bakının səbir kasasını doldurub və istər Qərb dairələri olsun, istərsə də Ermənistanın digər havadarları olsun - onların heç bir cəhdləri Azərbaycanın suveren ərazilərində keçməyəcək. Əksinə, Azərbaycan bütün müvafiq addımlarını ataraq suveren ərazilərinin təhlükəsizliyini əlində olan bütün imkanları ilə tətbiq edəcək.

Afət Tahirqızı

Digər xəbərlər