Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin Bakıya səfəri həm ikitərəfli münasibətlər, həm də bütövlükdə Avrasiyada proseslərin inkişafı baxımından əhəmiyyətlidir. Məhəmməd Şahbaz Şərifin səfəri həm də Pakistanın Azərbaycanla strateji tərəfdaşlığı daha da inkişaf etdirmək, ölkələrimiz arasında hərbi, təhlükəsizlik, iqtisadi sahələrdə əməkdaşlığı dərinləşdirmək mövqeyini bir daha nümayiş etdirdi. Səfər çərçivəsində Prezident İlham Əliyev və Baş nazir Məhəmməd Şahbaz Şərif mətbuata bəyanatlarla çıxış ediblər.Qeyd edək ki, Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk ölkələrdən biri Pakistandır. Bu əlamətdar hadisə 1991-ci ilin dekabrın 12-də baş verib. İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin iyunun 9-da qurulub. Pakistanın Bakıda səfirliyi 1993-cü ilin martın 12-də, Azərbaycanın İslamabadda səfirliyi isə 1997-ci ilin avqustun 24-də təsis edilib. Pakistan Azərbaycanın suverenliyini və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü daim dəstəkləyib, Ermənistanın təcavüzünü hər zaman pisləyib. Əlbəttə, bu böyük mənəvi dəstək Baş nazirin Bakıya səfəri zamanı bir daha qeyd olundu. Prezident İlham Əliyev mətbuata bəyanatında dedi: “Pakistan Ermənistan ilə diplomatik münasibətlər qurmayan ölkədir və bu, məhz işğal səbəbindən baş vermişdir. Bu isə qardaş ölkə mövqeyidir, buna görə mən minnətdaram”.Məhəmməd Şahbaz Şərif isə bu xüsusda bildirdi: “Pakistan hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişdir. Biz Qarabağ üzərində Azərbaycanın hüququnu hər zaman birmənalı dəstəkləmişik. Sizin Ordunuz çox cəsarətlə döyüşərək Qarabağı azad etmişdir, ölkənizin ərazi bütövlüyünü bərpa etmişdir. Pakistan Azərbaycanı hər zaman dəstəkləmişdir. Bu, bizim qardaş olaraq vəzifəmiz, borcumuz idi və biz bunu həyata keçirdik. Məmnunam ki, Ermənistanla sülh sazişi üzərində artıq danışıqlar gedir. Bildiyiniz kimi, Pakistan Ermənistanla diplomatik münasibətlər qurmayan bir neçə ölkədən biridir və bu, bizim mənəvi öhdəliyimizdir. Siz yalnız Ermənistanla sülh sazişini imzalayandan sonra bizə bir mesaj versəniz, bu məsələyə yenidən baxa bilərik. Bu məsələdə də biz birmənalı olaraq Azərbaycanı dəstəkləyirik”.
Prezident İlham Əliyevin xarici siyasətində Pakistanla əməkdaşlığı xüsusi istiqamət kimi qeyd etmək olar və dövlət başçısının zamanında irəli sürdüyü təşəbbüslər, tərəfdaşlığın möhkəmləndirilməsi ilə bağlı atdığı addımlar ikitərəfli əlaqələrin möhkəm təməlini qoyub. Azərbaycanın xarici siyasətində, ölkəmizin xüsusən müdafiə və təhlükəsizlik potensialının gücləndirilməsində İslamabad xüsusi önəm kəsb edir. Pakistanın Baş nazirinin budəfəki səfəri göstərdi ki, bu əməkdaşlıq zamanın sınağından uğurla çıxıb və ölkələrimizin maraqlarını əks etdirir. İkitərəfli əlaqələr hər iki ölkənin strateji dəyərini artırır, regional və qlobal müstəvidə mövqelərini möhkəmləndirir. Pakistanın Baş nazirinin, həmçinin bundan əvvəl İsrail və Türkiyə prezidentlərinin səfərləri 44 günlük Vətən müharibəsində mərkəz Azərbaycan olmaqla, şərti olaraq “Qarabağ alyansı” adlandıra biləcəyimiz rəsmi Bakının müttəfiqlərinin mövqeyini, dəstəyini bir daha dünyaya bəyan etdi. Prezident İlham Əliyev ölkəmizlə Pakistan arasındakı hərbi əməkdaşlığın bundan sonra daha da dərinləşdirilməsi ilə bağlı açıqlama verdi ki, bu da böyük əhəmiyyətə malikdir. Ümumilikdə Azərbaycanın Pakistan kimi müasir silahlara və hərbi siyasətə malik olan bir ölkə ilə əməkdaşlığı inkişaf etdirməyi çox vacibdir.
Emilya Rəhimova
Ağstafa rayon Mərkəzi Kitabxana Sisteminin əməkdaşı