Hələ sağlığında Azərbaycan xalqının Ümummilli Lideri adını qazanmış görkəmli şəxsiyyət, dünyamiqyaslı siyasətçi Heydər Əliyevin Azərbaycanın müstəqil dövlət kimi mövcud olması və inkişafında müstəsna rolu vardır. Onun əziz xatirəsi Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan şəxsiyyət kimi qalmışdır. O, milyonlarla insanın qəlbində özünə yer tapan milli iftixarımız, şəxsiyyəti ilə qürur duyduğumuz, həmişə istinad etdiyimiz, sözün həqiqi mənasında, ən böyük azərbaycanlı idi.
Heydər Əliyev Azərbaycanın ağır böhranlara düçar olduğu bir dövrdə II dəfə siyasi hakimiyyətə qayıtdığı illərdə həyata keçirdiyi uzaqgörən daxili və xarici siyasət, ölkəmizi düşdüyü bəlalardan çıxarmağa hesablanmış idarəçilik üsulu tezliklə öz bəhrəsini verməyə başladı.
1993-cü ildə müstəqil Azərbaycan Respublikasının Prezidenti seçilən Heydər Əliyev qısa bir müddət ərzində ölkədə böyük dönüş yaratdı. Dünyanın aparıcı dövlətləri, beynəlxalq təşkilatları ilə qurulan yeni münasibətlər Azərbaycana yeni nəfəs verdi. Ən çətin anlarda belə, Heydər Əliyev yenilməz siyasi iradə nümayiş etdirdi, milli dövlətçiliyin, milli mənafelərin ifadəçisi kimi antiazərbaycan, antimilli qüvvələrin qarşısında sipərə çevrildi.
Heydər Əliyev uzaqgörən və ağıllı siyasətçi kimi nəyi nə zaman və necə etməyi, vəziyyətə müvafiq olaraq addım atmağı zərgər dəqiqliyi ilə bacarırdı. O mahir şahmat qroysmesteri kimi şahmat terminində desək, yeganə gedişlərlə Azərbaycanı məhvolma təhlükəsindən uzaqlaşdırmağa nail oldu.
Ulu Öndər bütün sahələrə diqqət ayırdığı kimi Azərbaycanın görkəmli ziyalıları və incəsənət xadimlərinə böyük diqqət verirdi.
Bu nöqteyi-nəzərdən Azərbaycanı dünyada tanıdan Müslüm Maqomayevə Ulu Öndər həmişə böyük hörmət, diqqət və qayğı ilə yanaşmışdır.
Təsadüfü deyildir ki, 19 oktyabr 1997-ci il tarixdə Müslüm Maqomayevin yubiley gecəsində iştirak edən Ümummilli Lider Heydər Əliyev çıxışında demişdir: “Müslüm Maqomayev nadir və bənzərsiz müğənnidir, Allah vergisidir, ancaq eyni zamanda özünün gərgin, yorulmaq bilməyən zəhməti ilə cilalanmış istedaddır. Onu fərqləndirən bir cəhət də istedadının çoxşaxəli olmasıdır. Onun gözəl səsi, əla ifa texnikası var. O, gözəl oxuyur, musiqi alətlərində gözəl çalır, çoxlu gözəl mahnılar bəstələyib. Gözəl şəkil çəkməsinə, heykəltəraşlıq istedadına gəldikdə, bu da məlumdur. Görün, bir insanda nə qədər çoxşaxəli, böyük istedad cəmləşibdir. Sevinirik ki, bizim Azərbaycanın belə övladı, Azərbaycan musiqisinin, Azərbaycan incəsənətinin belə layiqli nümayəndəsi var və indiyədək olduğu və getdiyi bütün dünya ölkələrində özünü və bizim mədəniyyətimizi, musiqimizi və xalqımızı şöhrətləndirir”.
Müslüm Maqomayev təkcə Azərbaycanda deyil, Sovetlər birliyində, eləcə də bütün dünyada tanınan və sevilən bir müğənni idi. Onun Azərbaycana həsr etdiyi mahnı ölkəmizi bütün dünyada tanıtmışdır.
2002-ci ilin sentyabr ayının 6-da Müslüm Maqomayevin 60 illik yubileyi ilə əlaqədar Ulu Öndər tərəfindən ona “İstiqlal” ordeni təqdim edərkən demişdir: “Müslüm çox mahnılar yaratmışdır, yəni o, özünü bəstəkar kimi də gözəl tanıtmışdır. Ancaq onun ən görkəmli mahnısı Azərbaycana həsr etdiyi mahnıdır. Bu mahnı Azərbaycanın himni kimi səslənir.”
Müslüm Maqomayevin ifasında səslənən Azərbaycan mahnısı Ulu Öndər Heydər Əliyevin ən çox sevdiyi mahnı idi.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də Müslüm Maqomayev yaradıcılığına həmişə böyük dəyər vermişdir. Bu dahi sənətkar vəfat edəndə onun nəşinin gətirilərək Bakıda dəfn edilməsi Müslüm Maqomayevin yaradıcılığına verilən yüksək qiymətin təzahürüdür. Cənab Prezidentin təşəbbüsü ilə Bakı şəhərində Dənizkənarı bulvarda dahi sənətkara abidə qoyulması təkcə Müslüm Maqomayevin xatirəsinə olan hörməti ifadə etmir, eyni zamanda musiqiçi və incəsənət xadimlərinə verilən dəyərdir.
Nazim Bünyatov
YAP Ağcabədi rayon təşkilatının sədr müavini
Əksər amerikalılar buna inanır. Amerika Birləşmiş Ştatları Prezidentindən narazılıq Respublikaçılara zərbə vura bilər...