2023-cü ilin 15 iyun tarixi Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycana rəsmi səfəri, Prezident İlham Əliyevin və Baş nazir Məhəmməd Şahbaz Şərifin mətbuata verdikləri bəyanatla yadda qaldı.Cənab Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan və Pakistan münasibətləri iki qardaş ölkə arasında olan münasibətlərdir. Ölkələrimiz arasında münasibətlər birgə tarix, mədəniyyət, din, həmrəylik və qarşılıqlı dəstək üzərində qurulub.Önəmli amil odur ki, Pakistan işğal dövründə Azərbaycana dəstək verib və 44 günlük Vətən müharibəsi zamanı da bizə güclü dəstək göstərib.Qardaş ölkənin mövqeyindən söz açan ölkə rəhbəri vurğuladı ki, Pakistan Ermənistan ilə diplomatik münasibətlər qurmayan ölkədir və bu, məhz işğal səbəbindən baş vermişdir.Çıxış zamanı ölkə rəhbəri qeyd etdi ki, Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasının perspektivləri var. Sadəcə olaraq, Ermənistan siyasi iradə nümayiş etdirməlidir və artıq rəsmi olaraq bəyan etdiklərini kağız üzərində həkk etməlidir ki, Qarabağ Azərbaycandır. Azərbaycan Pakistanı Kəşmir məsələsində hər zaman dəstəkləyib. Bu dəstək davam edəcəkdir. Biz bütün beynəlxalq təşkilatlarda bu dəstəyi və həmrəyliyi nümayiş etdiririk. Qarşılıqlı dəstək bizim ölkələri və xalqları daha da yaxınlaşdırır.Hərtərəfli dəstəkdən danışan dövlət başçısı söylədi ki, 44 günlük müharibə dövründə Türkiyə və Pakistan bizimlə bir yerdə idi. Perspektiv əməkdaşlıq istiqamətlərinə toxunan ölkə başçısı bildirdi ki, artıq Azərbaycandan bir neçə nümayəndə heyəti Pakistana səfər edəcəkdir. Biri ticarət və sərmayə məsələsi, növbəti nümayəndə heyəti enerji məsələsi ilə məşğul olacaq, üçüncüsü isə müdafiə sənayesi sahəsində əməkdaşlığı nəzərdən keçirəcəkdir. Enerji sahəsində böyük perspektivlər var. Şəhərlərimiz arasında uçuşların sayı artacaq. Birgə ticarətin həcmi artacaqdır. Bu istiqamətdə anlaşma memorandumu imzalanacaq və məhsulların siyahısı üzərində işlər aparılacaqdır.Cənab Prezident onu da vurğuladı ki, təhsil sahəsində əməkdaşlığın böyük potensialı var. Bu gün Azərbaycanda Pakistandan olan 750 tələbə təhsil alır və bu prosesin necə sürətlə getdiyinə baxsaq görərik ki, ötən il sadəcə 100 tələbə təhsil alırdı. Eyni zamanda, Pakistanda təhsil alan azərbaycanlılar da var. Bu gün onlar müxtəlif sahələrdə təhsil alaraq, qayıdıb ölkəmizə töhfələrini verirlər. Bu əməkdaşlıq həm də müdafiə sənayesi sahəsində də genişlənməlidir. Birgə hərbi təlimlərin sayının artırılmasına ehtiyac var. Çünki dünyada vəziyyət dəyişir, qeyri-sabitlik nöqtələri artır, ona görə də güclü hərbi potensial müstəqilliyin və ərazi bütövlüyünün qarantıdır. Azərbaycan 30 il ərzində Ermənistanla danışıqlarda iştirak edirdi və bu danışıqlar heç bir nəticə vermədi. Yalnız bizim hərbi gücümüz və Azərbaycan Ordusunun əzmi ərazi bütövlüyümüzü bərpa etdi. Bu, danışıqlar və ya hər hansı bir vasitəçilik hesabına baş vermədi. Ərazi bütövlüyümüzü bərpa etdik, torpaqlarımızı 3 min övladımızı şəhid verərək döyüş vasitəsilə aldıq. Beynəlxalq hüquq selektiv şəkildə tətbiq edilir. BMT Təhlükəsizlik Şurasının bəzi qətnamələri icra edilir, digərləri yox.Cənab Prezident hər iki ölkənin daim bir-birinin yanında olduğunu qeyd edərək dedi ki, Pakistan və Azərbaycan hər zaman çiyin-çiyinə dayanan ölkələr olubdur. Paytaxtımızın müxtəlif yerlərində Pakistan bayraqlarını görə bilərsiniz. Bu, İkinci Qarabağ müharibəsi dövründə asılmış bayraqlardır. İki il yarım bundan öncə müharibə başa çatsa da, burada Pakistan bayraqları hələ də dalğalanır. Bu, xalqımızın münasibətidir və biz eyni münasibəti Pakistan xalqından da görürük.Ümumiyyətlə, Azərbaycan,Türkiyə və Pakistanın strateji əməkdaşlığı İslam dünyası üçün önəmli bir nümunədir.
Nazim Bünyatov,
YAP Ağcabədi rayon təşkilatının sədr müavini