Müasir dövrdə Azərbaycan Respublikasını Pakistanla qırılmaz şəkildə bağlayan uzun tarixi keçmişə söykənən tarixi, mədəni və etnik bağlardır. Pakistan İslam Respublikası Azərbaycan Respublikasının dövlət müstəqilliyini 12 dekabr 1991-ci ildə tanıyaraq bu addımı atan ilk dövlətlər sırasına düşmüşdür. İki ölkə arasında diplomatik əlaqələr 9 iyun 1992-ci il tarixində yaradılmış, 1993-cü il martın 12-də isə Pakistanın Azərbaycanda səfirliyi açılmışdır. Bu gün tam əminliklə demək olar ki, Pakistan Azərbaycanın Türkiyədən sonra dünyadakı ikinci əsas strateji müttəfiqidir. İki ölkə arasında həm ikitərəfli, həm də çoxtərəfli intensiv münasibətlər mövcuddur. İndiyədək hər iki ölkə BMT, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq, regional qurumlarda eyni mövqedən çıxış edib, Kəşmir və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ problemlərinə eyni mövqedən yanaşıb və bu münaqişələrin beynəlxalq hüquq normaları çərçivəsində həllinə tərəfdar olduqlarını bildiriblər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cari ilin 15 iyun tarixində Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycana rəsmi səfəri ilə əlaqədar mətbuata verilmiş bəyanatda deyib: “Pakistan işğal dövründə Azərbaycana dəstək verib və 44 günlük Vətən müharibəsi zamanı da bizə güclü dəstək göstərib. 44 günlük müharibə dövründə Türkiyə və Pakistan bizimlə bir yerdə idi”. Həmçinin prezident vurğulayıb ki, Pakistan Ermənistan ilə diplomatik münasibətlər qurmayan ölkədir və bu, məhz işğal səbəbindən baş vermişdir.
Hal-hazırda Azərbaycan Respublikası ilə Pakistan arasında mövcud olan dostluq və qardaşlıq münasibətləri hər iki dövlətin və xalqlarının çoxistiqamətli mənafelərini ifadə etməkdədir. Hər iki dövlət arasında mövcud olan yüksək səviyyəli siyasi münasibətlər xalqlar arasındakı inteqrasiyanın da güclənməsi zərurətini ortaya qoymaqdadır. Həmçinin hər iki dövlətin elm və təhsil sahəsindəki əməkdaşlıq imkanlarının reallaşması da inteqrsiya prosesinə təkan verən amillər sırasındadır.
Tağı İmamverdiyev
YAP Ağstafa rayon təşkilatının məsləhətçisi